İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarşımıza PAOK-u məğlub etmək vəzifəsi qoyulub"

731 25.11.2015 17:04 Son xəbər A A
"Qəbələ"nin futbolçusu Rikardinyo Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində PAOK-la keçiriləcək oyunöncəsi Qol.Az-ın Yunanıstana ezam olunmuş əməkdaşının suallarını cavablandırıb.

- PAOK-la oyuna hazırlıq necə gedir?

- Artıq bir həftədir bu matçın hazırlığına başlamışıq. Oyunöncəsi son məşqimizi burada keçirəcəyik. Yaxşı hazırlaşmışıq. 

- Komandada ab-hava necədir?

- Yaxşıdır. Baxmayaraq ki, qrupda çətin vəziyyətdəyik. Qarşımıza PAOK-u məğlub etmək vəzifəsi qoyulub. İnanıram ki, bunun öhdəsindən gələcəyik.

- "Qəbələ"nin az da olsa qrupdan çıxmaq şansı var. Lakin komanda PAOK-u məğlub etməklə yanaşı, digər oyunda "Borussiya"nın "Krasnodar"a qalib gəlməsinə ümid etməlidir. Qarşıdakı iki görüşdən  nə gözləmək olar?

- Bir qədər qəliz vəziyyətdir. Çünki həm "Borussiya", həm də "Krasnodar" qələbəyə oynayacaq. Bizə ancaq Dortmund təmsilçisinin qələbəsinə ümid etmək qalır. Biz də öz növbəmizdə PAOK-u məğlub etməliyik. Əgər bunu bacarsaq, qrup səddini aşmaq uğrunda mübarizəmizi davam etdirəcəyik.

- PAOK-la artıq Bakıda qarşılaşmısınız və rəqib haqda müəyyən məlumatınız var. Bu komandanı Avropa Liqasının pley-off mərhələsində qarşılaşdığınız Yunanıstanın digər klubu "Panatinaikos"la necə müqayisə edərdin?

- Yaxşı sualdır. Amma bu iki komandanı müqayisə etmək çətindir. Çünki hər ikisi güclü və fərqli heyətə malik komandalardır. Həm "Panatinaikos"la, həm də PAOK-la Bakıda 0:0 bərabərə qaldıq. PAOK-la oyunda qol vurmaq imkanlarımız olsa da, bundan yararlana bilmədik. Səfərdə rəqibi məyus etməyə çalışacağıq. Ümumiyyətlə, bu iki komanda arasında elə də böyük fərq görmürəm.

- Yeri gəlmişkən, "Panatinaikos"la matçın qəhramanı olan Dodo PAOK-la oyunda iştirak etməyəcək. Onun yoxluğu oyununuza nə dərəcədə təsir göstərəcək?

- Dodo komanda üçün önəmli futbolçudur. Təbii ki, PAOK-a qarşı oynasaydı, yaxşı olardı. Təəssüf ki, o, zədə səbəbindən komandaya kömək edə bilməyəcək. Lakin komandada kifayət qədər güclü futbolçular var. Sabah meydana çıxacaq futbolçular Dodonun yoxluğunu hiss etdirməməyə çalışacaq.

- Yunanıstan klubları hər zaman çılğın azarkeşləri ilə seçilir. Belə təzyiq qarşısında oynamaq sizi qorxutmur?

- Bəli, bu haqda eşitmişəm. Onlar azarkeşləri nəinki beynəlxalq oyunlarda, eləcə də daxili çempionat görüşlərində çox aqressiv olurlar. Bu da yəqin onların yaşadığı mühitdən, iqlimdən və ya mədəniyyətdən irəli gəlir. Rəqib azarkeşlərin təzyiqi bizi qorxutmamalıdır. Komanda olaraq oyuna köklənməliyik. Düşünürəm ki,  azarkeşlər də Avropa Liqasının oyunundan daha çox zövq almalıdırlar. 

- Son olaraq komandanın Azərbaycan Premyer Liqasının son turlarındakı uğursuz çıxışlarına münasibətini öyrənək. Beş oyundur qələbə qazana bilməməyinizin səbəbini nədə görürsən?

- Açığı, uğursuzluğun səbəbinin nə olduğunu bilmirəm. Hər görüşdə yaxşı oynayırıq, xeyli qol imkanlarımız olur. Ancaq sonda qələbə qazana bilmirik. Hazırda bütün diqqətimizi PAOK-la oyuna yönəltməliyik və bu matça köklənməliyik. Avroliqa görüşündən sonra yenidən Premyer Liqa oyunları haqda düşünəcəyik və daha yaxşı çıxış etməyə çalışacağıq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR