İcra başçısı Paşayevlərin adından alver edir
Xətainin İH başçısı Razim Məmmədovun Ukrayna dairəsinin yaxınlığında satdığı ərazidə qazılan özül Məhəmməd Hadi küçəsinin minlərlə sakinini işıqsız qoyub; başçı obyektin guya Paşayevlərə məxsus olduğu haqda şayiə yaydırır
Xətai rayonu, M.Hadi küçəsində “yaşıl soyqırım”ın səs-küyü bitməmiş ərazidə ara yenidən qarışıb. Ukrayna dairəsindən M.Hadi küçəsinə ayrılan yolun sağ tərəfində iri özülün qazılması yaxınlıqdakı binalarda yaşayanların əməlli-başlı başağrısına çevrilib. Özülün qazılması nəticəsində binalara verilən elektrik kabellərinin əksəriyyəti sıradan çıxıb, kanalizasiya və su xətləri dağılıb. Üstəlik sentyabrın 23-də gecədən yağan yağış suları da qazılmış iri özülə dolub. Bu da özülün ətrafındakı təhlükəsizlik zolağının uçmasına səbəb olub. Qeyd etdiyimiz kimi özül Ukrayna dairəsinə bitişik olduğundan hər an maşınların ora düşməsi ehtimalını artırır.
“Yeni Müsavat”ın əməkdaşları ərazidə olarkən orada özülün qazılması zamanı dağıdılan kommunikasiya xətlərinin kənardan aparılması üçün zəruri tədbirlərin görülməsinin şahidi olublar. Adını deməkdən çəkinən iş icraçısı özülün kimin və hansı məqsədlə qazılmasından xəbərsiz olduğunu söylədi. Dedi ki, onunla yalnız özülün qazılması zamanı sıradan çıxarılan kommunikasiya xətlərinin bərpa olunması üçün müqavilə bağlanıb. Həmin müqavilənin kimin bağladığını isə iş icraçısı deməkdən yayındı.
Ümumiyyətlə ərazidə olan hər kəs iri bir özülün kimin tərəfindən qazıması haqda sualımıza “bilmirəm, eşitməmişəm, görməmişəm” cavabını verirdi. Hadisə yerinə gələn Xətai Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Hüseyn müəllim də əməkdaşımıza özülün kim tərəfindən qazıldığını bilmədiyini söylədi: “Heç bir məlumatım yoxdur.” Ərazinin hüquqi, yoxsa fiziki şəxs tərəfindən alındığını da dəqiqləşdirə bilmədik.
Sakinlər bildirdilər ki, Xətainin icra başçısı Razim Məmmədov M.Hadi küçəsindəki boş torpaq sahələrini qanunsuz olaraq satır. Onların sözlərinə görə, sözügedən küçənin sağ və sol hissələrində torpaq sahəsi sotla yox, kvadratmetrlə satılır. İH başçısının Ukrayna dairəsinin yaxınlığındakı həmin sahəni də kvadratmetrlə satdığı deyilir. Üstəlik Razim Məmmədov guya burda Paşayevlərin obyekt tikəcəyi haqda şayiə yaydırıb ki, insanlar bundan qorxub heç yana şikayət etməsinlər. Ərazidə olarkən onu da öyrəbdik ki, əslində bu yer Razim Məmmədov tərəfindən ələ keçirilib və qazılan özülün yerində klinika tikiləcək. Sakinlərin bildirdiyinə görə, gələcəkdə yaxınlıqdakı şam ağaclarının qırılacağı təhlükəsi var.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən bildirdilər ki, problem haqda BŞİh rəhbəri Hacıvbala Abutalıbov məlumatlıdır: “Cənab başçı lazımi göstərişlərini verib ki, ətraf binaların elektrik kabelləri bərpa olunsun.” Mətbuat xidmətindən dedilər ki, qəzaya səbəb olan özüllə bağlı yaxın günlərdə araşdırmalar aparılacaq və gərəkən tədbirlər görüləcək.
Biz hadisə yerində olanda özülü qazan ekskavatorlar tez-tələsik ərazidən yığışdırıldı. İri ekskavatorları ağır tonnajlı maşınlara yükləyib ərazidən uzaqlaşdırdılar.
Ümid edirik ki, ölkənin birinci xanımının və onun qohumlarının adından sui-istifadəyə yol verən, minlərlə sakini işıqsız qoyan, indiki həssas məqamda vətəndaşları hakimiyyətdən narazı salan icra başçısı Razim Məmmədov haqda nəhayət ki, sərt tədbirlər görüləcək.
Mövzunu diqqətdə saxlayacağıq.
P.S. Yazı çapa gedərkən Bakı Şəhər İcra Hakimiyyəti ilə yenidən əlaqə saxladıq. Ordan bildirdilər ki, artıq H.Abutalıbovun göstərişindən sonra elektrik xətlərinin bərpası istiqamətində çalışmalar sürətləndirilib, avadanlıqlar gətirilib, aidiyyatı dövlət qurumlarının rəhbərlərinə işlərin sürətləndirilməsi haqda lazımı göstərişlər verilib.
E.MƏMMƏDƏLİYEV
Fotolar müəllifindir