İnsanlara hürriyət, millətlərə istiqlal!

Söküntü, toz-torpaq, səs-küy və insanlar: “Sovetski”də həyat belə davam edir - FOTOLAR, REPORTAJ

3171 06.03.2017 19:31 Reportaj A A

Vaxtı ilə “Sovetski” sakinləri evlərinin sökülməsinin əleyhinə çıxırdılar, indi isə vəziyyət dəyişib. Səbəb isə...

Artıq “Sovetski”də söküntü işləri sürətləndirilib. Küçələrin, evlərin böyük hissəsindən geriyə sadəcə torpaq təpələri və düzənliklər qalıb.

Musavat.com xəbər verir ki, ərazidə söküntü işləri sürətli şəkildə davam etsə də, sakinlər əvvəlki kimi bunu etirazla qarşılamırlar. Səbəb isə çoxunun vəziyyəti qəbullanmasıdır. Hələ də "Sovetski" yaşayanlar isə iki şeyə görə narahatdırlar.

Bəzi sakinlər qonşuluqda olan evlərin söküldüyü zaman təhlükə qarşısında qalmalarına görə narazılıq edirlər. Söküntü işləri zamanı kommunal xətlər sıradan çıxdığından, kiminin işığı, kiminin qazı, kiminin də suyu kəsilir.

"Sovetski"nin Mirzəağa Əliyev, Dilarə Əliyeva, Süleyman Rəhimov, Mustafa Sübhi, Zülfi Adıgözəlov, Abdulla Şaiq küçələrindəki evlər artıq sökülüb, ərazidə ancaq sökülən evlərin qalıqları qalıb. Tolstoy küçəsində isə söküntü davam edir. Burada hələ də yaşayan insanlar var. Söküntü işlərini aparan şəxslərin məsuliyyətsizliyi ucbatından su xətləri partlayıb. Ərazidə kiçik gölməçələr əmələ gəlməyə başlayıb. Bu səbəbdən adıçəkilən küçədə yaşayan sakinlər günlərdir su üzünə həsrət qalıblar.

Söküntü işləri zamanı qaz borularına da ziyan vurulur. Sakinlər əsasən buna görə narahatdırlar. Daha öncə də bu haqda şikayət edən sakinlərin sözlərinə görə, hər an ərazidə bədbəxt hadisə baş verə bilər: “Bizim evin ön, arxa və sağ tərəfindəki evlər sökülüb. Hətta evə bitişik mənzil də söküntüyə düşüb, növbəsini gözləyir. Bizim evlə bağlı isə bir söz demirlər. Adam buna görə narahat qalır. Evdə körpə uşaq var. Səs-küydən yata bilmir. Hava külək, hər yanda da söküntü gedir. Toz-torpaq içində qalırıq. Evi təmizləyirik, yarım saat sonra hər yan toz olur. Evdə hamını öskürək tutub. Əvvəl narazı idik. İndi öz xoşluğumuzla çıxmaq istəyirik. Ona görə yox ki verilən pul bizi qane edir, səbəb məcbur qalmağımızdır. Belə şəraitdə yaşaya bilmirik. İstəklərinə çatdılar".

Bəzi sakinlər isə burada uzun müddət qalmaqdan qorxurlar. Məsələn, "Sovetski" sakini olan Fatimə xala bizi yolda görüb, dayandı və ilk olaraq, "A bala, bizi nə vaxt köçürürsünüz" sualını verdi. Bu işlərlə bizim yox, aidiyyəti orqanların məşğul olduğunu deyəndən sonra Fatimə xala narahatlığının səbəbini dedi: "Bizim məhəllə hələ də qalıb. Bir söz deyən də yoxdur. Hər yerdə söküntü gedir. Belə şəraitdə yaşamaq çətindir. Hər dəfə bayıra çıxıb, evə qayıdandan sonra gərək çiməsən. Çünki toz içində qalırıq. Buna görə evimizə qonaq da gəlmir. İstəyirik ki, bizi də köçürsünlər. Verdikləri pula da razıyam, təki buradan çıxaq".

"Sovetski" sakini olan Abbas Quliyev isə digər sakinlərin fikrini bölüşmür. Səbəb isə iqtisadi böhrandır: "Manat dəyərdən düşüb. Bizə hər kvadratmetrə görə 1500 manat təklif edəndə olan iqtisadi vəziyyətlə, indiki vəziyyət eynidir? Yox. Hər şey bahalaşıb. Evlər baha, qida baha, kommunal baha... Hər şeyin qiymətinin artdığı bir zamanda bizə verilən kompensasiya niyə artmır? Buna görə də, mən şəxsən o pula yaxın durmuram, heç yerə də getmirəm. Deyirlər ki, kim evini təmir etdirsə, əlavə nəsə tiksə pulunu verməyəcəklər. Heç verməsinlər, lazım da deyil. Mənə 2000 manatdan pul versinlər, gəlib rahat söksünlər. Söküntüyə 20-30 polislə gəlirlər. "Sovetski"də terrorçu var? Nədən qorxurlar? Əgər camaatı razı salırsansa, deməli qorxacağın da olmamalıdır".

Məhəmməd Türkmən,
Musavat.com,
Fotolar müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR