İnsanlara hürriyət, millətlərə istiqlal!

“Siz əsl faşistsiniz” – Nazim Hikmət Bolqarıstan rəhbərliyini hansı səbəbdən sərt ittiham edib?

1681 02.03.2024 14:19 Yaxın tarix A A

 

İkinci Dünya müharibəsindən sonra sosialist düşərgəsinə daxil olan ölkələrin vətəndaşları öz gələcəklərinə böyük ümidlərlə baxsalar da, bu ümidlər özünü doğrultmayıb. Bolqarıstanda da sosialist rejimi bərqərar olunanda, kommunistlər hakimiyyətə gələndə çoxları elə düşünüb ki, ölkənin mövcud problemləri öz həllini tapacaq.

Elə bu ölkədə yaşayan türklər də kommunistlərin “hamı bərabərdir” şüarına inanaraq uzun illər qarşılaşdıqları problemlərin həllinə ümid bağlayıblar. Amma hər şey əksinə olub, onilliklər boyu təhsil, dil, mədəniyyət və s. sahələrdə sərt məhdudiyyətlərlə üzləşən türklər kommunist rejimində daha sərt münasibətlə üzləşiblər. Bu səbəbdən də 1940-cı illərin sonlarından türklər ölkəni kütləvi şəkildə tərk etməyə başlayıblar. Bolqarıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vılko Çervenkov nəinki bu axının qarşısının alıb, əksinə, şərait yaradıb. Sözsüz ki, türklərin ölkəni kütləvi şəkildə tərk etməsi Bolqarıstanın iqtisadiyyatına öz təsirini göstərib, işçi qüvvələrinin kəskin şəkildə azalması, xüsusilə türk mütəxəssislərin eyni vaxtda öz iş yerlərini tərk etməsi bütün sahələrdə özünü göstərib.

Nazim-Hikmet-fotobiyografi-28.jpg (124 KB)

Ölkənin iqtisadiyyatını iflic vəziyyətə aparan bu proses SSRİ-nin diqqətindən yayınmayıb. 1951-ci ildə İosif Stalin Vılko Çervenkonu Moskvaya dəvət edib. Müzakirə zamanı türklərin Bolqarıstanı kütləvi şəkildə tərk etmələrinin yaradacağı  fasadlar müzakirə olunub və Stalin tərəfindən onların axınının qarşısını almaq tövsiyə edilib. Əslində, Stalin türklərin Bolqarıstandan çıxarılmasının tərəfdarı olub, bununla bağlı o, gələcək planlarını da hazırlayıb. Amma mövcud dövrdə “zəif” Bolqarıstan üçün bu prosesin müvəqqəti dayandırılması məqbul sayılıb.

Stalin bu görüşdən sonra vəziyyəti yerində araşdırmaq, təbliğat işləri aparmaq üçün Nazim Hikməti Bolqarıstana göndərib. Nazim Hikmət Bolqarıstanda hakimiyyətin türklərə qarşı amansız münasibətinin şahidi olduqdan sonra ölkə rəsmilərinə fikrini açıq şəkildə bildirməkdən çəkinməyib:

“Siz əsl faşistsiniz!”

Moskvaya qayıtdıqdan sonra Nazim Hikmət İosif Stalinə və Mərkəzi Komitəyə geniş  məktub göndərib. Bundan sonra Kreml Bolqarıstanda yaşayan türklər üçün məktəblərin açılmasına, türk dərnəklərinin yaradılmasına imkan yaradıb. Amma Moskvanın bu ədalətli addımı çox qısa olub.

D4nReO3WsAE7Cvm.jpeg (135 KB)

1954-cü ildə Bolqarıstanın siyasi həyatında və Kommunist Partiyasında siyasi qruplaşmalar yarananda və bu səbəbdən də Vılko Çervenkov kommunistlər arasında nüfuzunu itirəndə həmin dövrdə Mərkəzi Komitənin katibi vəzifəsində olan Todor Jivkov yaranmış bu vəziyyətdən səmərəli istifadə edərək Bolqarıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi vəzifəsinə sahiblənib. Bununla yanaşı o, həm də Bolqarıstan Respublikası Nazirlər Sovetinin sədri vəzifəsini də tutub.

Todor Jivkovun Kremllə əlaqələri o qədər sıx olub ki, o, Moskvadan o qədər asılı vəziyyətdə qalıb ki, həmin dövrdə Bolqarıstanı SSRİ-nin 16-cı respublikası adlandırıblar və təbii ki, Bolqarıstan Jivkovun vasitəsi ilə Moskvadan idarə olunub.

Todor Jivkov hakimiyyətə gəlməyi ilə türklərə qarşı daha amansız münasibət sərgiləməyə başlayıb. Əslində, bu münasibətin kökündə də erməni izi olub. Belə ki, İkinci Dünya müharibəsi sona çatdıqdan sonra Moskvada və Leninqradda soialist düşərgəsinə daxil olan ölkələr üçün kadrlar hazırlayan mərkəzlər fəaliyyətə başlayıb. Mərkəzlərin yaradılmasında təminat, təchizat, dövlət büdcəsindən vəsaitlərin ayrılması, kadrların cəlb olunması və digər təşkilati məsələlər Mikoyana, Jdanova (vəfatından sonra Suslova), Molotova həvalə edilib. Mikoyan bu səlahiyyətindən istifadə edərək həmin mərkəzlərə erməni mütəxəssislərini cəlb edib. Bu mərkəzlərdə təhsil alıb təlimatlandırılanların bəziləri  işlədikləri ölkələrdə türklərə qarşı əks təbliğat aparıblar. Todor Jivkov da öz növbəsində bundan istifadə edərək Bolqarıstanda yaşayan türklərə qarşı aqressiv siyasət aparıb.

Todor Jivkovun Bolqarıstandakı 35 illik hakimiyyəti dövründə ölkədə fəaliyyət göstərən azsaylı türk məktəbləri,  teatrlar, dərnəklər, türk mədəniyyət mərkəzləri demək olar ki, tam fəaliyyətini dayandırıb. Ölkədə türklərin bolqarlaşdırılması prosesi geniş vüsət alıb, türklərin ad və soyadları, türk adı ilə bağlı məkanların adları dəyişdirilib. Todor Jivkov bütün mümkün variantlardan istifadə edərək türk izini Bolqarıstandan birdəfəlik silməyə cəhd edib və buna demək olar ki, nail olub.

Kremlin əlaltısı olan Jivkov bütün siyasi fəaliyyəti dövründə türk qorxusu ilə yaşayıb. Sözsüz ki, bu qorxu da Moskvanın, Mərkəzi Komitənin təbliğatı nəticəsində yaranıb. Moskvanın göstərişi ilə Bolqarıstanda türklərə qənim kəsilən Jivkov ağlına gətirməyib ki, nə vaxtsa çürük sosializm cəmiyyəti süquta uğrayacaq və o, əməllərinə görə cavab verməli olacaq.

ria-785249-tn.jpg (73 KB)

Bəli, sosializm sisteminin süquta uğraması, SSRİ-nin çökməsi ilə Todor Jivkovun siyasi fəaliyyəti də sona çatıb. Amma o, siyasi səhnədən rahatlıqla gedə bilməyib. Bolqarıstan hakimiyyətinə gələn yeni siyasi qüvvələr Todor Jivkovu 1989-cu ildə istefaya göndərdikdən sonra onun haqqında ittihamlar irəli sürülüb.

İstintaq araşdırmaları zamanı Todor Jivkov külli miqdarda dövlət vəsaitinin mənisəmədə, vəzifəsindən sui-istifadədə, ölkənin iqtisadiyyatını dağıtmaqda və hakimiyyətdə olduğu illərdə Bolqarıstan türklərinə qarşı cinayət əməlləri törətməkdə ittiham olunub. Aşkar olunub ki, 72 dəbdəbəli mənzilə, xaricdə istehsal olunan 67 avtomobilə sahib olan Todor Jivkov 24 milyon ABŞ dolları həcmində dövlət vəsaitini mənimsəyib.

1992-ci ilin sentyabrın 4-də Todor Jivkov məhkəmənin hökmü ilə 7 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Səhhətində olan ciddi problemlərə görə o, məhkəmədən cəzasının yüngülləşdirilməsini xahiş edib. Məhkəmə onun xahişini nəzərə alaraq cəzasını ev dustaqlığı ilə əvəz edib. 1997-ci ildə isə Todor Jivkov ölkədən çıxmamaq şərti ilə ev dustaqlığından da azad edilib. Türkə qənim kəsilən Jivkova cəmisi bir azadlıqda qalmaq nəsib olub. O, 1998-ci ildə, 87 yaşında vəfat edib.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR