İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyasilərin smartfonları – kimin telefonu daha “güclü”dür...   FOTO

2682 10.12.2023 12:58 Yaxın tarix A A

Müasir dünyamızı smartfonlarsız təsəvvür etmək mümkün deyil. Hazırda demək olar ki, dünyanın hər yerində bu cihazlar olduqca populyardır. Həm mobil telefon, həm də bir çox funksiyaları yerinə yetirən smartfonlar kiçikdən böyüyə hamı üçün maraqlıdır. O cümlədən siyasilər də bu cihaza laqeyd deyillər.

Maraqlıdır, siyasi liderlər hansı smartfonlara daha çox üstünlük verirlər, kimin telefonu daha “güclü”dür?

Sözsüz ki, prezidentlər, dövlət və hökumət başçıları xarici həmkarları və yerli məmurlarla vacib məsələləri mobil telefonla müzakirə etmirlər. Bunun üçün siyasi liderlərin xüsusi rabitə vasitələri mövcuddur. Bununla yanaşı birincilər smartfonlara da sahibdirlər ki, onlar bu cihazdan adi danışıqlar üçün istifadə edirlər.

ABŞ prezidenti Co Bayden bildirib ki, smartfon cihazlarla bağlı bir o qədər də anlayışlı deyil, yəni bu cihazların bütün funksiyalarından tam istifadə edə bilmir. Prezidentin mobil telefonunda hər hansı bir problem yarananda, ona qızı köməklik edir. Bayden “iPhone” smartfonundan istifadə edir. Cihazın arxa hissəsinə qızıldan düzəldilmiş prezident möhürü lövhəsi vurulub.

Rusiya Federasiyasının prezidenti Vladimir Putin öz açıqlamalarında smartfonlara maraq göstərmədiyini və heç bir mobil telefona sahib olmadığını bildirib. Putin daha çox ənənəvi telefonlara üstünlük verdiyini bildirib.

Həyat tərzini son dərəcə məxfi saxlayan Şimali Koreyanın lideri Kim Çem In smartfonlara münasibəti ilə bağlı heç bir açıqlama verməsə də, onun işlətdiyi cihaz jurnalistlərin kamerasından yan keçməyib. Kim Çen In Tayvan şirkəti olan “NTS”-in məhsullarına daha çox üstünlük verir.

Fransa prezidenti Emmanuel Makron telefon danışıqlarının dinlənilməsindən ən çox narahat olan birincilərdəndir. O, müdafiə sənayesi şirkəti olan  “Thales” tərəfindən hazırlanmış yüksək təhlükəsiz hərbi kriptoqrafik mobil telefondan, “Teorem”dən istifadə edir. Makron bununla yanaşı şəxsi ünsiyyəti üçün “iPhone” və “Samsung Galaxy” cihazlarına da sahibdir.

Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı kimi smartfonlara maraq göstərmir. Prezident görüşlərində heç bir mobil telefondan istifadə etmədiyini bildirib. Lukaşenko gənclərə smartfon asılılığından qurtulmağı, bu cihazlardan daha az istifadə etməyi də tövsiyə edib.

ABŞ-ın sabiq prezidenti Donald Tramp uzun illər “Samsung Galaxy S3” mobil telefonundan istifadə edib. Prezident seçildikdən sonra isə Amerikanın xüsusi xidmət orqanları ona xüsusi təhlükəsizlik proqramları ilə təchiz edilmiş “iPhone” və “BlackBerry” telefonlarını təqdim ediblər.

16 il Almaniyanın federal kansleri vəzifəsini daşıyan, dünyanın ən nüfuzlu qadınları siyahısına uzun illər liderlik edən Angela Merkel “BlackBerry” smatfonuna daha çox üstünlük verib. Kanslerin fəaliyyətində maraqlı məqamlardan biri də SMS-lərə üstünlük verməyi olub. Gün ərzində onlarla SMS alan, bu vasitə ilə yazışan, böyük səbirlə yazdıqlarının cavabını gözləyən Merkel mobil telefonunu səssiz rejimdə işlədib. Onun SMS-lərə olan marağı nəzərə alınaraq, alman məmurlarının əsas ünsiyyəti məhz bu vasitə ilə baş tutub.

Ukrayna prezidenti Volodimir Zelenskinin hansı smartfondan istifadə etməsi rəsmi açıqlanmayıb. Amma o, bir neçə dəfə çəkilişlər zamanı kameranın yaddaşına “iPhone” mobil telefonu ilə düşüb.

Smartfon məsləsində Ermənistanın baş naziri Nikol Paşinyan xarici həmkarlarından geri qalmır. Erməni baş nazir ən yaxşı smartfonlara sahib olsa da onun işlətdiyi cihazlarda həmişə “nasazlıq” yaranır. Belə ki, Paşinyanın zənglərini qarşı tərəf qəbul edə bilmir, yaxud da qəbul etmək istəmir.

İlham Cəmiloğlu, Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR