İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyasi liderlərin ürəyini görən dahi – o, Azərbaycanı dost, Ermənistanı isə...

4499 25.10.2023 11:11 Yaxın tarix A A

Onu hələ sağlığında yüksək qiymətləndiriblər, ali mükafatlarla təltif ediblər, ən başlıcası isə ona dahi kimi baxıblar. Yaşadığı 100 ilin 75 ildən artıq bir hissəsini tibb elminə həsr edən Maykl Debeyki bu illər ərzində 50 mindən artıq ürək əməliyyatı həyata keçirib. Müasir ürək cərrahiyyəsinin banisi sayılan Debeyki 1964-cü ildə dünyada ilk aorta koronar şuntlama əməliyyatının müəllifi olub.

HEKİM.jpg (111 KB)

Amerikalı kardiocərrah, dünya şöhrətli Maykl Debeykini həmkarları və həm də dünya ictimaiyyəti tərəfindən dahiləşdirən onun ürək cərrahiyyəsi sahəsində etdiyi yeniliklər və kəşflər olub. Nəzərə alsaq ki, dünyada insan olümlərinin əsas səbəblərindən biri ürək xəstəlikləridir, onda amerikalı cərrahın kəşflərinin nə qədər dəyərli olduğunu dərk etmək bir o qədər də çətin olmaz. Məhz bu yeniliklərin sayəsində saysız-hesabsız insanlar öz ömürlərinə yeni ömür qatıblar. Məşhur cərrahın ölümündən sonra Hyustondakı iş kabineti xatirə muzeyi kimi saxlanılır və bu geniş işıqlı otağın divarlarında boş yer yoxdur. Bu divarlarda Maykl Debeykinin diplomları, fəxri fərmanları və ali mükafatlarını əks etdirən sənədlər, bir də şəkillər sərgilənib. Şəkillərin arasında isə dünyanın bir çox məşhurları da yer alıb.

Öz ürəyini Debeykiyə etibar edənlərin arasında dünyanın məşhur simaları da az olmayıb. O, qraf Vindzorski, İran şahı, İordaniya kralı, amerika prezidentlərindən Kennedi, Conson, Hikson, Rusiya prezidenti Boris Yeltsin kimi məşhurların sağlamlıq durumu üçün öz bacarığını əsirgəməyib.

YELTSİN SON.jpg (142 KB)

Maykl Debeyki 1973-cü ildə SSRİ Elmlər Akademiyasının prezidenti Mstislav Keldışın üzərində də ürək əməliyyatı aparıb. Əməliyyatın hazırlığına və gedişinə nəzarət edən akademik Yevgeni Çazov öz xatirələrində qeyd edib ki, uğurlu əməliyyatdan sonra amerikalı cərrah onun üçün nəzərdə tutulmuş mükafatlardan imtina edib.

Görkəmli cərrah həmçinin mərhum Azərbaycan prezidenti Heydər Əliyevin müalicəsində də iştirak edib. İlk tanışlıqdan sonra Maykl Debeyki ilə Heydər Əliyev arasında olan həkim-pasiyent münasibətləri sonradan yoldaşlıq müstəvisinə keçib.

1998-ci ildə Debeyki Azərbaycanda səfərdə olarkən görkəmli dövlət xadimi Heydər Əliyev və Azərbaycan haqqında səmimi fikirlərini aşağıdakı kimi bölüşüb:

“Cənab prezident Heydər Əliyev, Siz dünyada görkəmli şəxsiyyət, lider kimi tanınırsınız. Bir il öncə Hyustonda məni ziyarət etməyinizdən şərəf duyduğumu bildirirəm. Mənim bu bölgədə baş verən hadisələrdən, sizin Azərbaycanda və bütün regionda apardığınız böyük işlərin bölgəyə sabitlik gətirməsindən məlumatım var. Ölkənizdəki qonaqpərvərliyi heç bir yerdə görmədiyimi vurğulayıram və məni Bakıya dəvət etdiyinizə görə Sizə təşəkkür edirəm. Mən 907-ci maddə ilə bağlı sizinlə eyni fikirdə olduğumu, Ermənistanın işğalçı qüvvələri tərəfindən doğma yerlərindən zorla çıxarılmış insanların ağır vəziyyətini öz gözlərimlə gördüyümü bildirirəm. Cənab prezident, Sizi əmin etmək istəyirəm ki, biz ABŞ-a qayıtdıqdan sonra konqresmenlərimizlə bu barədə danışacağıq...”

Həyata özünəməxsus baxışları olan Debeyki vaxt məhdudiyyətinə baxmayaraq, jurnalistlərlə söhbət etməkdən zövq alıb, kütləvi informasiya vasitələrinin nümayəndələrinə böyük rəğbətlə yanaşıb. Cərraha ünvanlanan sualların cavabı isə çox maraqla qarşılanıb.

Ürəyin sağlam olması və normal fəaliyyəti ilə bağlı verilən çoxsaylı suallara Maykl Debeyki çox sadə cavab verib:

“Ürəyin sağlamlığını təmin etmək olduqca asan bir işdir. Bunun üçün həyat tərzinə və qidalanmaya diqqət yetirmək kifayətdir. Ürəyin ən çox sevdiyi qida məhsulları meyvə və tərəvəzdir. Ət məhsullarını da qida rasionuna daxil etmək olar. Amma onun yağlı hissələrini kəsib kənara atmaq şərtilə. Çox yemək ürəyin birinci düşmənidir. Orqanizmin qidalanması az-az və tez-tez olmalıdır. Ürəyin normal fəaliyyəti üçün əsas amillərdən biri siqaretdən uzaq olmaqdır. Elə düşünün ki, siqaret çəkən insan ürəyinə çəkdiyi siqaretlərin sayı qədər mismar vurur. Daha çox piyada gəzmək və təmiz havada olmaq ürəyin fəaliyyətinə müsbət təsir göstərir. Elə bu səbəbdən də işin çoxluğundan, vaxtın məhdudiyyətindən asılı olmayaraq, təmiz havada gəzintilərə vaxt tapmaq vacibdir. Gördüyünüz kimi, mən qeyri-adi bir şey söyləmirəm və çoxlarımız da bunları bilirik. Amma təəssüflər olsun ki, bunları bilə-bilə öz ürəyimizə düşmən kəsilirik...”

HEKİM SON.jpg (63 KB)

Maykl Debeykinin həyatının ən ağır günlərindən biri 1972-ci ildə həyat yoldaşı Diana Kuperin ölüm günü olub. On minlərlə insanın ürəyinə şəfa verən kardiocərrahın həyat yoldaşı infarktdan dünyasını dəyişib. Bu nikahdan onların 4 oğlu olub. 3 ildən sonra Debeyki alman aktrisası Katrin Felxaberlə ailə həyatı qurub və onların bir qız övladı dünyaya gəlib.

97 yaşında Debeykinin özünün də ürək əməliyyatına ehtiyacı olub və o, bunu böyük cəsarətlə elmi rəhbəri olduğu ürək cərrahlarından birinə həvalə edib. Uğurlu əməliyyatdan bir həftə sonra Debeyki öz əvvəlki gümrah durumu ilə fəaliyyətini davam etdirib. Bu əməliyyat yaşa görə keçirilən ən uğurlu əməliyyat kimi Ginnesin rekordlarına daxil edilib.

Yaşadığı bütün illər ərzində Maykl Debeyki iş otağının hansı mərtəbədə yerləşməsindən asılı olmayaraq, liftdən istifadə etməyib və əksər hallarda işə piyada getməyə üstünlük verib.

HEKİM YENİ.jpg (84 KB)

Günlərin birində Maykl Debeyki avtomobil mühərriki ustası ilə həmsöhbət olub. Usta cərraha söyləyib ki, bizim gördüyümüz iş demək olar ki, eynidir. Amma siz daha çox qazanırsınız. Biz isə qəpik-quruş sahibiyik.

Debeyki düşünmədən cavab verib:

Siz mühərriki təmir edəndə onu söndürərək dayandırırsınız. Biz isə ürəyi dayandırmadan onu təmir edirik. Aramızdakı fərq bundan ibarətdir.

Maykl Debeyki ömrünün son günlərinə qədər cərrah stolunun arxasında dayanıb. O, 100 yaşına iki ay qalmış, 11 iyul 2008-ci ildə vəfat edib.

İlham Cəmiloğlu,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR