İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyasətdən qohumbazlığa – Mərkəzi Komitənin ailə “ənənə”ləri...  

2676 18.04.2024 14:00 Yaxın tarix A A

Kommunist Partiyası SSRİ-də vahid hakim partiya olsa da ölkədə siyasi qruplaşmalar bütün dövrlərdə mövcud olub. Bəzən bu qruplaşmalar arasında siyasi mübarizələr əsl düşmənçiliyə də çevrilib. Bununla yanaşı yüksək ranqlı dövlət məmurları mövqelərini möhkəmlətmək üçün rəsmi münasibətlərini qohumluq müstəvisinə də keçiriblər. Bir sözlə, SSRİ-nin siyasi müstəvisində qohumbazlıq əsl ənənəyə çevrilib...

Maraqlıdır, böyüklər qohum seçimində kimləri özlərinə daha yaxın görmək qərarını veriblər?

Lenin sonradan heç kimlə qohum olmayıb. Belə ki, proletarların rəhbərinin övladı olmadığından o, yeni qohumluq əlaqələri qurmaq imkanından məhrum olub.

Qohumbazlıq məsələsində İosif Stalin iki dəfə fərqlənib. “Xalqlar atası” iki tanınmış sima ilə quda olub. Oğlu Vasili Stalin sovet dövrünün ən nüfuzlu hərbiçilərindən biri olan marşal Semyon Timoşenkonun qızı Yekaterina ilə ailə qurub. Bu, Vasilinin ikinci nikahı olub. Timoşenko Stalinlə yaxın dost münasibətlərində olmasına baxmayaraq bu izdivacın əleyhinə olub. Ailələr Soçidə istirahət edərkən Vasili Yekaterinanı qaçırıb. Səhəri gün onlar rəsmi nikaha daxil olublar, axşamı isə nikah haqqında şəhadətnaməni marşala “təqdim” ediblər. Çütlüyün ailə həyatı çox da uzun sürməyib, 1953-cü ildə İosif Stalin vəfat edtikdən sonra Vasili həbs olunanda  Yekaterina nikahın pozulması üçün rəsmi ərizə yazıb.

Stalinin qohumluq məsələsində qızı tərəfindən də bəxti gətirməyib. Beş dəfə nikahda olan Svetlana Alliluyeva atasının təşəbbüsü ilə bir müddət Mərkəzi Komitənin katibi Andrey Jdanovun evində gəlin olub. Svetlana ilə Yuri Jdanovun da nikahı uzun sürməyib.

Stalinin ən yaxın silahdaşlarından biri sayılan Vyaçeslav Molotovun yeganə qızı Svetlana atasının xeyir-duası ilə “Kommunist” jurnalının redaktoru Aleksey Nikonovla ailə həyatı qurub. Qeyd edək ki, Nikonov Mərkəzi Komitədə nüfuzlu bir kommunist kimi tanınıb.

Anastas Mikoyan öz oğlunu 1937-1953-cü illərdə Ermənistanın birinci katibi olan Qriqori Arutinovun rəsmi qızlığa götürdüyü qardaşı qızı Nami Arutinova ilə evləndirib. Bu nikah birinci katiblə Mikoyanın arasında olan münasibətləri daha da yaxınlaşdırıb. Amma bu izdivacın sonu da tərəflərin hər ikisinin razılığı ilə boşanma ilə sonunclanıb.

Lavrenti Beriya Maksim Qorki ilə məcburiyyət qarşısında qohum olub. Belə ki, onun qəti etirazına baxmayaraq  oğlu Serqo Maksim Qorkonuin nəvəsi Marfa ilə ailə həyatı qurub. Beriyanın məktəbli Drozdovadan dünyaya gələn qızı Marta isə uzun illər Moskvanın birinci katibi olmuş Viktor Qrişinin gəlini olub. Qrişinin tanınmış tarixçi oğlu Aleksandr Qrişin Beriyanın nikahdankənar qızı Marta ilə evlənib.

Uzun illər SSRİ-də yüksək vəzifələr, müdafiə naziri, Nazirlər Sovetinin sədri kürsülərində əyləşən Nikolay Bulqanin də qohumbazlıq yarışmasını kənardan seyr etməyib. O, yeganə qızı Veranı hərbi dəniz komissarının (nazirinin) oğluna verərək, admiral Nikolay Kuznetsovla quda olub.

14 il SSRİ-nin mədəniyyət naziri vəzifəsində işləyən Yekaterina Furtseva da qohumbazlıq məsələsində kişi həmkarlarından geri qalmayıb. Furtseva yeganə qızı Svetlananı SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Frol Kozlovun oğlu Oleqə verib. Təntənəli toy mərasimində Nikita Xruşşov və Leonid Brejnev də iştirak ediblər. Ancaq bu təntənəyə baxmayaraq cütlük bir neçə ildən sonra ayrılmağa qərar verib.

28 il SSRİ-nin Xarici İşlər Nazirliyinə rəhbərlik edən Andrey Qromıko da tanınmış bir ailə ilə qohumluq edib. O, Nürnberq məhkəməsində SSRİ tərəfindən dövlət ittihamçısı qismində iştirak edən, SSRİ prokurorluğu sistemində kifayət qədər böyük vəzifələr tutan, ədliyyə polkovniki Sergey Piradovla quda olub. Nazirin qızı Emilya prokurorun diplomat oğlu Aleksandrla ailə həyatı qurub.

Marşallar da öz cəbhələrində qohumluq ənənələrini layiqincə davam etdiriblər. Marşal Vasilevskinin oğlu İqor SSRİ metallurgiya sənayesi naziri, sonralar SSRİ Nazirlər Soveti sədrinin müavini vəzifələrində işləyən İvan Tevosyanın qızı ilə rəsmi nikaha giriblər. Vasilevskinin digər oğlu, aviasiya general-mayoru Yuri isə marşal Georgi Jukovun qızı Era ilə evlənib.

Bu siyahıya bir çox yüksək ranqlı məmurların adlarını, qohumluq əlaqələrini əlavə etmək, onların təntənəli nikah mərasimləri haqqında yazmaq olar. Amma görünən odur ki, nikaha girən əksər cütlüklər arxalarında dayanan “qüdrətli” valideynlərə, böyük təntənələrə baxmayaraq xoşbəxt ola bilməyiblər.

İlham Cəmiloğlu,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR