İnsanlara hürriyət, millətlərə istiqlal!

Varlılarımız pullarını Türkiyəyə daşıyır - səbəb...

8714 13.07.2016 07:55 Siyasət A A
Azərbaycandan Türkiyəyə kapital axını sürətlə artmaqdadır. Bu ilin ilk beş ayında Azərbaycan kapitalı hesabına qardaş ölkədə 80 şirkət yaradılıb ki, onlardan 29-u səhmdar cəmiyyətdir. Azərbaycanlılar həmin cəmiyyətlərə 4 milyon 126 min lirə yatırıblar.

Bu barədə məlumatı “Turan” agentliyi Türkiyə Palatalar və Birjalar Birliyinin məlumatına istinadən yayıb. Bu şirkətlərin elan edilmiş ümumi kapitalı 13 milyon lirədən artıqdır. Həmin vəsaitin 10 milyondan artığı azərbaycanlı təsisçilərə məxsusdur. Hazırda Türkiyədə Azərbaycan kapitalının iştirakı ilə 1700-ə yaxın şirkət fəaliyyət göstərir.

Qeyd edək ki, Azərbaycandan Türkiyəyə kapital axını daha çox 2013-cü ildən artmağa başlayıb. Həmin vaxtdan bu yana azərbaycanlılar Türkiyədə 600-dən artıq şirkət qurublar.

Yayılan xəbərin ardından Azərbaycan oliqarxlarının biznes qurmaq üçün daha çox Türkiyəyə üstünlük vermələri müzakirələrə səbəb olub. İqtisadçı ekspertlər buna səbəb kimi qardaş ölkə ilə olan yaxın əlaqələri və kapitalların Türkiyədə təhlükəsiz olmasını göstərirlər.

Qonşu dövlət amilinin də burada mühüm rol oynadığını düşünənlər az deyil. Bundan əlavə, digər dövlətlərə nisbətən Türkiyə ilə Azərbaycan arasında münasibətlərin daim stabil olması azərbaycanlı varlıların dost ölkəyə üz tutmalarına səbəb kimi göstərilir.
Ekspertlər Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsinin Türkiyəyə üz tutan Azərbaycan vətəndaşlarının  sayını artıracağını vurğulayırlar. Hətta Londonda vəsaitləri təhlükə altına düşən imkanlı azərbaycanlıların kapitallarını bu ölkədən çıxarıb, Türkiyəyə yatırım edəcəklərini də deyənlər də var.

Sabiq maliyyə naziri, iqtisadçı alim Saleh Məmmədov bildirdi ki, göstərilən rəqəmlər elə də yüksək deyil: “Bu kapitalların sahibləri oliqarxlar deyil. Bizneslə məşğul olan şəxslərdir. Göstərilən məbləğə diqqət yetirsək, dəqiq hesablama aparsaq, elə də böyük məbləğ olmadığının şahidi olarıq. Orta hesabla hər müəssisəyə 10-12 min dollar pul düşür. Kapitalistlərin o ölkəyə üz tutmalarının obyektiv və subyektiv səbəbləri var. Azərbaycanlılar daha çox bu ölkəyə meyl edirlər. Buna səbəb də, din, dillə olan bağlılıq, eləcə də, xalqlar arasında olan yaxınlıqdır. İndiyə qədər Rusiya, Ukrayna və Qazaxıstan kimi ölkələrə daha çox meyl olunurdu. Amma son  krizisdən sonra bu ölkələrdə məhdudiyyətlər yarandı. Ona görə Türkiyəyə meyl daha da artdı. Sovet dönəmində olduğu kimi, burada da dil problemi yoxdur. Türklər doğma qardaşdırlar. Özlərinin kapitallarına necə baxırlarsa, bizimkinə də o gözlə baxırlar. Bürokratik əngəllər bizim biznesdə olduğu kimi, onlarda da var. Amma dövlətlərarası münasibətlər o səviyyəyə qalxıb ki, kapitalistlərimiz Türkiyədə biznes qura bilirlər. 


Əsas səbəblərdən biri də odur ki, ora yatırılan kapitallar dövlətə məxsus deyil, xırda bizneslərdir. Türkiyədə bürokratik əngəllərə baxmayaraq, kiçik biznesə dövlət tərəfdən böyük dəstək var. Rəhmətlik Turqut Özalla başlayan proseslər, Ərdoğanın baş nazirliyi dönəmində daha da inkişaf etdi. Bu proqramları ciddi şəkildə genişləndirdilər. Bir müqayisə aparaq. Azərbaycanda kiçik biznesə yardım üçün cəmi bir proqram var. Çox çətinliklə biznesin inkişafı üçün faizsiz kreditlər verilir. Amma Türkiyədə belə proqramların sayı onlarladır. Dövlət büdcəsindən investisiya yatırılır. İqtisadiyyatın stimullaşdırılması, elmin inkişafı üçün Türkiyə böyük miqdarda vəsaitlər buraxır. Hər kiçik müəssisə dövlətdən qrantlar alır və yeni məhsullar istehsal edir. Yəni Türkiyədə belə imkanlar var. Bizimkilərin də bunlardan istifadə etmək imkanları var. Orta biznesə yardım ayrıla bilər”.

İqtisadçı alim Böyük Britaniyanın Avropa Birliyini tərk etməsinin Azərbaycan tərəfdən Türkiyəyə qoyulan kapitalların artmasına səbəb olacağını da vurğuladı: “Təbii ki artacaq. Böyük Britaniya xarici borcu olan ölkələr sırasında öndədir. Bunlar da həmin ölkəyə qoyulan xarici pulların hesabınadır. İndi də Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi, reytinqinin aşağı düşməsi kapitalistləri ciddi təşvişə salıb. Çoxları kapitallarını satmaq istəyirlər. Türkiyə və Azərbaycandan orada böyük vəsaitlər var. Hansı dövlət daha çox münbit şərait yaratsa, kapitalistlər o dövlətə üz tutacaqlar”.

Cavanşir ABBASLI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR