“Türkiyə Qarabağda anti-terror əməliyyatına başlaya bilər”
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ötən həftə Azərbaycana səfəri yekunlaşandan dərhal sonra baş nazir Əhməd Davudoğlunun da dekabrın 3-də Bakıya gələcəyi məlum oldu. Türkiyə hökumətinin xarici işlər nazirinin və başçısının ard-arda səfərlərinin Türkiyə ilə Rusiya arasında gərginliyin yaşandığı zaman həyata keçirilməsi bir çox suallar yaradır.
Bu arada Rusiyanın məşhur “Kommersant” qəzeti Türkiyənin Dağlıq Qarabağda anti-terror əməliyyatlarına başlaya biləcəyi xəbərini yayıb. Türkiyədən Azərbaycana intensiv səfərlərin başlandığı bir vaxtda tanınmış bir qəzetin belə bir xəbər yayması maraqlıdır. Məsələnin ciddiliyini artıran daha bir məqam isə Türkiyə baş naziri Əhməd Davudoğlunun ölkəsinin Azərbaycanla birlikdə Ermənistan işğalı altında olan Dağlıq Qarabağı işğaldan azad etməyə hazır olduğu bəyanatıdır.
Politoloq Natiq Miri bu bəyanatın çox ciddi məsələlərin müzakirə edilməkdə olduğundan xəbər verdiyini söylədi: “Türkiyədə 1 noyabr parlament seçkilərindən sonra yeni hökumət formalaşıb və ənənəvi olaraq Türkiyə hökumətinin ilk xarici səfəri qardaş Azərbaycana edilir. Xarici işlər naziri Mövlud Çavuşoğlunun səfəri, dekabrın 3-nə nəzərdə tutulan Əhməd Davudoğlunun səfəri həm bu baxımdan, həm də regionda son vaxtlar cərəyan edən sürətli proseslər baxımından dəyərləndirilməlidir. Bu səfərlərin mahiyyətində çox ciddi geosiyasi məsələlərin müzakirəsi dayanır. Bir həftənin içində Türkiyənin həm xarici işlər nazirinin, həm də baş nazirinin Bakıya gəlişi Türkiyə ilə Rusiya arasında yaranmış gərginlik, təyyarə vurulması olayından sonra ortaya çıxan yeni geosiyasi vəziyyətlə bağlıdır. Bu hadisədən sonra regionda həqiqətən də yeni bir geosiyasi vəziyyət və yeni bir mənəvi-psixoloji situasiya yaranıb. Rusiya 2008-ci ilin yayında Gürcüstana hərbi müdaxiləsindən sonrakı keçən müddətdə ona görə meydan sulaya bilirdi ki, bu dağıdıcı hərbi gücün başda ABŞ olmaqla heç bir NATO dövləti qarşısını almaq, ona güc tətbiq etmək istəmirdi. Türkiyə Rusiyanın qırıcı təyarəsini vurmaqla illərdir davam edən bu sindromu alt-üst etmiş oldu. Rusiyanın barəsində yaranmış qarşısı alınmaz mifini yerlə bir etdi.
Suriyaya hərbi müdaxilə üçün Rusiyanın indiyə qədər gətirdiyi tezisləri bu gün artıq Türkiyə Rusiyanın özünə qarşı istifadə etməyə başlayıb. Moskva əsas göstərir ki, Suriyaya daxil olması legitimdir, ona görə ki, Suriyanın prezidenti rəsmi dəvət edib. Türkiyə isə Əsədin ölkənin cəmi 10-15 faizinə nəzarət edə bildiyini və legitimliyini itirdiyini, Suriyanın daha böyük ərazilərinə nəzarət edən Suriya müxalifətinin istəyi ilə hər an bu ölkəyə daxil ola biləcəyini bəyan edir. Türkiyə, istisna deyil ki, Dağlıq Qarabağ məsələsində də önə çıxmaq üçün şərait yarandığına əmin olaraq Azərbaycanın ərazisi olan Qarabağa Azərbaycan dövlətinin dəvəti ilə girmək, antiterror əməliyyatları həyata keçirmək məsələsini qaldırmaq istəyir".
Ekspertin fikrincə, Mövlud Çavuşoğlunun səfərində də Dağlıq Qarabağ mövzusunun bu istiqamətdə müzakirəyə çıxarıldığı istisna deyil. Baş nazir Əhməd Davudoğlunun da Bakıda eyni məsələni müzakirə edəcəyini ehtimal etmək olar: “Türkiyə hökuməti haqlı olaraq bəyan edə bilər ki, əgər Rusiya bir çağırışla Suriyaya antiterror əməliyyatları adı altında daxil ola bilirsə, Türkiyə də Azərbaycanın bütün dünya tərəfindən qəbul edilən hakimiyyətinin dəvəti ilə istənilən an Qarabağda real antiterror əməliyyatlarına başlaya bilər. Ola bilsin ki, Türkiyə hökuməti rəsmi Bakı ilə bu istiqamətdə müzakirələrə başlayıb. Xarici işlər naziri Bakıda olan gün baş nazir Əhməd Davudoğlunun ”Türkiyə Azərbaycanla birlikdə Ermənistan işğalı altında olan Dağlıq Qarabağı işğaldan azad etməyə hazırdır" bəyanatını verməsi təsadüfi hesab edilməməlidir.
Azərbaycanın razılığı və dəvəti olarsa, Türkiyənin Azərbaycanın ərazilərindəki erməni terrorçularını zərərsizləşdirmək üçün hərbi əməliyyatlara başlaması beynəlxalq hüquqa tam uyğun olar. Dağlıq Qarabağ və digər işğal olunmuş rayonlar Ermənistan əraziləri deyil ki, Rusiya Türkiyənin bu ərazilərdə antiterror əməliyyatlarına etiraz etmək üçün qanuni əsas tapa bilsin.
Rusiya bilməlidir ki, Türkiyəyə qarşı prosesi davam etdirəcəksə yuxarıda qeyd etdiyimiz məsələlərlə üz-üzə qalmalı olacaq. Türkiyə Ukrayna hakimiyyətinin də dəvəti ilə Rusiyaya bağlı olan separatçıların meydan suladığı Ukrayna ərazilərinə girə bilər. Bu məsələlərdə Qərb də Türkiyəni müdafiə edəcək".
Artıq Rusiyanın hərbi-siyasi ekspertləri Türkiyənin Dağlıq Qarabağa girə biləcəyi barədə müzakirələr etməkdə və narahatlıqlarını ifadə eləməkdədirlər. Rusiyanın TASS agentliyində keçirilən “Rusiya və Türkiyə: böhranın qarşısını almağın yolları” adlı tədbirdə Geosiyasi Problemlər Akademiyasının prezidenti, general-polkovnik Leonid İvaşov Türkiyənin Dağlıq Qarabağ probleminin həllinə qarışmağa ixtiyarının olmadığını söyləyib: “Türkiyə tərəfinin Rusiya təyyarəsi vurulandan sonra üzr istəməməsi, üstəlik də Dağlıq Qarabağ münaqişəsi ilə bəyanatları hansısa təxribatın olduğundan xəbər verir. ABŞ-la Türkiyənin əlaqələrini, ABŞ-ın bu ölkənin rəhbərliyinə təsir gücünü nəzərə alaraq, hesab edirəm ki, Türkiyə rəhbərliyi özbaşına iş görmür”.
Hansı əsasla rusiyalı hərbi-siyasi ekspert, ehtiyatda olan general-polkovnik Dağlıq Qarabağ münaqişəsinə Türkiyənin müdaxilə etmək ixtiyarı olmadığını hesab edir və işğalçı ölkə Ermənistanı dəstəkləyir? Rusiya KTMT üzvü kimi Ermənistanın ərazisinə qorumağa borcludur. Dağlıq Qarabağ ki, Ermənistan ərazisi deyil...
Bu suala ehtiyatda olan general belə cavab verib: “Rusiya Dağlıq Qarabağda müharibənin başlanmasının əleyhinədir. Nəinki, Dağlıq Qarabağda, ümumiyyətlə, Cənubi Qafqazda müharibənin başlanmasını Moskva istəmir. Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın siyasəti ondan ibarətdir ki, bu problem siyasi danışıqlar, sülh yolu ilə həll olunmalıdır. Rusiya əlindən gələni edir və bundan sonra da edəcək ki, tərəflər arasında danışıqlar prosesi davam etsin. Müharibəyə yol vermək olmaz. Bu, birinci məqamdır. İkinci məqam isə Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olmamasıdır. Vaxtilə olub, sonra isə çıxıb. Ermənistan isə Rusiyanın müttəfiqidir. Bu nöqteyi-nəzərdən Türkiyə baş nazirinin və silahlı qüvvələrinin Dağlıq Qarabağ münaqişəsinə müdaxilə etmək ixtiyarı yoxdur. Əgər Dağlıq Qarabağda müharibə başlayacağı təqdirdə Türkiyə müdaxilə edərsə, Rusiya dərhal məsələyə qarışmaq məcburiyyətində qalacaq. Çünki Ermənistan Türkiyə ilə quru sərhədə malikdir”.
Politoloq Natiq Miri isə rusiyalı ekspertin səsləndirdiyi fikrin absurd olduğunu bildirdi: “Rusiyalı generala verilən sualda da açıq qeyd edilir ki, Dağlıq Qarabağ Ermənistan ərazisi deyil. Rusiyanın Türkiyəni ittiham eləmək üçün heç bir qanuni əsası yoxdur”.
Etibar SEYİDAĞA