İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Azərbaycana qarşı “İŞİD planları”

4671 19.10.2015 14:38 Siyasət A A
Rusiya prezidenti Vladimir Putin MDB-nin ötən həftə Qazaxıstanda keçirilən sammitində İŞİD təhlükəsinə qarşı birgə fəaliyyətə çağırıb.

Putin bildirib ki, hazırda İŞİD sıralarında keçmiş SSRİ respublikalarından 5 minə yaxın döyüşçü var və onlar geri qayıdaraq ciddi təhdidə çevrilə bilər.

Azərbaycanda Milli Təhlükəsizlik Nazirliyinin İŞİD-ə qarşı keçirdiyi ard-arda bir neçə anti-terror əməliyyatlarına baxmayaraq, bu gün Suriyada  sayı 400-1000 arası olan azərbaycanlının olduğu da söylənilir. Azərbaycanlıların İŞİD tərkibində vuruşmaları və oradan müxtəlif mesajlar verməsini onların internet üzərindən yayılmış videolarından da açıq şəkildə görmək olur. 

Məsələ ilə bağlı Rusiya mətbuatı yazıb ki, Gürcüstanın Pankisi dərəsi çeçen müharibəsi zamanı ekstremistlərin sığınacağına çevrilib, qonşu Azərbaycanda isə dini ekstremistlərin sayı sürətlə artır. Materialda Azərbaycanın da ciddi şəkildə İŞİD təhlükəsi ilə üzbəüz olduğu bildirilib. 


Mövzu ilə bağlı musavat.com-a danışan politoloq Natiq Miri bildirib ki, əslində baş verənlər Rusiyanın dövlət siyasətidir:
“Son zamanlar Rusiya öz ətrafındakı postsovet ölkələrini  daha çox terror və xüsusilə də İŞİD-la  qorxutmaqla, əslində bu dövlətləri öz nüvəsi ətrafında  saxlamaq istəyir. Rusiya prezidentinin MDB-nin son sammitindəki çıxışında da məhz bu nahiyələrə xüsusi vurğular  vurulur. Bu o deməkdir ki, əslində hətta İŞİD terroruna qarşı mübarizədə belə Rusiya  ölkələri, özünün iradəsindən asılı vəziyyətdə saxlamaq istəyir. Hətta MDB-nin son sammitindəki sərhədlərin birgə  qorunması məsələsi və xüsusi hərbi sturukturların yaradılması ilə bağlı söhbətlər də göstərir ki, Rusiya hərbi cəhətdən bütün postsovet məkanına nəzarəti öz əlində saxlamaq niyyətini güdür.İŞİD məsələsinin bu səviyyədə qabardılması da söylədiyim faktorlarla əlaqədardır”.


Politoloq bildirib ki, son zamanlar  İŞİD təhlükəsi həddindən artıq qabardılır:
“Əslində bu gün  Rusiya mətbuatının yazdığı kimi Azərbaycanda o qədər də İŞİD təhlükəsi hiss olunmur. Müxtəlif zamanlarda bu yöndə informasiya və faktlar ortaya çıxır ki, onların da qarşısı Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən alınır. Azərbaycan toplumunda da  ciddi mənada həm fikirdə, həm də  biləvasitə fəaliyyətdə  İŞİD-a meyillilik  üstünlük təşkil etmir.  Doğrudur, İslam dini son zaman  Azərbaycanda inkişaf edib.  Ölkədə bu  dinə meyillilik də getdikcə artır. Namaza gələnlərin, namaz  qılanların sayının artması,  müşahidə olunur. Ancaq bu, o demək deyil ki,  radikal islam qruplarının  sayı Azərbaycanda dəhşətli dərəcədə artıb. Bu yanlış fikirdir. İmana gələn insanların sayının artması ilə İŞİD tərəfdarlarının çoxalması arasında heç bir   mütənasiblik yoxdur.  Rusiyanın Azərbaycanla bağlı dedikləri də çox şişirdilmiş formadadır.  Əminəm ki, bu bilərəkdən edilir. Adətən bu cür dezinformasiyaları yaymaqla Rusiya siyasi istəklərini həmin ölkədə həyata keçirmək məqsədi güdür.  Qeyd etdiyim kimi Azərbaycanda İŞİD təhlükəsi söylənildiyi kimi deyil. Bununla bağlı zaman-zaman bir neçə faktlar ortaya çıxır ki, onlar da təhlükəsizlik orqanları tərəfindən zərərsizləşdirilir”.

Əli Rais, musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR