İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Qafqaza hərblə qayıdır - Azərbaycana və bölgəyə real təhlükə

10845 14.08.2015 08:50 Siyasət A A

Ötən saylarımızda vurğuladığımız kimi, bundan ötrü Rusiya ən avantürist, bölgənin və dünyanın dəngəsini pozacaq addımlara belə hazır kimi görünür. Əsas hədəf əlbəttə ki, NATO-ya, Avropa Birliyinə can atan qonşu Gürcüstandır. 

Qırımından görünür ki, şimal qonşumuz bu prosesi nəyin bahasına olur-olsun durdurmaq, Gürcüstan timsalında Azərbaycana da dərs vermək, ən önəmlisi, ABŞ və NATO-nu elə regiondaca vurmaq, onların buradakı siyasi, hərbi, demokratik dayaqlarını sarsıdıb, bölgəyə yollarını etibarlı şəkildə bağlamaq niyyətindədir.

Maraqlıdır ki, bu arada vəziyyətdən çıxış edən Qərbin bəzi "beyin mərkəz”ləri Rusiya ilə NATO (ABŞ) arasında müharibədən danışmağa başlayıblar. 

“Son vaxtlar NATO və Rusiyanın keçirdiyi iri hərbi təlimlər beynəlxalq konfrontasiya üçün ocağa tökülən yağa bənzəyir”. Musavat.com-un məlumatına görə, bu barədə Britaniyanın “The Guardian” nəşri “European Leadership Netwok” analitik mərkəzin hesabatına istinadən yazıb.


“Bir-biri ilə mümkün konfliktə hazırlaşmağa yönəlik təlimlər hər dəfə daha böyük miqyas almaqdadır. Belə təlimlərin özü silahlı münaqişənin mümkünlüyünü daha real edir” - hesabatda deyilir. Mərkəz müharibədən qaçmaq üçün tərəfləri tez-tez ünsiyyət qurmağa, öz hərbi tədbirlərini daha şəffaf etməyə, təlimlərin miqyasını, sərhəd boyu hərbi qüvvələrin məhdudlaşdırılmasını azaltmağı nəzərdə tutan anlaşma əldə etməyə çağırıb, çünki “hər bir yeni təlim əks tərəfdən təxribat kimi qəbul edilir və qarşılıqlı etimadsızlığı və qeyri-müəyyənliyi gücləndirir”.

***
“Rusiyanın Gürcüstandakı aktivliyi həm də NATO baş katibi Yohan Stoltenberqin avqustun sonunda NATO təlim mərkəzini açmaq üçün bu ölkəyə səfəri ilə bağlı ola bilər”. Bu sözləri isə axar.az-a açıqlamasında rusiyalı politoloq Konstantin Kalaçev söyləyib. Lakin onun sözlərinə görə, böyük konflikt gözlənilmir: “Rusiyanın planları sırasında Gürcüstanın işğalı yoxdur. Bununla belə, Tiflis Qərbə doğru yönəldiyi müddətdə Moskva ilə münasibətlərdəki problemlər bitməyəcək”.

Öz növbəsində politoloq Ərəstun Oruclu o qənaətdədir ki, İran-Qərb anlaşmasından sonra Rusiya Qafqazda əsaslı şəkildə möhkəmlənmək əzmindədir: “Rusiya Cənubi Qafqaz vasitəsilə Qərb və İrana təzyiq etməyə çalışır. Kreml Gürcüstan ərazilərinə müdaxilə etməkdə iki məqsəd güdür: biri Gürcüstanın müqavimət göstərəcəyi təqdirdə məsələni hərbi müstəviyə keçirmək, ikinci məqsəd isə müqavimət göstərməyəcəyi təqdirdə əvvəlki fəaliyyətini addım-addım davam etdirib Gürcüstanın kommunikasiya vasitələrini tutmaq, bölgədə və onun yaxınlığında problemlər yaradıb qonşu dövlətləri təhdid etməkdir. Rusiyanın bu siyasəti açıq-aşkar sistemli fəaliyyətin tərkib hissəsi kimi görünür. Rusiyanın Gürcüstanda yeni separatçı ocaqlar yaradacağı, hətta müəyyən təxribatçıların vasitəsilə Gürcüstan azərbaycanlılarının yaşadığı ərazilərdə gərginliyi artıracağını və Azərbaycan-Gürcüstanın münasibətlərinin pozulmasına səbəb olacaq addımlar ata biləcəyi də istisna edilmir”.


Ekspertə görə, Moskva Azərbaycan, Gürcüstan və Ermənistanı tam nəzarət altına almaqla gələcəkdə bölgədən həm İranı, həm də orada çalışacaq Qərb şirkətlərini təhdid etmək üçün istifadə etməyə çalışacaq: “Bu siyasət əvvəllər də geniş istifadə olunub. Rusiya öz cənub cinahını möhkəmləndirmək istəyir”.

Politoloq habelə Rusiyanın İŞİD-lə mübarizə adı altında Gürcüstan və Azərbaycana müdaxilə edə biləcəyini mümkün sayır: “Fikrimcə, Rusiya Gürcüstanı bunun üçün hansısa hərbi əməliyyata sövq etmək istəyir. Ona görə ki, Rusiyanın daxili ictimai mühitində həmişə militarist, şovinist əhval-ruhiyyə üstünlük təşkil edib. Rusiya belə bir savaşa çalışır. Moskva bir müddət öncə bəyan elədi ki, Şimali Qafqazda İŞİD-ə qarşı anti-terror əməliyyatlarına başlayıb. Bu da eyni məqsədlərə yönəlib. Prinsip etibarilə Azərbaycan və Gürcüstanla dava açmaq mümkün olmadıqda daxilində kimlərəsə qarşı savaş açıb, onu qonşu dövlətlərin ərazisinə keçirmək lazımdır. Bu üsul vaxtilə Çeçenistan müharibəsində sınaqdan keçirilib. Məsələn, variantlar sırasında savaşı Gürcüstanda çeçenlərin yaşadığı Pankisi dərəsinə keçirmək və sonra terrorla mübarizə adı altında Gürcüstana qoşun yeritmək və yaxud Dağıstandan Azərbaycana keçirib, terrorla mübarizə adı altında bizim torpaqlarımıza təcavüz etmək ssenarisi də ola bilər”.

Ə.Oruclu Rusiyanın İrəvana quru yol açmaq məqsədindən də əl çəkmədiyini söyləyib: “2008-ci ilin avqustunda Rusiya İrəvanla quru yolunu açmağa cəhd eləmişdi. O zaman Cənubi Osetiyadan rus qoşunlarının Gürcüstanın qərbi istiqamətində irəliləyişi müşahidə olunmuşdu. Analitiklər bunu onunla izah edirdilər ki, Rusiya Cavaxetiyaya yol açmaq və oradan da Ermənistana çıxış əldə etmək istəyir. İstisna deyil ki, Rusiya həmin plana bu gün də cəhd edir. Cənubi Osetiyadan Cavaxetiyaya yol açmaqla həmin ərazidə separatçı qüvvələr aktivləşəcək. Daha sonra Ermənistana quru yolu açılacaq. Rusiya bu sahədə təcrübəlidir. İstənilən halda bütün ssenarilər zorakılıq, hərbi təcavüz, işğal üzərində qurulub”.


***
NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov isə o fikirdədir ki, Rusiya Gürcüstanda digər xaotik proseslərin başlanması üçün artıq Gümrüdəki bazası vasitəsilə kəşfiyyat işlərinə başlayıb (axar.az). Onun sözlərinə görə, ABŞ bir neçə il ərzində öz qoşunlarını Gürcüstanda yerləşdirəcək: “2014-cü ilin sentyabrında keçirilən Uels sammiti zamanı qeyd etmişdik ki, bu sammitdən sonra Rusiyanın Cənubi Qafqazda aqressiyası daha da genişlənəcək. Buna misal olaraq, Gürcüstanın ərazi bütövlüyünün təhdid altına düşməsi, Ermənistanın Gümrü şəhərindəki bazası vasitəsilə Azərbaycana olan basqıların artacağını göstərmişdik. Qeyd etmişdik ki, 2016-cı ildə NATO-nun Polşa sammiti öncəsi Rusiya Gürcüstanın ərazi bütövlüyünə təhdid olan siyasət yürüdəcək. Ən pisi isə bu siyasətdə əsas məqsədin Gürcüstanın NATO-ya gedən yolunu kəsmək olmasıdır. NATO-ya üzv qəbul olunarkən burada həmin ölkənin ərazi bütövlüyü xüsusi olaraq qeyd edilir. Rusiya Gürcüstanın NATO-ya yaxın olduğunu bilir və 2016-cı il yaxınlaşdıqca bu aqressiyanı genişləndirir. Kreml Tiflisə qarşı indiki siyasətilə də kifayətlənməyəcək. 2018-ci ilə qədər Cənubi Qafqazın siyasi xəritəsində müəyyən dəyişikliklərin olması gözlənilir. Görünür, bu da həmin proseslərin bir hissəsi olacaq. Bütün bunlar Rusiya aqressiyasının daha aktiv fazaya keçəcəyindən xəbər verir”.

***
Bölgəmiz ətrafında formalaşan son durum rəsmi Bakını da çevik və ölçülü-biçili addımlar atmaq zorunda qoyur. Rusiya təhlükəsi bu addımların ən azı 6 istiqamətli olmasını diktə edir: 1. Qarabağ məsələsində Moskvanın avanrürist hərəkəti üçün heç bir bəhanə verməmək; 2. Rusiyanın Azərbaycanda artıq hərəkətə keçən “5-ci kolon”çularını ciddi nəzarətdə saxlamaq. 3. İŞİD-lə bağlı müdaxilə üçün Kremlə bəhanə yaratmaqdan yayınmaq; 4. Türkiyə ilə sinxron addımlar atmaq; 5. Şimaldakı (sərhəddəki) potensial separatçı bölgədəki prosesləri nəzarətdə saxlamaq. 6. Gürcüstandakı soydaşlarımızın Rusiyanın təxribatçı planlarında iştirakdan çəkindirmək üçün tədbirlər görmək.

Analitik xidmət

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR