İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rusiya Azərbaycanı regionda təkləmək istəyir”

1207 02.11.2015 08:00 Siyasət A A

Gürcüstan hökumətinin son vaxtlar Rusiya və Ermənistanla yaxınlaşması fonunda Azərbaycanla münasibətlərdə problemlərin yaşandığı müşahidə edilir. Bir çox siyasi təhlilçilər hesab edir ki, Cənubi Qafqaz regionunda kartları qarışdıran yenə Rusiyadır və deyəsən, Ermənistana bu situasiyada epizodik rol ayırmağı qərara alıblar.

Söhbət Azərbaycanın Gürcüstandakı mövqelərini zəiflətməkdən, İran qazının Avropa bazarlarına çıxması perspektivlərini əngəlləməkdən və bütün bunların əvəzində dividend olaraq Ermənistana hələlik fantastik görünsə də, qaz traniziti ölkəsi statusu qazandırmaqdan gedir.

Politoloq Natiq Miri hesab edir ki, son zamanlar Gürcüstanda baş verən prosesləri, verilən bəyanatları, atılan addımları bu ölkənin xarici siyasətində şaxələndirmə adlandırmaq mümkündür. Rəsmi Tiflis ölkənin təkcə Qərbə üz tutmaqla, Azərbaycandan gələn enerjiyə arxayın olmaqla ayaq üstə qalmasının çətin olduğu qənaətinə gəlib: “Saakaşvili dönəmində Gürcüstan birmənalı olaraq Rusiyanı işğalçı və düşmən obrazında görməklə bərabər, Qərbə inteqrasiya xəttini tutmuşdu. Gürcüstana öz torpaqlarını Rusiya işğalından qorumaq üçün Qərbdən ciddi dəstək olmadı və Gürcüstan Rusiya qarşısında demək olar ki, tək qaldı. Nəticə etibarilə Cənubi Osetiya və Abxaziya Gürcüstandan qoparıldı. Lakin bununla belə Gürcüstan dayanmadı və NATO-ya inteqrasiya xəttini daha da gücləndirsə də, hələ də bu ölkə NATO-nun qapısı kandarında saxlanılır. Hətta Gürcüstanın müdafiə naziri bu yaxınlarda bəyan etdi ki, əgər 2016-cı ildə NATO-nun sammitində Gürcüstan NATO-ya tam hüquqlu üzv olaraq qəbul olunmasa, Gürcüstanın gələcəyi çox qaranlıq görünür. Çünki Rusiya aqressiyası qarşısında Qərb dövlətləri aciz durumdadırlar və Rusiya ilə konfliktə girmək istəmirlər. Bunu həm Ukraynada, həm də Suriya hadisələrində gördük. Onu da nəzərə almaq lazımdır ki, 2016-cı ilin fevralında Gürcüstanda da parlament seçkiləri keçiriləcək. Bu seçkiyə Rusiya çox ciddi hazırlaşır. Gürcüstanın hökuməti üzvlərinin və siyasətçilərinin Moskvaya səfərləri intensivləşir. Bu faktlar onu deməyə əsas verir ki, Gürcüstan Rusiyadan qorunmaq üçün təkcə qərbyönümlü siyasət deyil, xarici siyasətdə müəyyən şaxələndirmə prosesinə rəvac vermək istəyir. Rusiyaya yönəlik müəyyən müsbət addımlar atılması bununla bağlıdır. ”Qazprom"un mavi yanacağının Avropaya axınında Gürcüstanın tranzit ölkə olması məsələsinin gündəmə gətirilməsi də bununla bağlıdır. Gürcüstanın Rusiya ilə enerji yaxınlaşması istər-istəməz bu ölkənin enerji məsələsində Azərbaycana bağlılığını azalda bilər. Rusiya Gürcüstanı özünə bu şəkildə yaxınlaşdırmaqla həm də Azərbaycanı regionda təkləmək istəyindədir". 

Politoloq qeyd etdi ki, ancaq Avropanın Rusiya və İran qazının Gürcüstandan daşınmasına sıcaq yanaşmadığı bəllidir: “Ona görə də Gürcüstanın və Rusiyanın istəyinin həyata keçməsi asan görünmür. Baş verən proseslərdə aydınlaşmayan və bir çox problemlər mövcuddur. İndidən hansı projeyə üstünlük veriləcəyi barədə proqnoz vermək çətindir. Eyni zamanda bu da faktdır ki, Gürcüstanda Saakaşvili demokratiyası bərqərar olduğu üçün Gürcüstan cəmiyyəti Qərbə inteqrasiya xəttindən vaz keçmək niyyətində deyil. Ona görə də Rusiyaya yaxın İvanaşvili hökuməti istəsə belə, Qərbə inteqrasiya xəttindən imtina edə bilmədi. Rusiya ilə ”Qazprom" anlaşmasından siyasi anlamda çox da uzağa gedən nəticələr çıxarmağın əsası yoxdur. Çünki strateji anlamda Gürcüstan Qərbə inteqrasiya xəttindən vaz keçməyib. Necə ki, Qərblə strateji münasibətləri Tiflis pozmur, eləcə də düşünmürəm ki, Azərbaycanla da strateji münasibətləri pozacaq addımlar atsın. Strateji münasibətlərə xələl gəlməsindən hər iki dövlət zərər görə bilər. Azərbaycanın dünyaya enerji dəhlizi Gürcüstandır. İkinci pəncərə Rusiyadır. Moskva marağındadır ki, Azərbaycanın Gürcüstan pəncərəsi bağlansın və Azərbaycan yeganə pəncərə olaraq Rusiyaya möhtac qalsın. Son zamanlar Azərbaycan-Gürcüstan münasibətlərində müşahidə olunan soyuqluq bundan qaynaqlanır. Münasibətlərin korlanmasına Azərbaycan və Gürcüstan hakimiyyətlərinin imkan verəcəyinə inanmıram".

Etibar SEYİDAĞA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR