İnsanlara hürriyət, millətlərə istiqlal!

Qocaman YAP-çıdan ittiham: “Hüseyn Paşayev YAP-ın tarixini bilmir”

3035 12.10.2016 13:30 Siyasət A A

“Bəli, mən 91-lərdən olmamışam, amma YAP-ı yaradanlardan olmuşam”. 

Keçmiş deputat, YAP üzvü Maksim Musayev bunu hakim partiyanın mətbuat katibi Hüseyn Paşayevin fikirlərinə münasibət bildirərkən deyib. 

Qeyd edək ki, H.Paşayev musavat.com-a müraciət edərək, M.Musayevin “91-lər” və YAP-ın quruculuğunda iştirak etmiş şəxslərə aidiyyatının olmadığını söyləyib: “Xahiş edirik ki, Maksim Musayev nə mətbuatda, nə ictimai yerlərdə, ümumiyyətlə, heç bir ünvanda özünü “Yeni Azərbaycan” Partiyasının qurulmasında iştirak etmiş “91-lər”in nümayəndəsi kimi təqdim etməsin və bununla bağlı KİV-lərdə çaşqınlıq yaratmasın. Keçmiş deputat Maksim Musayevin YAP-ın yaradılmasında heç bir iştirakı olmayıb”.

M.Musayev isə bu gün musavat.com-a telefon açaraq, onun da fikirlərinə yer ayrılmasını xahiş edib: “Hüseyn Paşayev deyir ki, “özlərini “91-lərin üzvü”, “YAP-ın qurucusu” kimi təqdim edən insanların əksəriyyətini mən tanımıram, yaxud da sonradan tanımışam”. Düz deyir, o, sonradan gəlib, YAP-ı yaradanları tanıya bilməz. Ona görə də mən Hüseyn Paşayevə məsləhət görürəm ki, bu barədə YAP-ın yaradılmasında iştirak etmiş başqa şəxslərdən soruşsun. Məsələn, Əli Əlirzayev, Ağabəy Əsgərov, Şahlar Əsgərov, Eldar İbrahimov, Kərim Kərimov, Asya Manafova, Səmayə Piriyeva, Arif Rəhimzadə, Səyyad Aran, Vasif Talıbov, Mixail Zabelin bu barədə ona dəqiq məlumat verə bilərlər. Çünki onlarla bir yerdə YAP-ı yaratmışıq. Təəssüf edirəm ki, Hüseyn Paşayev YAP-ın tarixini bilmir. YAP yaradılan gün 4 nəfər çıxış edib: Heydər Əliyev, Samur Novruzov, Murtuz Ələsgərov və mən... Beşinci çıxışçı olmayıb. Xahiş edirəm ki, o, bu cür açıqlamaları ilə YAP-ın tarixinə bədbəxtlik gətirməsin”.  

M.Musayev daha sonra H.Paşayevə məsləhət gördü ki, YAP-ın qurucuları barədə müxalifətçilərdən məlumat alsın: “Mirmahmud Fəttayev, Nizami Quliyev, İsa Qəmbər, Əli Kərimli, Etibar Məmmədov o zaman mətbuatda ardıcıl şəkildə məni tənqid edirdilər ki, YAP-ı yaradanlardan biri olmaqla səhvə yol vermişəm. Hüseyn Paşayev mənə inanmırsa, zəng edib müxalifətçilərdən əsl həqiqəti soruşsun. Nə olar ki, onların da Allahı var. Bu təsdiq etmirsə, onlar təsdiq edər. Özü də onlar olduqca mədəni şəkildə mənimlə debatlarda iştirak edirdilər. Hətta parlamentdə vuruşurduq, sonra gedib bir yerdə çay içirdik. Əsl sağlam ideoloji mübarizə gedirdi. Bir də məsləhətim budur ki, Hüseyn Paşayev gedib, savadını artırsın. 4 sentyabr 1999-cu ildə Heydər Əliyev Siyasi Şura üzvlərini yığdı. Dedi ki, yolumuz partiyadaxili sağlam əhval-ruhiyyə, sağlam münasibət, sağlam özünütənqid yaratmağa doğrudur. Biz də öz işimizi bu istiqamətdə qurmuşuq. Mənim nə günahım var ki, o, YAP-ın tarixini bilmir? Təəssüf ki, bu tarix yazılmayıb, mən yazmağa başlamışam, o da yarımçıq qalıb. Odur ki, mən H.Paşayevə məsləhət görərdim ki, başqa işə keçsin, qoy, YAP-ı yaradanlardan biri orada otursun”. 

M.Musayev Xızıda tikdirdiyi idman otağının sökülməsi faktına görə ölkə prezidentinə, DİN-ə, Baş Prokurorluğa və ombudsmana teleqram vurduğunu da söylədi. 

M.Musayevin fikirləri ilə bağlı Hüseyn Paşayevin və YAP rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq.

Cavid TURAN,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR