İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin Moskvaya və Nyu-Yorka getməməsinin sirri

16763 28.09.2015 08:50 Siyasət A A

Ötən həftə Moskvada restavrasiyadan sonra Mərkəzi Məscidin açılışı odu. Açılış mərasimində Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, Fələstin lideri Mahmud Abbas və Qazaxıstan prezidenti Nursultan Nazarbayev iştirak etdi.

Maraqlıdır ki, Azərbaycanın prezidenti İlham Əliyev bu mərasimə dəvət olunsa da, Moskvaya getmədi. Bu isə müxtəlif mülahizələrə səbəb olub.

Bəzi ekspertlərin fikrincə, Ərdoğanla Vladimir Putinin qatıldığı tədbirə İlham Əliyevin getməməsi çox təəccüblüdür. Onların sözlərinə görə, bunun ciddi səbəbləri olmamış deyil. “Son aylar ərzində Azərbaycanın Rusiya ilə yaxınlaşması Qərb ölkələri ilə ciddi qarşıdurma yaradıb. Qərb ölkələri də prinsipial məsələlərdə Azərbaycan hakimiyyətinə güzəştə getməyəcəklərini açıq şəkildə bildiriblər. Hətta Azərbaycana qarşı iqtisadi münasibətlər sahəsində ciddi məhdudlaşdırmaların ola biləcəyinə işarə vurulub. 

Bu isə Azərbaycana ağır zərbə ola bilərdi. Görünür, İlham Əliyev bütün bunları nəzərə alaraq açıq şəkildə Rusiya ilə yaxşı münasibətlərdə olduğunu göstərmək istəmir”,- deyə ekspertlər bildirib.

İlham Əliyev BMT-nin yubiley sessiyasına da qatılmadı. Fakt budur ki, Azərbaycanın dövlət başçısı Nyu-Yorka getməyib. BMT-nin ali toplantısında ölkəmizi xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir. 


Politoloq Natiq Miri isə hesab edir ki, Moskvada Azərbaycan prezidentinin Moskvaya səfər etməsi üçün ciddi zərurət olmayıb. Çünki Rusiya prezidenti ilə keçiriləcək görüşdə müzakirə olunacaq məsələlər haqda istər Putinin, istər Əliyevin mövqeləri bəllidir: “Bu məsələlər Rusiya xarici işlər naziri Sergey Lavrovun az öncə Azərbaycana səfəri zamanı tamamilə müzakirə olunmuşdu. Lavrov Azərbaycan tərəfinin istəkləri, təklifləri ilə bağlı hər şeyi prezident Putinə, şübhəsiz ki, çatdırıb. Top artıq Rusiyanın meydanındadır. Diqqət edirsinizsə, Lavrovun səfərindən sonra Ermənistan prezidenti təcili olaraq Moskvaya çağırıldı. Təbii ki, bu çağırışlar həm də Dağlıq Qarabağ məsələsinin müzakirəsi üçün idi. Ola bilsin ki, başqa məsələlər də var. Dağlıq Qarabağ probleminin çözümü yönündə bir çox informasiyalar dolaşır. Bu informasiyaların içərisində Rusiya qoşunlarının Azərbaycan ərazilərinə sülhməramlı qoşun adı altında gəlməsi də var. Düşünürəm ki, Rusiya ilə müzakirələrdə Azərbaycan prezidenti üçün aydın olmayan məqam olmadığı üçün Moskvaya getməyə lüzum görmədi”.

Ekspert onu da bildirdi ki, prezident eyni zamanda, bu səfərə getməməklə bir neçə gün sonra Nyu-Yorka getməmək üçün zəmin yaratdı: “Çünki BMT-nin yubiley sessiyasında Azərbaycan prezidenti üçün müəyyən arzuolunmaz bir mühitin ortaya çıxacağı ehtimalı var idi. Ola bilsin ki, rəsmi Bakıda bu barədə məlumat var imiş. Mümkün idi ki, Azərbaycan iqtidarına ünvanlanan bəzi xoşagəlməz çıxışlar təşkil edilsin. Belə bir vəziyyətdə Azərbaycan orada təklənə bilərdi. İstisna deyil ki, bu xoşagəlməz situasiyadan yan keçmək üçün Nyu-Yorka səfər təxirə salındı”. 

Qeyd edək ki, BMT-də İlham Əliyevə “Cənub-Cənub” mükafatı verilib. Mükafatı prezidentin adından nazir Elmar Məmmədyarov qəbul edib." Cənub-Cənub" mükafatı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Davamlı İnkişaf üçün “Cənub-Cənub” İdarəedici Komitəsi, Beynəlxalq Telelkommunikasiya İttifaqı, Cənub-Cənub Əməkdaşlığı üzrə Beynəlxalq Təşkilatı və bir sıra BMT-yə üzv dövlətlər, agentliklər və fondlar tərəfindən təsis olunub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sözügedən mükafat BMT-nin hesabatlarına əsasən kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, Minilliyin İnkişaf məqsədlərində əsaslı irəliləyişlərə nail olmuş ölkələrə verilir.

Azərbaycan, onun prezidenti 2015-ci il üzrə sözügedən mükafata layiq görülüb.

Etibar SEYİDAĞA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR