İnsanlara hürriyət, millətlərə istiqlal!

“Prezident öz komandasını ciddi sınağa çəkib”

7243 07.01.2016 08:15 Siyasət A A
Neft gəlirlərinin azalması və hökumətin büdcəyə qənaət etmək məcburiyyətində qalması bir çox paralel strukturların ləğvini gündəmə gətirib. Eləcə də yeni iqtisadi şəraitdə günbəgün dəyişən şərtlərə uyğun çevik hökumətin qurulması gündəmdədir. 

“Çevik hökumət” modelinin qurulması həm də idarəçilikdə kənarda qalmış, sadəcə, dövlət büdcəsini “əritmək”lə məşğul olan məmur ordusunun da vəzifədən uzaqlaşdırılması deməkdir. İctimaiyyətin müzakirəsində olan bu məsələyə hökumət komandasında da münasibət birmənalı deyil. Ekspertlər isə yeni şəraitdə bu islahatların həyata keçirilməsinin vacibliyindən danışırlar. 

Deputat Zahid Oruc da  “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, yeni durum ənənəvi neft hökumətinin dəyişilməsini tələb edir: “Hökumətin fəaliyyətinə uyğun olaraq onu müxtəlif adlarla çağırmaq olar. Yəni ”asan hökumət" modeli, “çevik hökumət” modeli, elektron hökumət modeli və sair. Bunlar mahiyyətcə vətəndaş üçün zamanında çox təcili tədbirlər görməyi bacaran, iqtisadi və siyasi proseslərin tələblərini dəqiq görən və bunu idarə edən, beynəlxalq münasibətlər sisteminə rəğmən özünü qorumağı bacaran dövlətlər ayaqdadır və onlara münasibət də yüksək olur. Bu mənada etiraf etmək lazımdır ki, neft dövrünün hökuməti indi yeni  çağırışlar qarşısındadır. Biz bununla bağlı ciddi çağırışlar verməkdəyik ki, asan pullara qərar vermək, onları müxtəlif layihələrə yönəltmək indi məsələnin çox kiçik bir hissəsidir. İndi önəmli olan neftdən kənar vəsaitlərin qazanılması üçün planları hərəkətə gətirməkdir. Bu daşımalar sistemindən tutmuş yeni texnoloji avadanlıqlara qədər, iqtisadiyyatda innovasiyaların tətbiqi, idxal və ixracın stimullaşdırılması, onun şəffaf qaydada aparılması, inhisarçılığın ləğvi və sairəni nəzərdə tutur". 
Məclis üzvü yeni hökumət modellərinin Azərbaycanda da uğurla reallaşacağına inandığını vurğuladı: “Bu model bütövlükdə ölkənin xeyrinədi. Yəni yalnız bir qrup iş adamları hansısa faydalar götürəcəklər, əvəzində orta və kiçik sahibkarlıq inkişaf etməyəcəksə, bir-iki devalvasiya fonunda həmin ticarət mühitinin süstləşməsi, qeyri-müəyyənlik, panika, vətəndaşların əllərindəki vəsaitləri xarici valyutaya çevirib gözləmə mövqeyi tutması avtomatik olaraq hamının ziyanına işləmiş olacaq. Ona görə də hökumət yeniləşmə mövqeyindədir və cənab prezident bu yöndə özünün ilk addımlarını 2015-ci ildə atdı. Etiraf etmək lazımdır ki, bəlkə də devalvasiyanın məlum təsirləri, milli təhlükəsizlik nazirinin vəzifədən azad edilməsi, yoxlamaların azaldılması, 2016-cı ildən başlayaraq gömrük sistemində broker xidmətlərinin tamamilə ləğvi, idxal və ixracın tam qanuni mexanizmlərlə aparılması məsələsini bizə tam dəyərləndirməyə imkan vermir. Halbuki bu, hökumətin fəaliyyəti üçün kifayət qədər mühüm və yeni məqamlardır. Ona görə də mənim aləmimdə ölkə başçısı öz komandasını çox mühüm bir sınağa çəkmiş oldu, onun baxışlar sisteminə, hərəkət sürətinə, çevik qərarlarına uyğun olmayan şəxsləri biz yeni dövrdə yəqin ki, hökumətdə görməyəcəyik”. 

Bir çox dövlət qurumunun fəaliyyəti vətəndaşlar üzərində rüşvət tələsi yaratmağa xidmət edib”


Zahid Oruc qarşıdakı dövrdə bir neçə dövlət strukturunun birləşəcəyini istisna etmədiyini bildirdi: “Bunlar, sadəcə, mexaniki birləşmə olmayacaq, onların fəaliyyətinin istiqamətinə görə müəyyənləşdiriləcək. Həm də şişmiş aparatlardan azad olmağımız üçün bunlar baş verəcək. Məmur ordusunun saxlanılmasına xərclənən vəsait dünya ölkələrində Azərbaycanla müqayisədə kifayət qədər yüksək rəqəmlərdir. Bu cür vəsaitlərin məmurlara deyil, vətəndaşlara xərclənməsi daha yaxşı olardı. Bir çoxları deyirlər ki, biz mexaniki ixtisar təklif edirik. Lakin bəzi peşəkarları mexaniki ixtisar yolu ilə komandadan kənarlaşdırmaq da heç işimizin xeyrinə olmazdı. Nazirliklərin birləşdirilməsi qanunvericilik əsasında və dövlət qulluğunun şərtlərinə uyğun aparılmalıdır. Orada bacarıqlı insanlar yer almalıdırlar, ancaq eyni zamanda ayağının biri biznes sektorunda olanlar da artıq bu fəaliyyətə dönüb, lakin şəffaf, normal, inhisarçılıqdan kənar, idxal və ixracın sərbəst olduğu bir ölkədə fəaliyyətlərini həyata keçirməlidirlər. Bu səbəbdən onlar vəzifədən kənarda qalmaqlarını faciə kimi qarşılamayacaqlar. Məsələnin digər tərəfi isə odur ki, neft dövrünün hökuməti və neft dövrünün komitələri, agentlikləri və səhmdar cəmiyyətləri mövcuddur. Hazırkı şəraitdə rəqabət qabiliyyəti olmayan qurumlar, sadəcə, yaşamırlar, onların fəaliyyətinə ehtiyac olmur. Mən bir faktı da qeyd edim ki, əhalinin 100 min nəfərinə düşən məmur sayına görə bizdə rekord rəqəmlər mövcuddur. Ancaq bir yandan da bu qurumların bir çoxunun fəaliyyəti vətəndaşlar üzərində rüşvət tələsi yaratmağa xidmət edib. Onların fəaliyyətinə nə zərurət var? Bir şöbə səviyyəsində olan qurumlara biz böyük ştat heyəti, maşın və avadanlıqlar, ödəmələr və sair ayırmışıq. Dövlət Standartlaşdırma və Patent qurumundan tutmuş, buna bənzər müxtəlif agentlik və səhmdar cəmiyyətlər də dediyimiz işi aparırlar. Dövlət üçün bu, yük deməkdir. Dövlət büdcəsinin böyük hissəsini buna ayırmaq o deməkdir ki, iqtisadiyyata, sosial sferaya, tibb sektoruna, təhsilə o vəsaitlər qoyula bilmir. Ona görə də SOCAR brendi altında bizim həyata keçirdiyimiz tikinti layihələri əvəzinə, bu ölkənin coğrafiyasından yararlanmağı bacaran, daşımalara meydan verən, innovasiyaları tətbiq etməyi bacaran, xaricdə təhsil alıb, ölkədəki proseslərdən baş çıxaran insanlara meydan verilməlidir”. 
Deputat struktur islahatlarının ölkə üçün müsbət nəticələrə yol açacağını da qeyd etdi: “Kimdəsə neftin qiymətinin aşağı düşməsinin ikili sevinci var. Bir qisim hesab edir ki, bu, hakimiyyət dəyişikliyinə səbəb olacaq - xəstə bir sevincdir, vətəndaşın yaşadığı problemlərə sevinmək olmaz. Ancaq ikinci bir qisim də var ki, daha realist iqtisadiyyat qurmaq, manatın sabitliyini təmin etmək, onun arxasında dayanan iqtisadi bazanı möhkəmləndirmək, vətəndaşların gəlirlərini artırmaq, ölkənin ümumdaxili məhsulunu neftdən kənarda formalaşdırmaq naminə bu resursun qiymətinin aşağı düşməsi o qədər də faciə deyil.

Azərbaycan insanı ona borclu deyil ki, hər gün durub London birjasını izləsin. Bu problemdən hamımızın azad edilməyimiz üçün hökumətin fəaliyyəti optimallaşmalıdır, o asan modeldə XİN, DİN, təhlükəsizlik orqanlarını, silahlı qüvvələri çıxmaq şərtilə, yerdə qalan qurumların hamısının fəaliyyəti asanlaşacağı təqdirdə, hamımız onun faydasını hiss edəcəyik, ölkədə iqtisadi şərait dəyişəcək. Bu da gələcəkdə məmur sisteminin, bürokratik sistemin də dəyişilməsinə səbəb olacaq”. 

Nərgiz LİFTİYEVA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR