İnsanlara hürriyət, millətlərə istiqlal!

PƏNAH HÜSEYNDƏN RƏHİM QAZIYEVƏ ŞOK CAVAB

4276 12.06.2009 02:59 Siyasət A A

“Rəhim Qazıyevin yazdıqları suyu bulandırmaq və diqqəti məsələnin mahiyyətindən yayındırmaqdan başqa bir şey deyil. Ümumiyyətlə o, debat zamanı da istər mənim, istərsə də qəzet əməkdaşlarının onun qiyamda iştirakı ilə bağlı verilən suallara, açıq - aşkar faktlara, dəlillərə, ümumiləşdirmələrə hər hansı bir şəkildə cavab vermək əvəzinə, məsələyə dəxli olmayan, mənasız, uydurma mövzularla, onun-bunun haqqında şər - şəbədə ilə aranı qatmağa çalışırdı. Bunu oxucular da gördü.
İndi bu şanlı məktubunda da eyni yolu gedir. Qəsdən məsələləri qarışdırır. Yazır ki, Pənah Hüseynin dediyi söhbət Qraçovla yox, general Şerbakla olub. Tutaq ki, belə olub. Bununla nə dəyişir? Bir ölkənin müdafiə nazirinə Azərbaycana dost olmayan, ona qarşı erməni təcavüzündə bir başa iştirak edən xarici ölkənin hərbi hissəsinin (həm də o hərbi hissənin ki, Azərbaycana qarşı diversiyaların, hərbi qiyamın hazırlanma və yönləndirmə mərkəzi, kəşfiyyat bazası kimi fəaliyyət göstərir)  komandanı, generalı deyir ki, onlar, yəni, Azərbaycanın prezidenti, parlamentin sədri,  dövlət katibi və s. səni məhv etmək istəyirlər, Baba Nəzərli gedib, Surət gedib, növbə sənindir. Müdafiə naziri də ona cavab verir ki, siz mənə kömək edin, mən öz əclaflarımızla haqq-hesab çəkərəm. Mən sualı təkrarlayıram bu, vətənə xəyanət deyil, bəs nədir?     
Hərçənd ki, Rəhim Qazıyev doğru da danışmır. Qəzetdə dərc olunan mətndə xırda bir texniki qüsurdan istifadə etmək istəyir. Debatın səs yazısı mövcuddur. Mən orda Qraçovun köməkçisi demişəm və bu gün də təkrar edirəm Rəhim Qazıyevin istefasına əsas səbəb Qraçovun köməkçisi ilə olan telefon danışıqları idi.
Rəhim Qazıyev Moskvada müdafiə naziri ilə, burda da Şerbakla o qədər danışıb ki, haqq-hesabı itirib. Deyir ki, onun Şerbakla danışığı 93-cü il fevralın 8-də olub. Halbuki, fevralın 8- də AXC-nin  Surət Hüseynovu xəyanətkar elan edən  məlum bəyanatı hələ olmamışdı. Həmin bəyanat fevralın 9-da verilib. Surətlə də açıq toqquşma yox idi. Odur ki, Şerbak, ya başqası “Surət getdi, Nəzərli getdi, indi sənin növbəndir,  onlar  səni məhv etmək istəyirlər” kimi sözlər deyə bilməzdi. Elə həmin vaxt baş ştabın rəisi Nurəddin Sadıqov və  Baba Nəzərli Rəhim Qazıyevə milli qəhrəman adı verilməsi barədə prezidentə Müdafiə Nazirliyinin təqdimatını gətirmişdilər. Yəni nazirlikdə kimlərsə Rəhim Qazıyevlə bağlı gərgin münasibətləri bilsəydi, o təqdimatı da gətirməzdilər.
Təkrar edirəm, haqqında danışılan telefon söhbəti  Surət Huseynovla baqlı  AXC- nin bəyanatından sonra olmuşdu. Və Qraçovun köməkçisi ilə olmuşdu. Rəhim Qazıyev yəqin unudub ki, Şerbakla da, Qraçovun köməkçisi ilə də telefon danışıqlarının mətni Milli Məclisin səhv etmirəmsə 19 fevral 1993 cü il tarixli qapalı iclaslarında oxunub. Və həmin iclasın  stenoqramları qalır. Rəhim Qazıyev unudub ki, məhz həmin mətn oxunduqdan sonra o, çaşqın vəziyyətdə tribunaya qalxıb istefa verdi. Rəngi də ağarmışdı, gözləyirdi ki bundan sonra, onun həbsinə razılıq barədə təqdimat veriləcək. Əslində onu o vaxt həbsdən istefası xilas etdi. Bir detalı onun yadına salım. Həmin mətnlər oxunanda etiraz etdi ki, o, Ali Sovetin deputatıdır, odur ki, danışıqları qanunsuz yazılıb. Milli Təhlükəsizlik naziri cavab verdi ki, sənin danışıqların xarici ölkənin generalı ətrafında əməliyyat tədbirləri aparılarkən qeydə alınıb.
Yəni Rəhim Qazıyevin haqqında söhbət gedən danışıqları, heç də ön cəbhə xəttindəki rabitə xətti ilə yox, general Şerbakın telefonları dinlənilərkən qeydə alınmışdı. O vaxt əks-kəşfiyyat SSR dönəmində ən məxfi xətt sayılan - VÇ rabitə sisteminə daxil olmağa  nail olmuşdu və Gəncədəki VÇ ATS - dinlənilməyə  götürülmüşdü. Moskva ilə telefon danışıqları  da Rəhim Qazıyevin müdafiə nazirliyində kabinetindən  yox, Şerbakın otağından aparılmışdı. Diqqət edin, Rəhim Qazıyev  deyir ki, güya Şerbaka ön cəbhə  xəttindən zəng edib ondan kömək istəyir. Yalançının yaddaşı olmaz. O vaxt mobil telefon yox idi. Ön cəbhə xəttindən xarici ölkənin hərbi hissəsi ilə hansı rabitə əlaqəsi mövcud ola bilər? Xüsusən, ön xəttdən VÇ ATS- nə necə zəng etmək olar? Ümumiyyətlə, belə bir mühüm məsələni bir ölkənin müdafiə naziri necə telefonla danışıb həll edə bilər və Şerbakın oturduğu otaq ön xəttdən nə qədər uzaqlıqda idi ki? Bir neçə on kilometr. Bir saatdan da az vaxt lazım idi ki, onunla üzbəüz  oturub bu cür məsələləri müzakirə edəsən. Yəni daha bu qədər ağ etmək olmaz.
Bir detalı da deyim. Rəhim Qazıyevin istefasının qəbul olunub, vəzifədən azad olunması haqqında fərman bizim dövrdə yeganə fərmandır ki, səhər saat 9- da imzalanıb. Rəhim Qazıyev Milli Məclisdə istefa verib getdiyi günün səhəri prezident mənə zəng edib tapşırdı ki, təcili onun azad olunması haqqında fərmanı hazırlayıb imzaya təqdim edim. Mən belə tələskənliyin səbəbi ilə maraqlandıqda prezident bildirdi ki, deyəsən, bu fikrini dəyişib. Gəncədən mənə zəng edib ki, ruslarla danışıb məsələni həll etmişəm. Deyəsən, gəlir Bakıya.   
Gəlirəm Baba dayı məsləsinə. Rəhim Qazıyev Pənah Hüseyndə guya böyük bir şey tutubmuş kimi, lağ edir  ki, gör ha, sən demə, Qraçov Nəzərliyə Baba dayı deyirmiş. Yəni bunu mənim dediklərimin uydurma olduğuna dəlil kimi göstərir. Rəhim Qazıyev, ən azı sən bilirsən ki, Nəzərlinin ata - anasının qoyduğu metirkadakı adı Babadayı olub. Babadayını sonra necə Baba dayıya çevirmisiniz, bunu sən bilərsən. Babadayı da elə - belə adam olmayıb. Sən bilməmiş deyilsən ki, o, Moskvada kifayət qədər tanınmış fiqur idi. Səhv etmirəmsə 94, ya da 95- ci ildə  “İzvestiya” qəzetində Azərbaycanın beynəlxalq silah ticarətində yeri barədə, o cümlədən sənin də adın çəkilməklə, verilən informasiyaların meydana gəlməsində  92 - 93 -cü illərdə Baba Nəzərlinin xidmətləri az olmayıb. Bu, başqa mövzudur.
Odur ki, sussan yaxşıdır. Sən kifayət qədər cəza almısan, uzun müddət həbsdə yatmısan, bir hissəsini də ölüm hökmü altında. Sən bir bax, tam tək qalmısan. Özün də deyirsən ki, heç kim sənə yaxın durmur. Nə müxalifət nə iqtidar, nə cəbhəçilər, nə əliyevçilər, nə Surət Hüseynov, nə mütəllibovçular, - heç kəs səninlə bir olmaq istəmir, adını sənə bağlamaq istəmir. Sığındığın ruslar da səni satdı. Bunlardan bir nəticə çıxart. Necə ola bilər ki, bütün aləm, hər kəs, hamı günahkardır bir səndən başqa? Deyirsən ki, ibadət edirsən, namaz qılırsan, həqiqətən belədirsə, yəqin günahlarının bağışlanması üçün Allaha dua edirsən. Dua et. Səni bəlkə Allah bağışladı. Səni ancaq Allah bağışlaya bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR