İnsanlara hürriyət, millətlərə istiqlal!

Məmmədyarov çıxılmaz durumda-səfirlər geri çağırılır

23671 11.06.2015 09:00 Siyasət A A

İslam Konfransı Təşkilatının Avropa İttifaqı yanındakı nümayəndə heyətinin rəhbəri Arif Məmmədovun facebook statusu ətrafında yaranmış qalmaqal hər ötən gün daha da böyüyür. Məlum olub ki, hakimiyyətin ciddi qınağına tuş gələn xarici işlər naziri Elmar Məmmədyarov Xarici İşlər Nazirliyində bir neçə diplomatı işdən çıxarıb. Onlar yanmış bina ilə bağlı 20 mayda məmurları tənqid edən statusu bəyənən diplomatlardır. 

Səfirin statusunu bəyənən (“like” edən)  istifadəçilər arasında diplomatik xidmətin beş əməkdaşı olub: Fərəh Gözəlova, Anar Mədətli, Cavid Musayev, Ramiz Vəliyev və XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev. “Turan” XİN-dən rəsmi təsdiq və ya hər hansı şərh  ala bilməyib. Bir həftədən çoxdur ki, Hikmət Hacıyev telefonlara cavab vermir. Xatırladaq ki, o, iyunun 7-də bəyanatla çıxış edərək A.Məmmədovun fikirlərini pisləmişdi. Bir gün sonra isə Cavid Musayev də “müxalifətçi diplomat”ı pisləyən açıqlama yaymışdı.

***
A.Məmmədov isə nəinki geri çəkilir, əksinə iqtidarın üzərinə daha ürəklə gedir. O, diplomatların işdən çıxarılmasına təəssüf etdiyinin bildirib: “Təəssüf edirəm ki, insanlar xalqıma verdiyim başsağlığı ilə razılaşdığına və ”layk" etdiyinə görə hesab ödəməli olur" deyə, o bildirib. Məlum olub ki, onun geri çağırılmasın Azərbaycan XİN-in səlahiyyətində deyil, belə ki onun İƏT ilə 4 illik müqaviləsi var.


Mediaya verdiyi müsahibədə o, hakimiyyət dəyişikliyinin tərəfdarı kimi deyil, islahat tərəfdarı kimi çıxış etdiyini söyləyib: “Hakimiyyət xalqın ondan gözlədiyi islahatları həyata keçirə bilsə... Biz də xalqın, küçədəkilərin, hətta elitanın əhvalını yaxşı bilirik. Elitada elə adamlar var ki, baş verənlərin səhv olduğunu görür. Onları şəxsən tanıyıram, elitanın bir çox üzvləri ilə ünsiyyətdəyəm. Əgər məni tanıdıqlarına görə də adamları işdən çıxarsalar, onda gərək bütün siyasi elitanı qovsunlar. Adamlar başa düşür ki, nəsə etmək lazımdır. Düşünürəm ki, cəmiyyətdə islahat aparmaq və bundan qorxmamaq lazımdır. Əgər prezidentin buna gücü və qətiyyəti çatsa, xalq onu dəstəkləyəcək".



Diplomat müsahibəsində onun düşünülmüş olaraq “müxalifət lideri” kimi önə çıxarılması barədə iddialara da münasibət bildirib: “Müxalifətin bir hissəsi, yaxud onun lideri olmaq, hər hansı siyasi partiya yaratmaq fikrim yoxdur. Partiyalar saya fikir verir. Onlara tərəfdarlarının sayı vacibdir. Mən isə keyfiyyətin vacib olduğunu hesab edirəm. 10-20 nəfərlik komanda 5 partiyadan yaxşı işləyə bilər. Əgər düşünən insanları bir yerə toplaya bilsən, qarşında heç bir maneə olmayacaq”.


Diplomatla bağlı daha bir sensasion iddianı  milli təhlükəsizlik nazirinin sabiq birinci müavini, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər səsləndirib. Onun fikrincə, Qərblə Rusiya arasında MDB, xüsusən də GUAM məkanında geopolitik savaş gedir: “Bu savaş Ukrayna, Gürcüstan və Moldovada açıq formada getsə də, Azərbaycanda bu proses gizli gedir. Bu geosiyasi savaş getdikcə, hərbi-siyasi vəziyyətin kəskinləşməsi fonunda xüsusi xidmət orqanları aktivliyini daha da artırıblar. Azərbaycan uğrunda gizli savaş şiddətlənib. Xüsusi xidmət orqanlarının aktivliyi göz önündədir. Ona görə də, Azərbaycanla Qərb arasında ayrı-ayrı ölkələr, beynəlxalq təşkilatlar arasında münasibətlər kəskinləşib. Yaxın zamanlarda bu gizli savaşın qızışacağını proqnozlaşdırmaq o qədər də çətin deyil.”

S.Əkbər deyib ki, Arif Məmmədovun keçmişi o qədər etibarlı deyil: “Onu daha çox hipotetik olaraq rus kəşfiyyatının Qərb kəşfiyyatı ilə başlatdığı oyun hesab edirəm. Onların, A. Məmmədovun Qərbin axtardığı adamlardan biri olduğunu göstərmək mesaji verdiyini düşünürəm. Yəni bunun Rusiyaya xüsusi xidmət orqanlarının ABŞ, Qərb xüsusi xidmət orqanlarına qarşı başlatdığı bir oyun olduğunu düşünürəm. Bununla A. Məmmədovu Azərbaycan hakimiyyətinə müxalif ola biləcək perspektivli bir lider kimi göstərmək istəyirlər. Mən ilkin olaraq bu variantı araşdırmağın tərəfdarıyam.”

Xatırladaq ki, bəzi saytlar A.Məmmədovun Moskvada Baş Kəşfiyyat İdarəsinin məktəbini bitirdiyinin yazsa da, diplomat bunu təkzib edir. O, Moskvada Hərbi Tərcüməçilər İnstitutunda oxuduğunu deyib.


İyunun 10-da diplomat öz facebook səhifəsində  yeni müraciət yayıb. “Sevimli xalqım” sözləri ilə başlayan müraciətində A.Məmmədov yalnız ona irəli sürülən rus kəşfiyyatı ittihamına toxunub. 

“Qərbdə kifayət qədər geniş tanınmağımı və imkanlarımın olduğunu bilərək (Qərb 20 ildə mənim kim olduğumu kifayət qədər dərindən öyrənib) primitiv şəkildə Qərbə mənim Rusiyanın dairələrinə yaxın olduğumu çatdırmaq istəyirlər. Bu, Avropada gülüşlə qəbul olunur. Ölkə daxilində kimsə buna inanırsa belə, Qərb mənim heç bir xarici qüvvəyə bağlı olmadığımı çox gözəl bilir” deyə, diplomat bildirib.

*     *    *

Məlumatlara görə, nazir E.Məmmədyarov da hazırda çıxılmaz durumdadır, hətta Avropa Oyunlarından sonra istefası gündəmdədir. “Yeni Müsavat”ın iqtidara yaxın qaynağı deyib ki, Məmmədyarovun son Qarabağ danışıqlarında da “işğalçı Ermənistan” terminini işlətməməsi iqtidar kuluarlarında ciddi narazılıq yaradıb. Bu barədə XİN rəhbərinə bir neçə dəfə irad bildirilib də. Ümumiyyətlə onun davranışlarında heç zaman vətənpərvərlik elementləri görünməyib. Sanki ümumiyyətlə, ölkənin xarici işlər naziri bir başqasıdır...

Daha bir ilginc məlumata görə isə prezidenti İlham Əliyev Azərbaycanın Avropa ölkələrində təmsil edən səfirlərin çoxunu vaxtından əvvəl geri çağıracaq. Buna səbəb onların etimadı doğrulda bilməməsi və Azərbaycandan daha çox Qərbin maraqlarını müdafiə etmələridir ( istiqlal.az).  İddiaya görə, Arif Məmmədovla bağlı qalmaqdan sonra hakimiyyət diplomatik korpusun fəaliyyətinə və tərkibinə yenidən baxmağı qərara alıb. Adı “qara siyahı”da olan Avropadakı səfirlər sırasında Avropa İttifaqındakı səfir Fuad İsgəndərov, Azərbaycanı NATO-da təmsil edən Xəzər İbrahim, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov və başqalarının adı çəkilir. 

“Yeni Müsavat”



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR