İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan Müstəqillik gününü NATO tanklarının əhatəsində qeyd edir - FOTOLAR

2818 27.05.2016 08:40 Siyasət A A
Gürcüstan paytaxtına növbəti səfərimiz qonşu dövlətin əsas bayramı - Müstəqillik gününə təsadüf etdi. Tədbiri əvvəlki illərdən fərqli edən isə onun daha geniş şəkildə, daha təmtəraqla qeyd olunmasıdır. 

Tiflisin mərkəzində, Azadlıq meydanına uzanan küçələrdə böyük izdiham yaşanıb. Tədbirin diqqətçəkən əsas məqamlarından biri də Gürcüstanın Müstəqillik gününə NATO-nun qoşun hissələrinin top-tüfənglə, tankla qatılması idi. Əsas dövlət bayramında iştirak etmək üçün ümumilikdə 800 NATO hərbçisi mayın 9-da Gürcüstana ABŞ hərbi hava qüvvələrinin 3 təyyarəsi ilə gətiriliblər. Yada salaq ki, Gürcüstan Demokratik Respublikası Məhəmməd Əmin Rəsulzadənin başçılığı altında Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasından 2 gün əvvəl – 1918-ci il mayın 26-da yaradılıb. 

Noe Jordaniyanın rəhbərliyi altında müstəqil elan edilən Gürcüstan Demokratik Respublikasını 18 mart 1921-ci ilə - süqut edənə qədər 23 dövlət tanıyıb. Mayın 26-dakı hərbi paradda həmin dövlətlərdən də iştirak edənlər olub. Paytaxt Tiflisdə baş tutan paradda NATO-ya daxil olan 4 dövlətin - ABŞ, Fransa, Böyük Britaniya və Yeni Zelandiyanın qoşunları Gürcüstan hərbçiləri ilə birgə iştirak ediblər. Gürcüstanın növbəti dəfə müstəqilliyini elan etməsindən ötən 25 il ərzində ilk dəfə idi ki, bu dövlətdə NATO qoşun hissələri belə bir mühüm dövlət tədbirinə qatılıblar. 

Yerli sakinlər NATO tanklarının fonunda şəkil çəkdirir, uşaqlar tankların üzərində fotokameralara poz verirdilər. Tədbirdə iştirak edən turistlər sırasında Ukrayna və Azərbaycandan gələnlər çoxluq təşkil ediblər. Maraqlı məqamlardan biri də tankların, hərbçilərin Azadlıq meydanına, Gürcüstana demokratiyanın gəlişinə qucaq açmış bir məkana yerləşdirilməsi idi. Paytaxt Tbilisidə Azadlıq heykəlini üzük qaşı kimi əhatələyən tank-top qoşunları gecəyarısına kimi orada Gürcüstan vətəndaşlarının və qonaqların maraqla izlədiyi obyektlərə çevrilmişdilər. Beləcə, qonşu dövlət müstəqilliyinin elan olunmasının 98-ci ilini qeyd edib.

E.MƏMMƏDƏLİYEV, musavat.com
Tbilisi

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR