İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Kərimli yenidən AXCP sədri seçildi

2246 28.09.2015 08:10 Siyasət A A

Azərbaycan Xalq Cəbhəsi Partiyası çoxdan gözlənilən qurultayını keçirdi. Hazırkı sədr Əli Kərimli alternativsiz seçkidə açıq səsvermə ilə partiyanın qarşıdakı 4 ildə növbəti dəfə rəhbəri seçildi. Sədrliyə günlər öncədən namizədliyini irəli sürən partiyanın Rəyasət Heyətinin üzvü Sahib Kərimli irəli sürdüyü sədrin gizli səsvermə ilə seçilməsi təklifi qəbul olunmadığı üçün iddiasını geri götürdü. 

S.Kərimlinin bu addımına dərhal sosial şəbəkələrdə kəskin reaksiya verildi. Xüsusilə, Razi Nurullayev tərəfindən yaradılan yeni AXCP-nin tərəfdarları onu tənqid atəşinə tutdular. Bir sıra iddialar ortaya atıldı. Əsas iddialardan biri S.Kərimlinin Ə.Kərimlinin planı üzrə hərəkət etdiyini, məhz onun təklifi ilə seçkiöncəsi demokratik mühit yaratmaq məqsədilə belə bir addım atması ilə bağlı oldu. 

Qeyd edək ki, günlər öncədən AXCP-nin Əli Kərimli qanadının indiyə qədər keçirdiyi konfransların əksəriyyətinin saxtakarlıq şəraitində baş tutduğu barədə mətbuatda xəbərlər dolaşırdı. Hətta çayxanalarda çəkdirilən fotoların konfrans şəkilləri kimi cəmiyyətə təqdim edilməsi fikirləri də az səslənmirdi. Qurultay başlayan kimi isə yetərsayın alınmadığından muzdlu insanların qurultayın keçirildiyi məkana gətirilməsi ilə bağlı fikirlər də sosial şəbəkələrdə dolaşdı. 

Onu da xatırladaq ki, Ə.Kərimli qurultay gününü təyin etdiyi andan etibarən partiyanın Razi Nurullayev qanadı qurultayın nəticələrini qeyri-legitim elan edəcəklərini bildirmişdilər. Buna uyğun olaraq, qurultay başlayar-başlamaz AXCP-nin Etimad Qurultayı üzrə Təşkilat Komitəsi bəyanat yayaraq, nəticələrin legitim olmayacağını bəyan etdi. Əsas kimi də, Ə.Kərimlinin son bir ildə qanunsuz şəkildə cəmiyyətə AXCP sədri kimi təqdim olunması gətirildi. 

Qurultayın nəticələri barədə “Yeni Müsavat”a açıqlama verən R.Nurullayev Azərbaycan siyasətində növbəti şouya tamaşa etdiklərini bildirdi: “Azərbaycan siyasətində yaramaz bir şou baş verdi. Əgər bu gün YAP sədrini dəyişmirsə, seçkini istədiyi kimi keçirirsə, alternativsiz namizəd irəli sürürsə, eyni şeyi də Əli Kərimli edir. Bu insan şəxsi ambisiyalarının quluna çevrilib. Bütün insanlar anlamalıdır ki, o, siyasətdə heç zaman uğur qazana bilməz. Onun İlham Əliyevi tənqid etməyə nə mənəvi, nə hüquqi, nə də insanlıq haqqı çatır. İlham Əliyev seçkilərə gedən zaman daha dürüstdür. Çünki özünə 100%-lik nəticə yazmayıb. Amma Kərimli bunu etdi. YAP Əli Kərimlidən daha insaflıdır... Kərimli bir il idi ki, legitim sədr deyildi, sədrliyi qəsb etmişdi. Alternativsiz seçki keçirilirsə, hər kəs nəyə görəsə mandatını qaldırıb, ona səs verirsə, başqa sözə gərək yoxdur. Neçə illərdir ki, bu şou baş verir”.

R.Nurullayev bu gün keçirəcəkləri qurultayın zamanının bəlli olacağını da qeyd etdi: “Təbiətən mən yumşaq, barışığa meylli, demokrat insanam. Onların iyrənc hərəkətlərindən sonra mənə güc gəlir, daha həvəslə işləyirəm. Dostlarım da eyni ilə mənim kimi. Sentyabrın 28-də qurultayın vaxtını elan edəcəyik. Möhtəşəm bir qurultay keçirəcəyik. Bu qurultaydan sonra Kərimlinin legitimliyi şübhə altına düşəcək, onun sədrliyinə son qoyacağıq. Cəmiyyətdə də legitimliyimiz qəbul olunacaq. Beynəlxalq aləmə açılacağıq. Səfərlərimiz beynəlxalq aləmə olacaq. Biz real müxalifətin kimliyini sübut edəcəyik. Oyunçu, uğursuz siyasətlə belə özünü lider elan edənlərin kimliyi də çılpaqlığı ilə ortaya çıxacaq”.
Sonda qeyd edək ki, AXCP rəhbərliyi qurultaya ölkənin əsas müxalif düşərgəsinin liderlərini dəvət etməmişdi. 

Cavanşir ABBASLI







Gültəkin Hacıbəyli




Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR