İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı-Vaşinqton münasibətlərində “U” dönüşü

4244 31.07.2015 08:50 Siyasət A A

XİN sözçüsü bildirib ki, Departamentin regionda baş verən bir sıra narahatlıq doğuran halları, o cümlədən dinc nümayişçilərin qəddarcasına döyülməsi və həbsi kimi kobud insan hüquqları pozuntularını görməməzliyə vuraraq, konkret cinayət tərkibi daşıyan hər bir halı siyasiləşdirməklə, Azərbaycanın daxili işlərinə qarışmaq məqsədi güdən “dərin narahatlığı” ikili standartların növbəti bariz nümunəsidir.

“Demokratik dövlət olan Azərbaycanda qanunun aliliyi tam təmin edilib və heç kim siyasi fəaliyyətinə və baxışlarına görə təqib olunmur. Məhkəmənin qərarı olmadan hər hansı cinayət tərkibli hala münasibətdə bu cür qərəzli mülahizələr onun işinə yersiz və uğursuz müdaxilədən başqa bir şey deyil. Qəribədir ki, Ermənistanın təcavüzü nəticəsində fundamental hüquqlarından məhrum olmuş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının kütləvi pozulması ABŞ Dövlət Departamentinin ”dərin narahatlığı" sırasında heç vaxt yer almır. 


ABŞ-ın insan hüquqları üzrə universal bəyannamədən irəli gələn və beynəlxalq təşkilatlar, o cümlədən ATƏT çərçivəsində üzərinə götürdüyü öhdəliklərə məhəl qoymayaraq, bütün ölkəni bürümüş polis zorakılığı və sistematik irqi ayrı-seçkilik halları, Quantanamo həbsxanasındakı mühakiməsiz uzunmüddətli həbs və işgəncələr, ölkə daxilində və hətta ən yaxın müttəfiqlərinə qarşı qlobal səviyyədə aparılan gizli dinləmə əməliyyatları, digər ölkələrin suverenliyini pozaraq, pilotsuz uçan aparatları ilə həyata keçirilən mühakiməsiz qətllər və digər bu qəbildən olan çoxsaylı problemlərin fonunda özünü insan hüquqlarının “qlobal himayədarı” kimi qələmə verməsi yalnız və yalnız istehza doğurur", - deyə H. Hacıyev qeyd edib.   


Yada salaq ki, Dövlət Departamentinin Mətbuat İdarəsi srağagün Azərbaycanda sivil cəmiyyət fəaliyyətlərinə qoyulan məhdudiyyətlərdən, jurnalistlərin və fəalların həbslərindən dərin narahatlıq keçirdiyini bəyan edib, Azərbaycan hakimiyyətini vətəndaşların universal hüquqlarına hörmət etməyə çağırıb. Bundan əlavə, qurum Azərbaycanda tənqidçi jurnalistlərin, o sırada mühacir jurnalistlər Qənimət Zahid və Emin Millinin qohumlarına qarşı təzyiqləri pısləyib. 

“Azərbaycan öz gələcək sabitliyini və firavanlığını daha açıq cəmiyyətə şərait yaratmaqla təmin edə bilər. Azərbaycan hökuməti ilə vətəndaş cəmiyyəti arasında işlək təmaslar ölkənin gələcəyi üçün mühümdür və ABŞ bunu dəstəkləyir. Biz bu məsələni dəfələrlə Azərbaycanın yüksək rütbəli rəsmiləri ilə söhbətlərdə qaldırmışıq. Onları Azərbaycanın müstəqil mətbuatı qorumaq barədə öz üzərinə götürdüyü öhdəliyə əməl eləməyə çağırmışıq” - bəyanatda bildirilirdi.

*** 

Departamentin bəyanatı və ona rəsmi Bakının sərt reaksiyası son vaxtlar Ağ Evlə Bakı arasında yaşanan ilıqlaşma və barış (tolerantlıq) atmosferi ilə təbii ki, ziddiyyət təşkil edir. Xatırladaq ki, az öncə ATƏT-in Bakı ofisi ilə bağlı Azərbaycan iqtidarı ilə Vaşinqton arasında siyasi-diplomatik qalmaqal yaranmışdı. Lakin qarşılıqlı söz duelinə rəğmən, son həftələr tərəflərin münasibətlərində bir ilıqlaşma, “yandırılan körpülərin” bərpası müşahidə edilməkdə idi.


İndi məlum olur ki, bu ilıqlaşma etibarlı, daimi əsaslara söykənmir. O da bəlli olur ki, Birləşmiş Ştatlar Azərbaycan iqtidarına münasibətdə təməl insan haqları məsələsindən nəinki vaz keçməyə hazırlaşmır, əksinə, digər sahələrdəki (energetika və s.) geniş tərəfdaşlığa baxmayaraq, zaman-zaman bu amildən rəsmi Bakıya qarşı istifadə eləmək niyyətindədir.    
Həm Dövlət Departamentinin bəyanatı, həm də ona Bakının kəskin cavabı Azərbaycanda Rusiya “5-ci kolon”çuilarının son zamanlar açıq-aşkar fəallaşması (“Avrasiya Hərəkatı”nın təsis edilməsi və s.) və buna hökumət səviyyəsində reaksiya verilməməsi fonunda səslənməsi ilə də diqqət çəkir. Şübhə yox ki, Azərbaycan-ABŞ münasibətlərində gərginliyin təzədən qayıtması müstəsna olaraq Kremlin bölgəmizdəki, ölkəmizdəki maraqlarına işləyir və sonuncu bundan maksimum dərəcədə yararlanmağa çalışacaq. 

Təəssüflər olsun ki, Departamentin bəyanatında əksini tapan məsələlər həqiqətdir: ölkədə təməl insan haqları, siyasi məhbuslarla bağlı problemlər var və qısa zamanda həllini gözləyir. Rəsmi Bakı sərt ritorikadansa, bu yöndə əməli addımlar atsa, hamı üçün yaxşı olar. Əks təqdirdə, təkrar edirik, uduşda müstəsna olaraq Rusiya və onun “5-ci kolon”çuları olacaq.   
 
Siyasət şöbəsi

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR