İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın “Qərb qapısı” təhlükədə

9907 06.07.2015 08:55 Siyasət A A

İdman siyasiləşəndə, həqiqətən, təhlükəli olurmuş. Ötən həftəsonu bu qəbildən baş vermiş və Azərbaycan-Gürcüstan münasibətlərini növbəti dəfə sınağa çəkən hadisə ilk baxışda adi görünə bilər, ancaq az qalmışdı iki ölkə arasında siyasi qalmaqala çevrilsin.

Söhbət iyulun 2-də Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Tiflisdə keçirilmiş “Dinamo” - “Qəbələ” oyununda yaşanan insidentdən gedir. Bəlli olduğu kimi, matç zamanı azərbaycanlı azarkeşlərə hücum olub, onlardan bir neçəsi döyülüb, dövlət bayrağımız ayaqaltı edilib, stadionda Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu plakat-xəritə (“Zaqatala, Qax 1921 - unutmuruq!”) qaldırılıb. 


*** 
Gözlənildiyi kimi, təxribatçı əməllər dərhal Azərbaycan tərəfinin haqlı narazılığına səbəb olub: AFFA hadisə ilə bağlı Gürcüstandan müvafiq addımlar atmağı və üzr istəməyi tələb edib. Rəsmi Tiflisin reaksiyası da özünü çox gözlətməyib. Baş nazir İrakli Qaribaşvili olayın araşdırılacağını, məsələ ilə əlaqədar artıq Gürcüstanın Daxili İşlər Nazirliyinə xüsusi tapşırıq verdiyini, günahkarların layiqincə cəzalandırılacağını bildirib. 

Qaribaşvili bu xüsusda “Azərbaycan və onun xalqı ilə Gürcüstanın strateji münasibətlərinin ölkəsi üçün çox əhəmiyyətli olduğunu” vurğulayaraq deyib: “Gürcü hökumətinin rəhbəri kimi qəti surətdə bildirirəm ki, dövlət heç kəsə dost Azərbaycanla bizim münasibətlərimizə belə fitnəkar hiylələrlə kölgə salmağa icazə verməyəcək”. 
***
Xatırladaq ki, cəmi bir il öncə Bakıda, “Neftçi”- “Çxauri” futbol matçında da analoji təxribat hadisəsi baş vermiş, iki ölkə arasında qalmaqal yaradılmasına cəhd edilmişdi. Belə görünür, hansısa qara, məkrli qüvvə Azərbaycan-Gürcüstan strateji münasibətlərinin inkişafda olmasını gerçəkdən də həzm edə bilmir. Bu qüvvələrin arealı əslində məlumdur - erməni və Rusiya amilini nəzərdə tuturuq.


Aydındır ki, eyni dərəcədə separatçılıq problemi yaşayan Azərbaycan və Gürcüstanı bir sıra digər məsələlərdə də siyasi tale oxşarlığı və ortaq maraqlar, o sırada ortaq neft-qaz və kommunikasiya layihələri birləşdirir, hər iki ölkə əsasən qərbyönlü xarici siyasət kursuna üstünlük verir, GUAM-da təmsil olunur, Avrasiya Birliyinə üzvlüyü rədd edir. Gürcüstan üstəlik, Azərbaycan üçün hər mənada “Qərbə qapı” rolundadır - həm də yeganə qapı rolunda. 


Rəsmi Tiflis həmçinin, son illər Avropa Birliyinə, NATO-ya sürətlə yaxınlaşmaq, inteqrasiya olunmaq kursu aparır ki, bu da ilk növbədə Qərblə gərgin münasibətlərdə olan Moskvanı narahat etməyə bilməz. Çünki Gürcüstanın tamamən əldən çıxması yekun etibarilə Azərbaycanın və Ermənistanın da onun üçün həmişəlik itirilməsinə gətirəcək.  
    
Tiflisdəki futbol qalmaqalına da, zənnimizcə, ən əvvəl şimal qonşumuzun geosiyasi maraqları prizmasından, Kremlin qərb qonşumuzu nəyin bahasına olur-olsun təkləmək, onun Qərbə inteqrasiyasını əngəlləmək planının tərkib hissəsi kimi baxmaq lazım gəlir...      

***

Rusiyanın belə aqressiv planlarından, təbii ki, Qərb (ABŞ, Avropa Birliyi, NATO) da xəbərdardır. Təsadüfi deyil ki, bu günlərdə NATO baş katibi Yens Stoltenberq alman telekanalına müsahibəsində şimal qonşunuzun Ukrayna, Gürcüstan və Moldovaya güc tətbiq etməyə hazırlaşdığı barədə xəbərdarlıq edib (Analoji xəbərdarlığı bir neçə ay öncə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri, nüfuzlu politoloq Zbiqnev Bzejinski etmişdi - həm də Azərbaycanı da hədəf obyektləri sırasına daxil eləməklə).  
“2014-cü ilin yazında Krımı ilhaq edən və Donbasda hərbi işğalı genişləndirən Rusiya Ukraynanın şərqindəki terrorçuları müasir silahlar, hava hücumundan müdafiə vasitələri ilə təchiz eləməkdə davam edir. Rusiya özünü aqressiv aparır, sərhədləri dəyişdirmək və Ukraynanı qarışdırmaq üçün gücdən istifadə edir. Rusiya Ukrayna ilə yanaşı, Gürcüstan və Moldovaya da güc tətbiq eləməyə hazırdır. Moskva üstəlik, özünün müdafiə strategiyasının tərkib hissəsi kimi nüvə silahını yada salır” - bildirib alyans rəhbəri. 



Bütün bu hədələr sözsüz ki, həm də “Yaxın xaric”in Azərbaycan və Gürcüstan kimi ölkələrini qorxutmağa hesablanıb. Şübhə yox ki, Kremlin Gürcüstana təsir imkanlarının artması avtomatik şəkildə Azərbaycanın da ram edilməsini asanlaşdıracaq, Bakıya başqa strateji seçim saxlamayacaq, transmilli neft-qaz xətlərinə və layihələrinə Moskvanın nəzarəti güclənəcək. 

O zaman Avrasiya layihələrinə qoşmaq üçün Azərbaycanı Qarabağda yeni müharibə ssenarisi ilə təhdid eləməyə, yaxud ona hansısa Qarabağ güzəşti vəd etməyə, habelə yeni müharibə ilə özünün Türkiyə ilə münasibətlərini risk altına salmağa lüzum qalmayacaq. 

***


Bu məkrli planların mərkəzində, əlbəttə ki, son zamanlar Qərbə daha çox yaxınlaşan Gürcüstan durur. Rusiya qərb qonşumuzu paralel surətdə daxildən laxlatmağa çalışır, orada özünün “5-ci kolon”unu hərəkətə gətirməyə səy edir. Maraqlıdır ki, son rəy sorğularına görə, Gürcüstanda rusiyameyilli qüvvələr əhəmiyyətli dərəcədə güclənib. Bu, axırıncı hökumət böhranı zamanı da müəyyən dərəcədə özünü büruzə verdi... 

Doğrudur, Gürcüstana Qərbin, ABŞ-ın diqqəti artıb, bu ölkə ərazisində NATO, ABŞ-la hərbi və təhlükəsizlik təlimləri intensivləşib, Tiflisi Brüssellə assosiativ saziş birləşdirir. Lakin o da var ki, Ukrayna və Moldova kimi Gürcüstan da hələlik Şimali Atlantika blokunun, Avropa Birliyinin tamhüquqlu üzvü deyil. 

Bundan əlavə, Avropa Birliyi tərkibində yaşanan son xoşagəlməz proseslər (Yunanıstanla bağlı yaranan böhran, Böyük Britaniyanın qurumdan çıxmaq barədə hədələri və s.) istər-istəməz Birliyi zəif salır, onun vahid xarici siyasət yürütməsinə maneələr yaradır, nəticə etibarilə də bu, Kremlin “Yaxın xaric” ölkələrinə münasibətdə əl-qolunu açır, hətta onu yeni hərbi avantüralara həvəsləndirir.

***
Onu da yaddan çıxarmaq olmaz ki, Rusiya artıq işğal altındakı Gürcüstan ərazilərində - Abxaziya və Cənubi Osetiyada, habelə Tiflisin cəmisi bir neçə yüz km-dəki Gümrü hərbi bazasında böyük həcmdə hərbi kontingent, müasir silah-sursat və döyüş sistemləri cəmləşdirib. 


Görünür, məhz bu və digər reallıqları nəzərə alaraq da Gürcüstanın müdafiə naziri Tinati Xidaşeli ötən həftəsonu SOS şəkildə bəyan elədi ki, Rusiya Gürcüstanı bir neçə saata işğal edə bilər: “Rusiyaya tezliklə Ukraynada qətiyyətli cavab verilməsə, onun suveren dövlətlərə qarşı işğalçılığı davam edəcək. Sivil dünya 2008-ci ilin səhvini Ukraynada təkrarlamamalıdır, nə vaxt ki, Gürcüstan kömək istəsə də onu axır ki, ala bilmədi. Təkcə mən - müdafiə naziri deyil, gürcülərin hamısı Rusiyanın Ukraynada apardığı müharibə sarıdan narahatdır. Gürcüstan hələ də Rusiya ilə müharibə vəziyyətindədir. Döyüşlər getməsə də, hər gün Rusiyanın işğal elədiyi Abxaziya və Cənubi Osetiyada insanlar itkin düşür. Hazırda Cənubi Osetiya Rusiya silahlı qüvvələrinin hərbi bazasına və Gürcüstanı bir neçə saat ərzində işğal eləmək üçün plasdarma çevrilib” - demişdi müdafiə naziri.

*** 
İndi məntiqlə qonşuda “yanğın” gözlənilirsə, deməli, Azərbaycan da öz işini möhkəm tutmalıdır. Bu mənada Bakının Qərblə bütün körpüləri yandırması indi heç vaxt olmadığı qədər milli maraqlarımızın əleyhinə işləmiş olardı. Azərbaycan üçün “Qərb qapısı” çoxdan təkcə coğrafi anlamda deyil. 

Analitik xidmət 


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR