İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan-Qərb münasibətləri yenidən gərgin müstəviyə keçir

1774 20.08.2016 07:40 Siyasət A A
Son günlərdə Azərbaycanla Qərb arasında münasibətlərin yenidən gərginləşməyə başlayıb. Xüsusilə, REAL-ın icraçı katibi Natiq Cəfərlinin həbsi ilə başlayaraq, bəzi REAL-çı və NİDA-çı gənclərin saxlanılmasından sonra Qərbdən gələn bəyanatlar belə düşünməyə əsas verir.

Həbslərin başlanmasının ardından beynəlxalq aləmdən həbslərlə bağlı Azərbaycana yönəlik təpkilərin olması Qərb-Azərbaycan münasibətlərinin gərginləşməsi istiqamətində yeni mərhələ kimi qələmə verilir. Onu da qeyd edək ki, ölkəmizdə referendum qərarının verilməsinin ardından susqun görünən Qərb son həbslərin fonunda gələn ayın 26-də keçiriləcək referenduma da öz mövqelərini nümayiş etdirməyə başlayıblar.

Avropa Birliyinin Azərbaycanla bağlı yaydığı son bəyanatda, referenduma çıxarılan dəyişikliklərə və REAL-ın icra katibi Natiq Cəfərlinin həbsinə toxunulub. Birliyin bəyanatında digər müxalif fəalların da həbs edilməsindən ciddi narahatlıq yaratdığı vurğulanır: “Ölkədə siyasi idarəçilik sahəsində ciddi dəyişikliklər nəzərdə tutan referendum ərəfəsində hökumət real demokratik müzakirələr təşkil etməyə borcludur. Bununla yanaşı, hesab edirik ki, Azərbaycan üçün Venesiya Komissiyasının rəyi həlledici əhəmiyyət kəsb edir” deyə, Avropa Birliyinin bəyanatında bildirilir.

Böyük Britaniyanın Avropa və Amerika işləri üzrə naziri Alan Dunkan da yeni həbslər dalğasından ciddi narahat olduğunu bəyan edib. Bu barədə məlumat Böyük Britaniya hökumətinin saytında yerləşdirilib. Bəyanatda Natiq Cəfərli də daxil olmaqla bir neçə müxalifətçinin həbsindən ciddi narahatlıq ifadə olunur: “Mən Azərbaycan hakimiyyətini beynəlxalq öhdəliklərinə, qanunun aliliyinə hörmət etməyə çağırıram”deyə, bəyanatda qeyd olunur. 

ABŞ-ın BMT-dəki səfiri Samantha Power “Twitter” hesabında Azərbaycanda son günlərdə gedən proseslərlə bağlı status paylaşıb: “Azərbaycan hakimiyyətini jurnalist Xədicə İsmayılovaya səyahət qadağasını qaldırmağa və müxalifət fəalı Natiq Cəfərlini və azadlıqlarından istifadəyə görə həbs olunmuş digərlərini azadlığa buraxmağa çağırıram” deyə, səfir bildirib.

Bundan əlavə, tərkibində 19 təşkilatın təmsil olunduğu beynəlxalq koalisiya da Azərbaycandakı həbslərlə bağlı bəyanat qəbul edib. Bütün bunlar vəziyyətin nə qədər ciddi olduğuna bir işarədir. 


Politoloq Elxan Şahinoğlu hesab edir ki, beynəlxalq aləmdən gələn açıqlamalar gərginliyə xidmət edir: “Natiq Cəfərli Azərbaycan dövlətinə problem yaradacaq şəxs deyil. Bu şəxs Azərbaycan və xaricdə tanınan, dəyərli fikirlərə malik insandır. Təsadüfi deyil ki, həbsindən dərhal sonra ABŞ və Böyük Britaniyadan bu barədə açıqlamalar oldu. Bunun özü gərginliyə xidmət edir. Hakimiyyətdə sanki bir qrup var ki, daim Azərbaycanla Qərb arasında gərginlik yaratmağa çalışır. Bu həbslərin nəyə lazım olduğunu anlamıram. Qərblə münasibətlərin yaxşı olduğu bir vaxtda, dialoqlar təşkil edildiyi zamanda Natiq Cəfərli və digər fəalların həbsi Azərbaycanın maraqlarına xidmət etmir. Natiq Cəfərlinin qrant alması barədə fikirlər səsləndi. Axı bununla bağlı bir neçə il öncə həbslər həyata keçirildi, hətta bəzi şəxslər sonradan sərbəst buraxıldı. Bundan sonra əvvəlki vəziyyətə qayıtmağın heç bir anlamı yoxdur. Əvvəldə qeyd etdiyim kimi, iqtidar daxilindəki qrup Qərblə münasibətlərin düzəlməsinə imkan vermir. Amma bütün bunlar o demək deyil ki, Qərblə Azərbaycanın münasibətləri tam gərginləşəcək. Sadəcə, xoşagəlməz atmosfer yaranacaq. Azərbaycan artıq konstitusiya dəyişikliklərinə gedir. Referendum öncəsi bu həbslərin həyata keçirilməsi nəinki hakimiyyətin, heç ölkə rəhbərinin belə maraqlarına xidmət etmir. Prezident özü də istəyir ki, bu referendum sakit keçsin. Amma həbslər bu prosesə mənfi təsir edir. Qərbin diqqətini daha çox çəkir. Bu məsələlərə bir daha aydınlıq gətirilməli, Qərblə münasibətlərdəki süni gərginlik ortadan qaldırılmalıdır”.

Politoloq mövcud situasiyanın Azərbaycanın Qərbdən uzaqlaşıb, Şimala meyl etməsi anlamına gəlməsi ilə bağlı səslənən fikirlərə də münasibət bildirdi: “Şimala meyl etmək o demək deyil ki, həbslərin sayı çoxalmalı, siyasi görüşləri olan insanlar sıxışdırılmalıdır. Şimala meyl etməyimizə başlıca səbəb Rusiyanın Dağlıq Qarabağ probleminin həllində prosesləri sürətləndirməsi üçündür. Amma bu hələ də baş vermir. Rusiya böyük dövlətdir, buna görə onlarla normal münasibətlərimiz olmalıdır. Qərbdən ala bilmədiyimiz müasir silahları bu dövlətdən alırıq. Strateji müttəfiqimiz olan Türkiyənin Rusiya ilə münasibətləri yaxşılaşır. Amma bu proseslərdən Qərblə münasibətləri gərginləşdirmək üçün istifadə olunmamalıdır”.


Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Azərbaycanın sanksiyalarla üzləşə biləcəyinin anonsunu verdi: “Bu həbslər həm də ölkədədaxili siyasətin nəticəsidir. Ötən il ölkədəki yüksək rütbəli şəxslərin həbsini yada salsaq, deməli, əvvəlki proseslər hələ də davam edir. Təbii, ölkədəki həbslər yenidən dövlət imicinə ciddi ziyan vurur. Beynəlxalq təşkilatların bəyanatları səslənir. Bəzi qurumlar isə susur. Azərbaycan hökuməti bəzi həbslərin terrorla əlaqəli olduğuna işarə verir. Amma bütün bunları beynəlxalq aləm qarşısında sübut etmək lazımdır. Təbii sübut olmasa ölkəmizi yenidən sanksiyalar mesajı gözləyə bilər”.

Cavanşir ABBASLI



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR