İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropadan Müsavat Partiyası ilə bağlı həyəcan təbili

3552 01.11.2014 08:07 Siyasət A A

Mühacirətdə yaşayan siyasi aktiv, Müsavat Partiyasının üzvü Kənan Hacıəkbəroğlu sosial şəbəkədə maraqlı paylaşım edib. K.Hacıəkbəroğlu Avropada və ölkədən xaricdə yaşayan müsavatçılara müraciətlə aşağıdakıları yazıb: “Bilirsiniz ki, son zamanlar Azərbaycanda baş verən siyasi repressiyalar Müsavatdan da yan keçmir.

Bunun nəticəsində saxta müsavatçılar, heç siyasi düşüncəsi Müsavata uyğun gəlməyən insanlar Avropaya üz tuturlar və gəlib burda özlərinin çirkin simalarını göstərirlər. Bəzi hallarda ”yaşama izni" alaraq irtica iqtidarla siyasi əməkdaşlıq edirlər. Bunun qarşısını almaq üçün İsveçdə və Avropada yaşayan müsavatçılardan bir çağırışımız var. Kim Müsavat Partiyasının hansı rayonu üzrə qeydiyyatda olubdursa, bura yazmasını çox xahiş edirik. Saxta müsavatçıları araya çıxaraq. İsveçin Yöteborq və yaxın şəhərlərində yaşayan müsavatçıları bazar günü noyabırın 9-u saat 20:00-da “Azərbaycan evi”ndə Müsavatın ilkin toplantısına dəvət edirik. Hər bir müsavatçının qatılması vacibdir".

Bu elanla paralel siyasi kluarlarda gedən bəzi söhbətlər yenidən aktuallaşıb. Belə ki, mühacirətə getmək üçün siyasi partiyalardan xahiş-minnətlə vəsiqə alan saxta müxalifətçilər mövzusu gündəmə gəlib. Bir aksiyaya qatılıb, bir şəkil çəkdirməklə özünü “demokratiya fədaisi” elan edənlərin çoxunun sorağı indi Avropanın müxtəlif bucaqlarından gəlir. Hamısı da ölkədə mübarizə aparan kəsimə rişxənd, istehza, kinayə tonunda münasibət göstərmək, tənqid etməklə diqqət çəkir. 


Bu günə qədər “Yeni Müsavat” qəzetinin, Müsavat Partiyasının adından özünə saxtakarlıqla mühacir imici düzəltmək istəyən xeyli adam olub. Bunların bir çoxunun qarşısı alınsa da, ümumi axına tam mane olmaq mümkün olmayıb. 


K.Hacıəkbəroğlunun məlum statusuna Müsavat Partiyasından mövqe öyrəndik. Partiya başqanının müşaviri Gülağa Aslanlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, xaricdə yaşayan müsavatçılarla əlaqə məsələsinə uzun müddət rəhmətlik Aydın Acalov nəzarət edib: “O, rəhmətə gedəndən sonra bu iş Yusif Tağıya həvalə olunub. Yüzdə yüz əminliklə deyirəm ki, Müsavatın tarixində heç vaxt partiyaya üzv olmayan insana partiyanın bileti, vəsiqəsinin verilməsi halı yoxdur. Amma elə faktlar var ki, üzv qəbul olub, tez bir zamanda da xaricə gediblər. Bir qayda olaraq həmin insanlar Müsavata üzvü olmaları ilə bağlı arayış istəyəndə biz onu vermişik. Çünki üzvlüyə qəbul olunmuş adama arayış verməmək mümkün deyil. Belə bir təcrübə yoxdur. Həmin adamların sonradan orda dönüklük etməsi, hakimiyyətə işləməsi haqda kimdəsə faktlar varsa, bunu sosial şəbəkədə yaymazdan əvvəl bizə göndərsinlər. Biz onu araşdırıb deyə bilərik ki, bu adam partiyanın üzvüdür, ya yox. Ola bilər ki, heç üzvü deyil”. 

Müsahibimiz dedi ki, bəzi şəxslər də mühacirətə gedəndən sonra ordan partiyaya yardım üçün müraciət edir: “Amma biz partiyanın üzvü olmayan şəxsə partiyanın vəsiqəsini vermirik.

2011-ci ildən başqan müavini olmuşam. Mən təcrübəmdə, belə hala rast gəlməmişəm. Şəxsən kiməsə elə yolla vəsiqənin verilməsini bilmirəm, rast gəlməyib. Partiyada belə bir bizneslə məşğul olunması ilə bağlı deyilənlər isə Müsavat partiyasına qarşı bir böhtandır".

Sevinc TELMANQIZI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR