İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Birliyinin sanksiyasının hədəfində olanları nə gözləyir...

1220 22.09.2015 08:00 Siyasət A A

Avropa Parlamentinin Azərbaycanla bağlı sərt qətnaməsində insan haqlarını pozan məmurlara qarşı sanksiyaların tətbiqinin tövsiyə edilməsi Qərbin bu məsələni tədricən gündəmə gətirmək istəyi kimi şərh edilir. Ancaq Azərbaycan məmurlarının, deputatlarının açıqlamalarından onların sanksiyalar tətbiq olunmasından çəkinmədikləri müşahidə edilir. Bəs Avropa Birliyi kimi güclü beynəlxalq təşkilatın sanksiyasına məruz qalan şəxsləri nələr gözləyir?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Avropa Birliyi tərəfindən sanksiyalara məruz qalan məmurlar üçün həmin sanksiyaların ciddi problemlər ortaya çıxardığını bildirdi: “Hər hansı nazirə, məmura sanksiya tətbiq olunanda həmin  şəxs Avropa Birliyinə daxil olan ölkələrə gedə bilmir. Həmin şəxslərin bank hesabları dondurulur. Nəzərə alsaq ki, bizim bir çox nazirlər, məmurlar dincəlməyə, müalicəyə də həmin Avropa ölkələrinə getməyə üstünlük verirlər, sanksiyalar onlar üçün ciddi problemlər yarada bilər. Məsələn, Rusiya Krımı işğal edəndə Avropa Birliyi və Parlamenti Rusiyanın bir sıra məmurlarına, deputatlarına və media işçilərinə qarşı da ünvanlı sanksiyalar tətbiq etdi. Rusiyalılar əvvəlcə dedilər ki, bu sanksiyalar bizə təsir etməz. Amma sonra çox ciddi problemlərlə üzləşdilər. Məsələn, Rusiyanın məşhur müğənnisi İosif Kobzon tez-tez Dombasa gedirdi, onun da adını Avropa Birliyi qara siyahıya salmışdı. İlk vaxtlar deyirdi ki, bu sanksiya ona təsir etmir. Amma həmin İosif Kobzon xərçəng xəstəliyindən əziyyət çəkirdi və hər il Almaniyada müalicəyə gedirdi. Sanksiyadan sonra gedə bilmədi, vəziyyəti ağırlaşdı və məsələyə hətta Rusiya prezidenti Vladimir Putin qarışmaq məcburiyyətində qaldı. Avropa Birliyi mərhəmətdən çıxış edərək imkan verdi ki, Kobzon gəlib müalicəsini davam etdirsin. Azərbaycandakı məmurlara da sanksiyalar tətbiq edilsə, ən müxtəlif problemlərlə qarşılaşa bilərlər. İlk növbədə Avropadakı banklarda olan vəsaitləri bata bilər”.

Qaldı sanksiyalar tətbiq etmək barədə qərar verilib-verilməyəcəyi məsələsinə, E.Şahinoğlu düşünür ki, Avropa Birliyi bu dövrdə Azərbaycan məmurlarına qarşı sərt sanksiyalar tətbiq etməyəcək: “Avropa Parlamentini Avropa Birliyini idarəedici strukturlarına ayırmaq lazımdır. Avropa Parlamentinin Azərbaycanla bağlı son qətnaməsi də əsasən tövsiyə xarakteri daşıyır. Bu, o demək deyil ki, idarəedici qurum olan Avropa Komissiyası bunu yerinə yetirəcək. Belarusdan fərqli olaraq Azərbaycan Avropa Komissiyası ilə çox sıx əlaqələr qurub. Azərbaycan Avronestdən çıxdı, amma Avronest Avropa Parlamentinin qurumudur, Avropa Komissiyasına dəxli yoxdur. Avropa Parlamenti Azərbaycanla bağlı məlum sərt qətnaməni qəbul etdiyi gün Avropa Komissiyası Azərbaycanın kənd təsərrüfatına 13 milyon dollar ayırdı. Bunun özü də göstərir ki, Avropa Parlamenti ayrıdır, Avropa Komissiyası isə ayrı.      

Ona görə mən deyirəm ki, Azərbaycanın Avropa Birliyi “Şərq tərəfdaşlığı proqramı”nı tərk etməsi çox yanlış olardı. Məhz bu zaman Avropa Komissiyası ilə münasibətlər soyuya və pozula bilər. Azərbaycanın 60-70 faiz ticarəti məhz Avropa Birliyi ölkələri ilədir, neftimizi Avropa ölkələrinə satırıq. Qazımızı da Avropaya satıb qazanc əldə etmək istəyirik. Əgər Azərbaycan “Şərq tərəfdaşlığı proqramı”ndan çıxsa, Avropa Komissiyası ilə də münasibətlərin soyumasına getsə, bu, birbaşa həm Azərbaycan hökumətinə və Azərbaycanın özünə zərbə olacaq, sanksiyalar məsələsi o zaman gündəmə gələ bilər. Ona görə də düşünürəm ki, son anda rəsmi Bakı riskli addımı atmaqdan çəkinəcək, ancaq Avropa Parlamenti ilə münasibətlərin soyuması ilə kifayətlənəcək". 

“Hakimiyyət mediasında belə bir fikir tez-tez vurğulanır ki, 10 il Avropa Birliyi Belarus iqtidarına sanksiyalar tətbiq etdi, lakin nəticəsi olmadı, Belarusa nə oldu ki, Azərbaycana da tətbiq edilsə nəsə olsun. Bu yanaşma doğrudurmu?” sualına ekspert belə cavab verdi: “Bu, yanlış düşüncədir. Çünki Belarusla Azərbaycanın arasında böyük fərqlər var. Birincisi, Belarusda oliqarxlar yoxdur ki, həmin oliqarxlar Avropa ilə bağlı olsun. Bizdə isə oliqarxlar var və onların kapitalları Avropadadır, Avropada mülkləri, yatırımları var. SOCAR-ın özünün Avropada çoxlu yanacaqdoldurma məntəqələri var. Odur ki, sanksiyaların təsirinin olmayacağını düşünmək yanlışdır. Belarusun Avropa Birliyi ilə iqtisadi-ticari əlaqələri də əvvəldən çox az idi. Azərbaycanın isə Avropaya satdığı da, Avropadan aldığı da çoxdur. Sanksiyalar tətbiq olunsa, Azərbaycana çox ciddi təsir edəcək. Avropa Birliyinin sanksiyalarının Azərbaycana heç bir təsirinin olmayacağını o adam deyə bilər ki, Avropa Birliyi ilə əlaqələrdən xəbəri yoxdur. Ancaq mən dəqiq bilirəm ki, Prezident Administrasiyasında və Xarici İşlər Nazirliyində əmindirlər ki, Avropa Birliyindən sanksiyalar işə düşsə, onun Azərbaycana necə böyük mənfi təsirləri olacaq”.

Etibar SEYİDAĞA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR