İnsanlara hürriyət, millətlərə istiqlal!

“Avrasiya Hərəkatı” rayonlarda təşkilatlanmağa başladı

5691 08.08.2015 08:50 Siyasət A A

Bu hərəkatın əsas məram və məqsədi Azərbaycanı birbaşa olaraq Rusiyanın tabeliyinə qaytarmaqdır. Qorxunc planın gerçəkləşməsi üçün dayanmadan iş aparılır. “Avrasiya Hərəkatı” şimal qonşumuzun siyasi-hərbi dairələrində yaradılan, bu dairələrin direktivlərinə, planına uyğun hərəkət edən ilk təşkilat deyil. 2013-cü ildə Moskvada Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqı (RATİ) adlı təşkilat yaradılmışdı. 

Bu təşkilatın Kremlin iradəsi ilə  yaradıldığı haqda iddialar sonrakı proseslərdə özünü tam doğrultdu. Sonradan mətbuatın “Milyarderlər İttifaqı” adı verdiyi təşkilat prezident seçkisində öz namizədi ilə iştirak edib hakimiyyəti götürməyi planlaşdırırdı. Plan Azərbaycan hakimiyyətinin sürəkli çabaları sayəsində baş tutmadı. Rusiya Azərbaycanı öz təsir orbitinə qaytara bilmədi.  


“Milyarderlər İttifaqı” daha çox siyasi-biznesmenlərin təşkilatı idisə, yeni yaradılan “Avrasiya Hərəkatı”nda daha çox siyasi-hərbi keçmişi olan kəslərin təmsil olunacağı ilk gündən bəllidir. Artıq Rusiya “Milyarderlər İttifaqı” layihəsini “Avrasiya Hərəkatı” layihəsi ilə əvəzləyib yazsaq, yanılmarıq. 

Təşkilat az əvvəl yaradılsa da, qısa bir zamanda Azərbaycanın rayonlarında da dayaq nöqtələrini yarada bilib. Vaxtilə Müsavat Partiyasının Ağstafa rayon təşkilatının, sonradan “Azərbaycan Yolu” Siyasi Hərəkatının Qazax şöbəsinin sədri olmuş Fəxrəddin Dolqun özünün facebook divarında yazdıqlarına diqqət edək: “Təzə təsis edilən ”Avrasiya Hərəkatı"nın Qazax və Ağstafada təşəbbüs qrupları yaradılmışdır. Təşəbbüs qrupunda keçmiş hərəkatçılar, keçmiş hərbçilər və ziyalılar təmsil olunurlar. İştirakçılar son günlər mətbuatda aparılan əks-təbliğata etirazlarını bildirərək, yeni fəaliyyətə başlayan bir təşkilata qabaqcadan aparılan kampaniyanın yolverilməz olduğunu qeyd etmişlər".

Fəxrəddin Dolqun statusu yazdıqlarımızı təsdiqləyir.  Xüsusən hərbçilərin hərəkata qoşulması haqda F.Dolqun qeydləri “Avrasiya Hərəkatı”nı yaradanların əsasən hərbi keçmişi olan siyasilərə “stavka” etdiyini bir daha təsdiqləyir.  

F.Dolqla əlaqə saxlayıb hərəkata qoşulanların kimliyi ilə maraqlandıq. O dedi ki, İlqar Qasımovla əlaqələri “Azərbaycan Siyasi” Yolu Hərəkatı zamanından var:

- Bakıda idim, zəng edib dedilər ki, təşəbbüs qrupunu elan edin, sonra təşkilatdan kimlərin təmsil olunması haqda məlumat veriləcək. 

- Kim zəng etdi? 

- Həmin şəxslərlə tanışam. Sadəcə, mənə dedilər ki, hələlik informasiya kimi verin ki, təşəbbüs qrupu yaradılıb. Sadəcə, mətbuata çıxmamaq şərti ilə bunu etməyimi dedilər. Mən də informasiya verdim.

F.Dolq deyib ki, təşkilat rəhbərliyi ilə ümumi razılıq əldə olunandan sonra hərəkatda kimlərin təmsil olunduğu haqda məlumat veriləcək: “Yaxın zamanlarda adlar açıqlanacaq”.
F.Dolq keçiriləcək parlament seçkilərində iştirak edəcəyi ilə bağlı status da yazıb. Sual yaranır: “Avrasiya Hərəkatı”nın üzvləri keçiriləcək parlament seçkilərində iştirak edəcəklərmi? 

Müsahibimiz deyir ki, ola bilər ki, üzvlərin bir çoxu seçkilərdə iştirak etsin.


“Avrasiya Hərəkatı”nı partiyaya çevirmək planı varmı?


F.Dolq bildirdi ki, hələlik belə bir plan yoxdur: “Partiyaya çevrilərsə, hərəkatda digər partiyaların üzvləri də var. Bu plan yoxdur. Təşəbbüs qrupunun üzvləri olaraq biz ilk gündən bildirmişik ki, əgər yeni yaradılan hərəkatın fəaliyyəti anti-Azərbaycan, müstəqilliyə qarşı olarsa, buna qarşıyıq. Hərəkatda olanlar Azərbaycanın müstəqilliyinin qorunması şərti ilə ora qoşulublar”.

Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin deyir ki, hərəkatın məqsədi keçmiş sovet respublikalarının Rusiya ilə siyasi, iqtisadi, hərbi, gömrük, humanitar və mədəni sahədə inteqrasiyasından keçən və Avrasiya superdövlətin yaradılmasıdır. Bu superdövlətin içində Azərbaycanın müstəqilliyindən söhbət gedə bilərmi? 

Fəxrəddin Dolq hesab edir ki, “Avrasiya Hərəkatı” iqtisadi birlikdir: “Hərəkatda Avropaya inteqrasiya tərəfdarları da var. İlhaq məsələsi olacaqsa, təbii ki, biz buna qarşı olacağıq. Biz bunu qəbul etmirik. Hazırkı hakimiyyətə qarşı olan istənilən təşkilatda varıq. Bu gün yeni yaradılan ”Avrasiya Hərəkatı"nın ortada pis bir fəaliyyəti yoxdur. Bu təşkilat hələlik doğulmayan uşaqdır. Amma hərəkata qarşı  mətbuatda neqativ yazılar yazılır".

“”Avrasiya Hərəkatı"nın məqsədi, məramı nədir" sualına Fəxrəddin Dolq bu cür cavab verdi: “Sırf iqtisadi birlikdir. Gömrük münasibətlərinin sadələşdirilməsinin tərəfdarıdır. Sonradan siyasi hərəkata çevriləcəksə, buna da münasibət açıqlanacaq”.  


Hərəkat iqtisadi birlikdirsə, onun üzvləri niyə adlarının mətbuatda  hallanmasından çəkinir? 
Müsahibimiz deyir ki, “Avrasiya Hərəkatı”nın sənədləri Nəriman İmranovun və İlqar Qasımovun təsisçiliyi ilə Azərbaycan Ədliyyə Nazirliyinə təqdim olunub. Qeydiyyat məsələsi həll olunandan sonra üzvlərin adları açıqlanacaq. 

“Azərbaycan Avrasiya Hərəkatının maliyyələşməsi məsələsi hansı qaynaqdan həyata keçirilir” sualına isə onun münasibəti aşağıdakı kimidir: “Mailyyə bizim üçün maraqlı deyil”. F.Dolqa Nəriman İmranovun hazırda harada yaşadığı haqda da sual verdik. Dedi ki bu barədə məlumatsızdır: “Onunla elə də yaxın münasibətim yoxdur. İlqar Qasımovla münasibətim var. ”Azərbaycan Yolu" Siyasi Hərəkatında təmsil olunmuşam. Sonradan müəyyən səbəblərdən həmin hərəkat fəaliyyətini dayandırıb. Bizim səmimi münasibətlərimiz bu gün də davam edir. Bugünlərdə “Avrasiya Hərəkatı” ilə yanaşı, ADR-in də təşəbbüs qrupu yaradıldı. Onlara da əlimdən gələn köməyi etdim. Əgər görsəm ki, Azərbaycan dövlətçiliyi üçün təhlükə var, ordan uzaqlaşacağam".
***
Rusiyanın Azərbaycanda keçirilən hər seçki öncəsi rəsmi Bakı ətrafında gərginlik yaratmaq kursu illərdir ki, davam edir. Bu baxımdan parlament seçkiləri öncəsi “Avrasiya Hərəkatı”nın elan olunması da təsadüfi deyil. “Milyarderlər İttifaqı” da prezident seçkiləri öncəsi yaradılmışdı. Fərq ondadır ki, seçkilər ərəfəsi bu dəfə küçələrə üzərində müxtəlif şüarlar yazılmış dinc müxalifətçilər əvəzinə əli silahlı, qırmızı zolaqlı papağı olan rusiyapərəst qüvvələr çıxa bilər. 


“Avrasiya Hərəkatı”nın elan etdiyi Rusiyaya yaxınlaşma prinsiplərini hərbçilərin çiynində, onların vasitəsilə gerçəkləşdirmək istəyi ortada ikən, başqa cür düşünmək sadəcə vəziyyətə uyğun deyil. 

Az sonra Azərbaycanın digər rayonlarında da hərəkatın təşkilatlanması haqda məlumatların gələcəyini artıq indidən söyləmək olar. 


Qiyamçı Surət Hüseynovun bu hərəkata qoşulması haqda yazılanlara münasibət bildirməməsi, susqunluq nümayiş etdirməsi də şübhəlidir. S.Hüseynov da, hərəkata qoşulduğu deyilən baş nazirin sabiq 1-ci müavini Abbas Abbasov da Gəncədəndir.  Bu baxımdan “Avrasiya Hərəkatı”nın növbəti dayaq nöqtəsinin Gəncədə yaradılması da mümkündür. Bir sözlə, yeni yaradılan “Avrasiya Hərəkatı” hələlik Azərbaycanda xırda dayaq nöqtələri vasitəsilə kök salmağa başlayıb. 

Qeyd edək ki, N.İmranovun bu gün də Surət Hüseynovla əlaqələrinin olması haqda məlumatlar var. Vaxtilə Abbas Abbasovun kuratoru olmuş sabiq milli təhlükəsizlik naziri Nəriman İmranov ömrünü Rusiya Dövlət Təhlükəsizlik Komitəsinin (DTK-KQB) divarları arasında keçirib. 1992-ci ilin yazında, fəxri təqaüdə çıxmasına bir neçə ay qalmış o, 24 il 6 ay xidmət etdiyi DTK-dan istefa verərək Azərbaycana gəlib. N.İmranovun bu hərəkətinin vətənpərvərlik hisslərindən qaynaqlandığını deyənlər az keçmədi ki, yanıldıqlarını başa düşdülər. Bu dəfə də eyni ssenarinin təkrarlanacağı istisna edilmir. 

E.HÜSEYNOV

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR