İnsanlara hürriyət, millətlərə istiqlal!

PƏNAH HÜSEYN 15-16 OKTYABR HADİSƏLƏRİ İLƏ BAĞLI GİZLİNLƏRİ AÇIQLADI

4627 30.08.2012 09:26 Siyasət A A

2003-cü il prezident seçkilərində İsa Qəmbərin seçki qərargahının üzvü olmuş Pənah Hüseynlə söhbətimizdə ilk sualımız da 16 oktyabr hadisələri və İsa bəyin meydanda hansı səbəblərdən olmaması ilə bağlı oldu. P.Hüseynin dediklərindən:

- 2003-cü il oktyabr hadisələri son dövrlər haqqında ən çox yazılan hadisələrdəndir. Amma o hadisələrin görünən tərəfləri ilə yanaşı görünməyən mühüm tərəfləri də var. O hadisələr yalnız Xalçaçılıq Muzeyinin qarşısındakı, Azadlıq meydanındakı və ətrafındakı küçələrdəki hadisələrlə məhdudlaşmır. Konkret olaraq İsa Qəmbərin bu məsələ barədə dünən (sragagün-red.) “Azadlıq” radiosundakı çıxışını dinlədim. İsa Qəmbərin hansısa səbəblərdən orada demədiyi və ya deməyi lazım bilmədiyi məsələləri ictimai rəyə çatdırmaq lazımdır. Əvvəla, o hadisələr heç də bəzilərinin dediyi kimi, kortəbii şəkildə baş vermirdi. İsa Qəmbərin seçki qərargahı bir neçə variant hazırlamışdı. Onların heç birində İsa bəyin şəhərin bu və ya digər yerlərində gözlənilən kütləvi aksiyalarda ilk andan iştirakı nəzərdə tutulmurdu. Bu, ilk dəfədir deyilir. Əsas variantlardan biri ondan ibarət idi ki, oktyabrın 16-da İsa Qəmbərin qərargahı Ümid Partiyasının qərargahına köçməli idi. İsa Qəmbər orada oturmalı idi. Kütləvi aksiyaların da mərkəzi kimi Ümid Partiyası və onun ətrafı nəzərdə tutulmuşdu. Davamlı kütləvi aksiyalar Azadlıq meydanı və ya Xalçaçılıq Muzeyinin qarşısında yox, Nərimanov rayonu ərazisində mərkəzləşdirilməli idi. Hətta İsa Qəmbərin mühafizə qrupunun rəhbəri oktyabrın 16-dan bir neçə gün əvvəl Nərimanov rayonunun ərazisində olmuş, oranın sxemi çəkilmişdi. Lakin oktyabrın 15-də Müsavat Partiyasının mərkəzi qərargahının qarşısında insanların toplanması və hakimiyyət qüvvələrinin ora sərt müdaxiləsi plana müəyyən korrektələr gətirdi. İsa Qəmbərin hansısa aksiyanın qarşısında durub ona rəhbərlik eləməsi əvvəldən gündəmdə deyildi. Bu məsələlərin daha dəqiqini, əlbəttə, İsa bəy bilir və mənim dediklərimə müəyyən şərhlər də verə bilər. Amma mən bəzi məsələləri xatırlatmağı vacib bilirəm. Burda daha çox İsa Qəmbərin və onun qərargahının nəzərdə tutduğu hərəkətləri axıra qədər etməməsi, bu məsələdə Qərb dövlətlərinin mövqeyinin rol oynadığı barədə danışılır. Hətta iqtidar dairələri Ramiz Mehdiyev səviyyəsində açıqlamalarda işarə etmişdilər ki, bəzi ölkə səfirlikləri onlara zəng edərək şəhərdə qayda-qanun yaradılmasını tələb ediblər. 16 oktyabr hadisələri barədə məhkəmələrdə də bu barədə danışılmışdı. Prezident Aparatının şöbə müdirlərinin biri ilə o vaxtkı ABŞ səfirinin telefon danışığı barədə əldə olunmuş informasiya səslənmişdi və bu heç vaxt təkzib olunmadı. Mən bu məsələ barədə yeni sayıla bilən bir nüansı da demək istəyirəm. Qərb dövlətlərinin, ABŞ-ın Bakıdakı diplomatik korpusunun nümayəndələrinin 15-16 oktyabrda iki fərqli mövqelərinin olması barədə bizdə informasiyalar var idi. Bir tərəf, deyildiyi kimi, mövqe qoyurdu və Prezident Aparatı ilə əlaqə saxlayırdı. Digər tərəf isə Azərbaycan cəmiyyətinin seçkinin saxtalaşdırılmasına qarşı müqavimət potensialının zəruri olması mövqeyində idi. Bu, ifadə olunmuşdu. Vəziyyət cəmiyyətin bildiyindən də gərgin idi. Ölkənin daxilində üzdə olmayan çox əhəmiyyətli qüvvələr də hakimiyyət dəyişikliyi məsələsində mövqe müəyyənləşdirmişdilər. 15-16 oktyabrda hadisələrin inkişafından asılı olaraq həmin mövqe ifadə oluna bilərdi. Mən çox insanın taleyi ilə bağlı olduğu üçün bu məsələni axıra qədər açıqlamıram.

- Həmin qüvvələr indi də vəzifələrdədirmi?

- Gəlin, bu mövzuda bundan artıq danışmayaq. Mən İsa Qəmbərin 16 oktyabr hadisələri ilə bağlı “Azadlıq” radiosunda dediklərinin birmənalı şəkildə doğru olduğunu və onun həmin gün nə üçün qərargahda olması barədə dediklərini də tam təsdiqləyirəm. İsa Qəmbər seçki öncəsi, seçki günü və 16 oktyabrda seçki qərargahının müəyyənləşdirdiyi plana uyğun hərəkət edirdi.

- Əbülfəz Elçibəyin zəhərlənməsi iddiasının ortaya atılıb Əli Kərimlinin hədəfə alınmasının ardınca İsa Qəmbərə qarşı total hücum başlayıb. Maraqlıdır ki, anti-İsa Qəmbər kampaniyasında İsa bəyin “hafiz hacıyevləri” YAP-çılarla yanaşı Rəsul Quliyev cinahı, özlərini gənc intellektual adlandıran bir qrup və bəzi “mehriban düşmənlər”dir. Görünən odur ki, müxalifətin iki əsas fiquruna qarşı şiddətli kampaniya aparılır. Məqsəd nə ola bilər?

- Əvvəla, hər iki proses diqqəti Əli Kərimlinin və İsa Qəmbərin üzərində cəmləşdirir. Bu hücumlar daha çox onların pozitivinə işləyir. Bu prosesin hansısa düşünülmüş və hazırlanmış plana uyğun həyata keçirilməsinə şübhə ilə baxıram. Hər iki mövzu uzağı bir-iki həftəlik kampaniyadır. Bu tipli kampaniyaların ciddi təsirlərinin olacağı gözlənilmir. Çünki ictimai rəy daha mühüm hadisələr və mövzuların müzakirəsi ərəfəsindədir.

- Bəziləri İsa Qəmbərin prezidentliyə namizədliyini verəcəyi barədə açıqlamasının İctimai Palatada problemlər yaradacağını iddia edir...

- İsa Qəmbərə olan hücumlar boşuna olan hücumlardır. İsa bəy “İctimai Palatanın vahid namizədi olacağam” deməyib. İctimai Palatanın və İctimai Palata ilə əməkdaşlıq edən qüvvələrin 2013-cü il seçkiləri ilə bağlı fəaliyyət konsepsiyasının əhəmiyyətli bir hissəsi artıq razılaşdırılıb. Sadəcə, hələ ictimailəşməyib, açıqlanmayıb. İctimai Palatanın rəhbərliyində əksəriyyətin rəyini almış model ondan ibarətdir ki, İctimai Palatanın taleyi, onun apardığı iş 2013-cü il seçkilərinə birbaşa bağlanmayacaq. İctimai Palata seçkilərdə kimin namizədliyinin irəli sürülməsindən asılı olmayaraq, bir, yaxud bir neçə namizədin irəli sürülməsindən asılı olmayaraq öz fəaliyyətini davam etdirəcək. Çünki demokratik dəyişikliklərə nail olmaq məsələsi gündəmdə əsas strategiya kimi qalacaq. Kimsə hesab edirsə ki, namizəd məsələsinə və seçkiyə görə İctimai Palatanın qalıb-qalmaması həll olunacaq, yanlış hesab edir. İkincisi, artıq xeyli müddətdir müxalifətin vahid namizədi anlayışından imtina olunub və müxalifətin əsas namizədi anlayışı daha mühümdür. İndiki halda hesab edirik ki, İctimai Palatanın dəstəklədiyi namizəd və ya namizədlərdən biri əsas namizəd ola bilər. Aparılan təhlillər göstərir ki, əsas namizəd məsələsi məhz seçki ərəfəsində, proseslərin nəticəsi olaraq müəyyənləşəcək. Odur ki, bu məsələ barədə nigarançılıq yoxdur. Hətta sözün açığı, vahid namizəd yox, vahid seçki qərargahı konsepsiyası artıq xeyli dərəcədə işlənib hazırlanıb. Bu istiqamətdə də müzakirələr gedəcək. Seçkilərdə iştirak konsepsiyasının əsas müddəası namizədin üzərində olmayacaq. Ən yaxın dövrdə biz ölkənin siyasi gündəminin tamamilə fərqli və mühüm olan gündəliklə əvəz olunmasının şahidi olacağıq. Məsləhətləşmələr və proses gedir.
Azərbaycan iqtidarının son davranışları, addımları isə hakimiyyətin mühüm geosiyasi seçim qarşısında qaldığının əlamətləri kimi görünür. Bu seçimdən asılı olaraq ölkə daxilində siyasi islahatların reallaşıb-reallaşmaması müəyyən olacaq. Demokratik düşərgə ilə dialoq da aktuallaşa bilər. Kütləvi aksiyalar məsələsi də İctimai Palatanın gündəmindədir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR