“Jurnalistlərin dostu” mükafatının təqdim edilməsi mərasimində prezident İlham Əliyev Azərbaycan müxalifətinin ünvanına da bəzi mesajlar verib. Nəzərə çarpan fakt budur ki, bu mesajlar vasitəsilə açıqlanan bir sıra fikirlər maraqlı olması ilə yanaşı, həm də yenidir. Sitat: “Daxili problemlər, siyasi mübarizə ilə bağlı olan məsələlər, müxalifət-iqtidar münasibətləri daxildə müzakirə edilməlidir. Bu məsələlər hüdudlarımızın kənarına çıxdıqda, ilk növbədə, Azərbaycan haqqında bir rəy yaranır ki, bu ölkədə bax, onlar özləri öz aralarında münasibətləri həll edə bilmirlər...
Bir daha demək istəyirəm ki, siyasi baxışlar müxtəlifdir. Bu, təbiidir. Siyasi mübarizə aparılır, aparılmalıdır. Əlbəttə, mən istərdim ki, bu mübarizə daha çox sivil qaydada aparılsın. Son prezident seçkiləri və ondan sonrakı dövr onu göstərir ki, Azərbaycanda siyasi mədəniyyət artır.
Media nümayəndələri, iqtidar-müxalifət nümayəndələri də öz aralarında məsələlərini həll etməlidirlər. Biz hamımız Azərbaycan vətəndaşlarıyıq. Hamımızın bir Vətəni vardır - Azərbaycan. Hamımız vətənpərvərik, Vətənimizi sevirik. Ola bilər ki, ölkəmizin inkişafı ilə bağlı müxtəlif fikirlərimiz olsun. Kimsə kimisə istəməyə bilər. Bu da təbiidir. Ancaq biz əsas amallar ətrafında daim bir yerdə olmalıyıq".
****
Bu mesajlar əsasında demək mümkündür ki, prezident müxalifətə müzakirələr təklif edir. Yaxud da belə bir müzakirə-dialoqun ideologiyasını müəyyənləşdirir.
Prezidentin indiyə qədər müşahidə edilməyən bu cür isti mesajlarından sonra yaxın günlərdə hakimiyyətlə müxalifət arasında dialoq gözlənildiyi barədə xəbərlər yayılmaqdadır. Avropa.info-nun məlumatlı mənbədən əldə etdiyi məlumata görə, hakimiyyət dialoq təklifi ilə çıxış edəcək. Mənbə bildirib ki, dialoqda prezident seçkisi zamanı gərginləşmiş iqtidar-müxalifət münasibətlərinin normal məcraya salınması ilə yanaşı, son zamanlar Azərbaycana qarşı xaricdən, xüsusilə də Rusiya və İrandan yönələn təhdidlər məsələsi də müzakirə olunacaq. Sayt bildirir ki, əslində Azərbaycan hakimiyyəti seçkidən sonrakı proseslərdə “açılım xətti”ni əsas götürüb. Belə ki, prezidentin AXC-nin qurucusu Məhəmməd Əmin Rəsulzadənin yubileyinin keçirilməsi haqqında sərəncamı, bundan sonra isə jurnalistlərlə görüşü və həmin görüşdə mətbuatın vəziyyəti ilə bağlı önəmli mesajlar verməsi bu xəttin başlanğıcıdır.
Bəs müxalifət prezidentin mesajlarına, dialoq çağırışına necə yanaşır?
KXCP sədri Mirmahmud Mirəlioğlu bildirdi ki, İlham Əliyevin mesaj və bəyanatları qəbul olunan məsələlərdir: “Bunun söz olaraq şərhə ehtiyacı yoxdur. Amma real fəaliyyət olaraq nə olacaqsa, bu, söz müəllifinin konkret hərəkətlərinin əsasında meydana gələ bilər. Belə demək mümkünsə, bu, atılan ilk addım idi. Uzun zaman hakimiyyət düşərgəsindən və demokratik düşərgədən çağırışlar var idi. Amma dialoq mövzusu ölkənin birinci şəxsinin dilindən səslənməmişdi. Səsləndi, indi qaldı o deyilənlərin hamısını reallaşdırmaq. Bu da birbaşa hakimiyyətin işidir. Necə ki, Rəsulzadənin 130 illiyinin dövlət səviyyəsində qeyd olunması üçün sərəncam imzalanır və sərəncamdan irəli gələn vəzifələri yerinə yetirmək müvafiq rəsmi qurumlara tapşırılır, bu da ona bənzər məsələdir. Qalır aidiyyəti qurumlara göstəriş verilməsi və mesajlarda nəzərdə tutulanları reallaşdırmaq. Ən təqdir olunası məsələlərdən biri Rəsulzadənin 130 illiyinin dövlət səviyyəsində qeyd olunmasıdır. Hakimiyyət istəsə, yaxşı işlərin sayını çoxalda və Azərbaycan insanının qəlbini zorla yox, yaxşı işləri həyata keçirməklə fəth edə bilər”.
ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, ölkə başçısının baş redaktorlarla görüşüb onları dinləməsini və problemlərini öyrənməsini alqışlayır. Faktın özü önəmli məsələdir. Dövlət başçısının həmin görüşdə verdiyi mesajların, bəyanatların arxasında real siyasi iradə durarsa, Azərbaycanda demokratiyaya keçid üçün ciddi mesajlar və bəyanatlardır: “Əgər İlham Əliyevin orada dediyi fikirlər əmələ çevriləcəksə, Azərbaycanda kataklizmlərsiz, inqilabsız demokratiyaya keçidi təmin etmək mümkün olar. Bu, ölkə prezidenti daxil olmaqla, hər bir vətəndaşın marağına cavab verən məsələdir”.
S.Cəlaloğlu hakimiyyətdən dialoq təklifi olacağı halda müsbət dəyərləndirəcəklərini açıqladı: “ADP 2005-ci ildən hakimiyyətlə siyasi dialoq kursu götürdüyünü bəyan edib. İndi hakimiyyət tərəfindən belə bir addım atılacaqsa, məmnuniyyətlə iştirak edərik”.
Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər bildirdi ki, uzun illərdir Azərbaycanda hakimiyyətlə müxalifət arasında dərin etimadsızlıq yaşanır. Bunun səbəbləri də aydındır. Hakimiyyət bu etimadsızlığın aradan qaldırılması üçün real addımlar atacaqsa, müsbət qiymətləndirilməlidir: “Şəxsən mən keçmiş təcrübəni nəzərə alaraq, ehtiyatla yanaşıram. Ona görə də əminliklə söyləyə bilmirəm ki, dialoq doğrudan da olacaq, yoxsa yox. Əgər doğrudan da hakimiyyət ölkədə iqtidar-müxalifət münasibətlərinin normallaşmasını istəyirsə və İlham Əliyevin çıxışından da göründüyü kimi, xarici təzyiqlər qarşısında Azərbaycanın daxilində həmrəyliyə nail olmaq qarşıya məqsəd qoyulubsa, bundan ötrü yüksək səviyyədə hakimiyyətlə müxalifət arasında predmetli, konkret mövzular ətrafında dialoq başlamalıdır. Əgər belə dialoq başlayarsa, heç şübhəsiz ki, mən buna müsbət yanaşıram. İlk növbədə Azərbaycanın dövlət başçısının da çıxışında qeyd etdiyi kimi, həm xarici, həm daxili siyasətdə milli məsələlər ətrafında dialoq başlamalıdır”.
Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirdi ki, hansısa xarici qüvvənin və dövlətin Azərbaycana öz maraqlarını diktə etməsinə qarşıdır. Ona görə də həmişə hakimiyyətlə münasibətlərin normal müstəvidə getməsinin tərəfdarı olub: “Təəssüf ki, uzun illər yürüdülən siyasət nəticəsində müxalifətlə münasibətlər gərgin vəziyyətdə olub. Əgər bundan sonra münasibətlərin normallaşması həqiqətən də qarşıya hədəf kimi qoyulubsa, bu müsbət qarşılanmalıdır. Mesajların əmələ çevrildiyini gözləmək lazımdır. Əgər həqiqətən dialoq təklifi olacaqsa, məmnuniyyətlə iştirak edə bilərik”.
Tərəfimizdən onu da qeyd edək ki, prezidentin redaktorlarla görüşü, burada həm də müxalifətə səslənişi, isti mesajlar verməsi, onları müzakirəyə dəvət etməsi, daha sonra isə “Yeni Müsavat” qəzetinin baş redaktoruna danışmaq şəraiti yaratması, onun qaldırdığı problemlərə olumlu reaksiya verməsi müxalifət düşərgəsində gizli bir çaxnaşma yaradıb. Xüsusilə həm də Müsavat Partiyasının tanınan üzvlərindən olan R. Arifoğlunun prezidentlə görüşdən bir gün sonra ana müxalifətin lideri İsa Qəmbərlə görüşməsi, bu faktın şəkilli xəbərə çevrilməsi qəribə effekt ortaya çıxarıb. Hətta Milli Şuraya daxil olan müxalifət partiyalarından birinin funksioneri müxbirimizə deyib ki, Müsavatdan kənardakı partiyalar narahatdır. Onların bəzilərinə elə gəlir ki, hakimiyyət dialoq obyekti kimi Müsavat Partiyasını seçib: “İsa Qəmbərin prezidentlə görüşən baş redaktoru açıq şəkildə dəstəkləməsini də bu prosesin ilkin mərhələsi kimi qiymətləndirənlər var və onların arqumentləri maraqlı görünür”.
Müsahibimiz deyir ki, hazırda R.Arifoğlunun siyasi müxalifətdəki siyasi təşkilatlara yaxın yazar və funksionerlər tərəfindən hədəfə götürülməsinin də səbəbi budur. Bəziləri hesab edir ki, proses artıq başlayıb, lakin onlar kənarda qalıblar...
Rauf Arifoğlu isə müxbirimizə deyib ki, belə bir proses yoxdur, o, müxalifət funksioneri deyil, görüşə də yalnız baş redaktor kimi qatılıb: "Heç bir proses getmir, bunlar yalandır və qəsdən ortaya atılır. İqtidar müxalifətlə dialoq aparmaq istəsə, bunun üçün konkret adamlar, təşkilatlar var, mənim ortada nə işim? Belə eyhamları iki gündür mən də eşidirəm. Bu cür fikir yaratmağın özü də mənə qarşı təxribatdır".
Etibar SEYİDAĞA