İnsanlara hürriyət, millətlərə istiqlal!

Şirkətin əməkdaşı Bakıda ələ keçirdiyi “Mercedes”i Goranboyda yoxa çıxarıb FOTO

1455 03.04.2024 15:58 Kriminal A A

Bakıda fəaliyyət göstərən “Fitstar Herbal Products” MMC-nin keçmiş əməkdaşı aylardır ki, “Mercedes-Benz” markalı, Az 77 AE 649 dövlət nömrə nişanlı avtomobili yoxa çıxarıb. Hətta Gəncə Şəhər Polis İdarəsi avtomobili tapıb ekspertizaya təqdim edə bilmir.

Bu haqda Musavat.com-a MMC-nin direktoru Firdovsi Bəhram oğlu Vəliyev məlumat verib.

O deyib ki, müraciətindən sonra şikayəti Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb, lakin “Mercedes-Benz” markalı, Az 77 AE 649 nömrə nişanlı avtomobil “iynə olub, yoxa çıxıb”:

“İlin əvvəlində hörmətli daxili işlər naziri Vilayət Eyvazova müraciətimdən sonra məsələni şəxsi nəzarətə götürdü. Daxili İşlər Nazirliyi Katibliyinin rəis müavini Rüfət Allazov dəvət edərək məni qəbul etdi. Şikayətimi dinlədi, yazılı şəkildə də şikayətimi təqdim etdim. Cənab nazir şikayətimin üzərinə nəzarət qaydasında dərkənarı qoyub Daxili İşlər Nazirliyinin Təhqiqat və İstintaq Baş İdarəsinə göndərdi. Orada təhqiqatçı dedi ki, Gəncə Şəhər Polis İdarəsində təkrar ekspertiza təyin olunacaq. Bu günə qədər maşını tapmaq mümkün olmayıb. Bu səbəbdən ekspertiza da keçirilmir”.

Firdovsi Vəliyev başına gələnləri bu cür qeyd edib:

“Sizin yüksək diqqətinizə çatdırıram ki, direktoru olduğum şirkətin balansında olan nəqliyyat vasitəsi Goranboy rayon sakini Xəyyam Nəriman oğlu Rəhimov tərəfindən ələ keçirilib – faktiki olaraq oğurlanıb. Xəyyam Rəhimov şirkətə məxsus avtomobili saxta dövlət nömrə nişanı – Az 20 EU 594 nömrə bağlamaqla idarə edir. Sonuncu dəfə avtomobili Gəncə DYP əməkdaşları Xəyyam Rəhimov tərəfindən bu nömrə nişanı ilə idarə olunarkən saxlayıb. Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Hüseynalı Məhərrəmov avtomobilə hal şahidlərinin müstəqil ekspertin iştirakı ilə baxış keçirdi. Baxış zamanı müəyyən olundu ki, Xəyyam Rəhimov şirkətə məxsus “Mercedes-Benz” markalı, Az 77 AE 649 dövlət nömrə nişanlı avtomobilə saxta dövlət nömrə nişanı – Az 20 EU 594 nömrə bağlamaqla idarə edir. Cinayətə bərabər saxtakarlıq aşkar olunması ilkin baxış protokolunda qeyd olundu. Saxtakarlıq üzə çıxandan sonra təhqiqatçı Hüseynalı Məhərrəmov məhkəmə ekspertizası təyin etdi. O bildirdi ki, iştirakımla ekspert avtomobilə baxış keçirəcək. Amma təhqiqatçı ekspertin avtomobilə baxışı zamanı mənim iştirakımı təmin etmədi. Baxmayaraq ki, bunu ondan dönə-dönə xahiş edirdim. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Ayaz mənim iştirakım olmadan avtomobilə baxış keçirib və saxta rəy verib. Mən əminliklə deyirəm ki, bu rəy saxtalaşdırılıb. Təhqiqatçı ilə ekspert əlbir olaraq rəyi saxtalaşdırıblar. Ona görə də, Sizdən xahiş edirəm ki, hər iki vəzifəli şəxsin barəsində qanuni tədbir görülməsi üçün müvafiq göstəriş verməklə şirkətimizə məxsus “Mercedes-Benz” markalı, Az 77 AE 649 dövlət nömrə nişanlı avtomobilin geri qaytarılmasını təmin edəsiniz. Onu da Sizin yüksək diqqətinizə çatdırıram ki, Xəyyam Rəhimov saxtakarlığı ifşa olunandan sonra yalandan deyir ki, guya şirkətə məxsus avtomobili geri qaytarıb. Faktiki isə hazırda saxta nömrə nişanı ilə şirkətə məxsus maşını idarə etməkdədir”.

MMC direktoru daxili işlər nazirinə təşəkkür edərək qeyd edib ki, işin şəxsi nəzarətə götürülməsindən sonra da, sənədlər saxtalaşdırılmaqla faktiki olaraq oğurlanmış nəqliyyat vasitəsi ilə bağlı araşdırma aparılmır. Firdovsi Vəliyev xahiş edib ki, məsələnin hüquqi yolla həlli üçün bir daha ona köməklik göstərilsin. Yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məsələ ilə bağlı Musavat.com-a bildirib ki, sözügedən məsələ ilə bağlı hazırda Gəncə Şəhər Baş Polis İdarəsində şikayətçinin ərizəsi əsasında araşdırma aparılır.

"Məsələ ilə bağlı müvafiq ekspertizalar təyin olunub. Avtomobilin yerinin müəyyən olunaraq ekspertizaya təqdim edilməsi üçün tədbirlər həyata keçirilir".

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR