İnsanlara hürriyət, millətlərə istiqlal!

Şeytanın “Bay Kamal”la müttəfiqliyi – Türkiyə ermənisi Tələt Paşanı niyə aşağıladı?

2229 25.04.2023 14:41 Yazarlar A A

Ermənilərin 24 aprel ağlaşma gününün Türkiyədə seçkilər kampaniyası dövrünə düşməsi bir yandan yaxşı oldu. Yəni “lakmus kağızı” məsələsi. Bir daha məlum oldu ki, hər çapdan olan amerikapərəstlər, ermənipərəstlər və uydurma soyqırımının tanınması tərəfdarları, habelə Türkiyə dövlətçiliyini görməzdən gələn kosmopolitlər məhz CHP lideri, prezidentliyə müxalifətin əsas namizədi Kamal Kılıçdaroğlunun ətrafında yığışıb.

İndi kim zəmanət verə bilər ki, bu komanda iqtidarda olarsa, ermənilərlə bağlı Azərbaycana heç olmasa, Ərdoğan qədər can yandıracaq? 

Söhbət heç Azərbaycandan, Qarabağdan da getmir. Türkiyəyə, onun bütünlüyünə real təhlükələrdən gedir. Qardaş ölkənin köklü maraqlarını aparıb qondarma “genosidi” tanıyan Qərbin, onun 1 nömrəli dövləti ABŞ-ın, dünən yenə “soyqırımı” deyib bütün türkləri barbar kimi təqdim edən Co Baydenin ayağına verməkdən gedir. Bu maraqları bazarlığa çıxarmaqdan, qardaş ölkənin “qırmızı xətlərini” heçə saymaqdan, nəhayət, onu parçalanmaq təhdidi qarşısında qoyub təzədən ikinci sort dövlətə çevirmək riskindən gedir.

“Biz 108 il əvvəl soyqırımına məruz qalan ermənilərin xatirəsini ehtiramla anırıq. Bəşəriyyətə qarşı törədilmiş cinayətlərə qarşı mübarizə ortaq sülh quruculuğunda əsas addımlardan biridir”.

Bu sözlər PKK-nın siyasi qolu olan Xalqların Demokratik Partiyasının (HDP) ermənilərin saxta anım günmü ilə bağlı dünən yaydığı bəyanatdandır.

Xatırladaq ki separatçılığa və terrora dəstəyə görə lideri (Səlahəddin Dəmirtaş) həbsdə yatan HDP 14 may seçkilərində Kamal Kılıçdaroğlunu dəstəkləyəcəyini bəyan edib.

İnkılâbın büyük teşkilatçısı”: Talat Paşa | Bilim ve Ütopya

Gör hələ bu separatçı partiyadan olan erməni kökənli deputat, Karo Paylan ad-soyadlı çaqqal rahatca qardaş ölkədə oturub nə həyasızlıq edir.

Sitat: “Türkiyədəki erməni soyqırımından 108 il sonra da insanlar bu soyqırımının memarı Təlat Paşanın adını daşıyan küçələrdə yaşayır, övladlarını Təlat Paşa adına məktəblərə verirlər. 108 il əvvəl bölgədə yaşayan, yerli əhali hesab edilən ermənilər öz torpaqlarından deportasiya olunaraq məhv edilib”.

Nə az, nə çox. Bu, artıq nəinki klassik erməni sırtıqlığı ilə tarixi baş-ayaq təqdim eləmək, Osmanlı dövlətinə qarşı erməni xəyanəti və satqınlığına haqq qazandırmaqdır, həm də Türkün tarixi simalarına qardaş ölkənin özündə (!) həqarət eləmək, ümumiyyətlə, Türkiyə dövlətinə sataşmaq, hətta əlcək atmaqdır.

Necədir, Kamal bəy?

Beləcə, Türkiyənin havasını udan, çörəyini yeyib-suyunu içən, söz azadlığından sui-istifadə edən bu zat böyük bir xalqa, topluma həqarət eləmək cəsarətində bulunur. Halbuki ölkə konstitusiyasına görə, heç kim belə təxribatçı fikirlər səsləndirə bilməz...

Yaxşı deyiblər, “dostunu göstər, deyim kimsən?” Bəs cənab Kılıçdaroğlu özü Türkiyədəki “soyqırımı” deyənlər haqda nə düşünür görəsən? Seçki müttəfiqi olduğu partiyanın mövqeyini bölüşürmü? Bölüşmürsə, HDP ilə necə simsar ola bilir, eyni masa ətrafında oturur, onlarla çörək kəsir? Belə çıxır, hakimiyyətə gəlmək üçün Şeytanın özü ilə, şarlatanlarla da dost-müttəfiq olmaq məqbuldur?

CHP başqanı unudubsa, diqqətinə çatdırırıq: dünya erməniliyinin, ümumən ermənilərin 1 nömrəli hədəfi saxta soyqırımı iddiasını Türkiyəyə tanıtmaq, ikinci hədəf qardaş məmləkətdən ağlasığmaz maddi təzminat almaq, üçüncü hədəf isə “Qərbi Ermənistan” adlandırdıqları Türkiyə vilayətlərini (Ərzurum, Van, Bitlis, Elazığ, Diyarbakır və Sivas) ondan qoparıb indiki Ermənistana qatmaqdır?!

İnanırıq ki, 19 gün sonra əlahəzrət Türkiyə seçicisi hər kəsə layiq olduğu yeri göstərəcək. Yoxsa “Bay Kamal”ın, karo paylanların qələbəsi Türkiyəmizin məğlubiyyəti olacaq...

Zahid SƏFƏROĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR