İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sən artıq generalsan” – Stalin ukraynalı döyüşçünü bu ifadə ilə təəccübləndirib...

4762 24.02.2024 12:26 Yaxın tarix A A

Müharibə illərində Dövlət Müdafiə Komitəsində partizan dəstələrinin fəaliyyəti tez-tez müzakirə olunub.

Belə müzakirələrdə bu könüllü dəstələrin fəaliyyətini yüksək qiymətləndirənlər də olub, narazı qalanlar da. 1942-ci ilin may ayında isə partizanların Bryansk ətrafında keçirdikləri əməliyyat yüksəkçinliləri sözün əsl mənasında təəccübləndirib. Həmin əməliyyat zamanı Mixail Dukanın başçılıq etdiyi partizan dəstəsi bir neçə kənd və qəsəbəni mühasirəyə alan almanların “Quş nəğməsi” dəstəsinə güclü zərbələr endirərək minlərlə dinc sakini mühasirədən çıxarıb. Əməliyyat zamanı təkcə Duka 243 alman əsgər və zabitini məhv edib, onların şəxsiyyətini təsdiq edən sənədləri Dövlət Müdafiə Komitəsinə göndərib. Bu uğurlu əməliyyatdan sonra Stalin Moskvada partizan dəstələrinin rəhbərləri ilə görüş keçirilməsini planlaşdırıb.

DUKAM.jpg (104 KB)

Sentyabr ayının 1-nə nəzərdə tutulmuş görüşə qədər Stalin partizan dəstələrinin başçılarının tərcümeyi-halları ilə tanış olub. O cümlədən Mixail Dukanın da şəxsi işi sovet liderinin masasının üstünə qoyulub.

Sentyabrın 1-də axşam saat 9-da başlayan görüş gecə 1-in yarısına qədər davam edib. Görüşün sonunda Stalin dəstə başçılarına hələ bir neçə gün də Moskvada qalmalarını tapşırıb. Sentyabrın 4-də onları yenidən Kremlə dəvət ediblər. Həmin gün Stalin partizanlara konkret tapşırıqlarını verib və onları mükafatlandırıb. Mükafatlardan Dukaya da pay düşüb. Sıravi partizana mayor rütbəsi və Sovet İttifaqı qəhrəmanı adı verilib.

Partizanlar yenidən cəbhəyə qayıdıblar. İki gün sonra Duka almanların anbar və yaşayış üçün istifadə etdikləri 51 vaqonu partladıb. Bu partlayışla Vermaxt qoşunlarının keçirəcəkləri böyük bir hərbi əməliyyat təxirə düşüb.

Sentyabrın 16-da Duka yenidən Moskvaya çağırılıb. Partizanı Stalinin qəbuluna aparıblar. O, kabinetə daxil olanda Ali Baş Komandana hərbi qaydada məruzə edib:

- Mayor Duka əmrinizlə gəlib.

Stalin bu məruzəni təbəssümlə qarşılayıb:

- Siz artıq generalsınız. Mayor rütbəsi sizin üçün çox azdır. Amma biz general rütbəsini sizə bir şərtlə veririk. Canınızla qoruduğunuz vətəndən bir daha oğurluq etməyin.

General rütbəsi və Stalinin sözləri Duka üçün gözlənilməz olub.

Stalin oğurluq məsələsinə toxunanda qəhrəman partizana nəyi xatırlatmaq istəyib?

1909-cu ildə Ukraynanın Vinnitasa vilayətinin Selişe kəndində anadan olan Duka orta təhsilini bitirdikdən sonra dəmirçi işləyib. Daha sonra texniki peşə məktəbində təhsil alıb, təyinatla Podolsk Mexanika Zavoduna göndərilib.

1931-ci ildə orduya çağırılan Duka həqiqi hərbi xidmətini başa vurduqdan sonra starşina kimi orduda qalıb və Bryanskda yerləşən aviasiya briqadasında xidmətini davam etdirib. Bu hissədə o, əşya və ərzaq anbarında, yardımçı təsərrüfatda xidmət edib. Briqada rəhbərliyi Dukanı ciddi hərbçi kimi qəbul etməyib. Starşina hətta bir neçə dəfə anbarlardan oğurluğuna görə ciddi cəzalandırılıb. 1937-ci ildə isə o, “NKVD”nin apardığı yoxlamalarda ələ keçib, vəzifədən sui-istifadədə, dövlət əmlakını mənimsəmədə ittiham olunub. Bir il həbsxana həyatı yaşadıqdan sonra Dukanı azadlığa buraxıblar. Amma onun yenidən orduya qayıtması mümkün olmayıb. Məhz Stalin də Dukayla görüşdə oğurluq məsələsini həmin hadisələrə görə xatırladıb.

Azadlığa çıxdıqdan sonra Duka Bryanskda qalıb, ət kombinatında işə düzəlib. Sovet-alman müharibəsi başlayanda o, hərbi komissarlığa müraciət edərək könüllü cəbhəyə göndərilməsini xahiş edib. Bir müddət təxliyə məsələlərinə cəlb olunduqdan sonra Duka səfərbərlik işləri və partizan dəstələrinin təşkil olunması ilə məşğul olub.

DUKA SON.jpg (117 KB)

Bryansk bölgəsində partizan hərəkatının yaradıcılarından biri sayılan Duka qısa müddətdə törətdiyi diversiyalarla ad çıxarıb. Duka Vermaxt qoşunlarının işğal etdikləri Ukrayna və Belarusiya ərazilərindəki komandanları üçün böyük təhlükəyə çevrilib. Onun ələ keçirilməsi üçün böyük pullar vəd edilib. Ukraynalı qəhrəmanı isə heç nə qorxutmayıb. Onun döyüş yolları Berlinə qədər davam edib. Məhz Berlinin rəmzi açarını da Duka ələ keçirib.

24 iyun 1945-ci ildə Moskvada keçirilən qələbə paradında Duka Qırmızı meydandan əlində Berlinin rəmzi açarı ilə keçib.

Müharibədən sonra Duka xidmətini Almaniyada davam etdirib, Leypsiq şəhərinin hərbi komendantı olub. 1948-ci ildə SSRİ-yə qayıdan general Frunze adına Hərbi Akademiyda kurslar keçib, Odessa Hərbi Dairəsinin komandan müavini vəzifəsinə təyinat alıb, general-leytenant rütbəsini daşıyıb.

Duka istefaya çıxdıqdan sonra Odessada yaşayıb. O, 1976-cı ildə, 67 yaşında vəfat edib.

DUKA.jpg (194 KB)

General Vinnitsada anadan olsa da, ömrünün son illərini Odessada yaşasa da, ölümündən əvvəl müharibə illərini keçirdiyi Bryanskda dəfn edilməsini vəsiyyət edib.

İlham Cəmiloğlu,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR