İnsanlara hürriyət, millətlərə istiqlal!

Səmərqəndə “kəsə yol”, idmançı əxilər, vuvuzeladan ötə zurnalar

2524 04.11.2023 13:07 Yazarlar A A

 

Yenə Xəzərin üstündən keçib şərqə, Orta Asiyaya getmək üçün əvvəlcə öz dənizimizin üstündə qısa dövrə qurub qərbə doğru uçduq, Qara dənizin üstüylə uçub Mərmərə dənizinin sahilində endik, başqa təyyarəyə mindik, yenidən Qara dənizin üstüylə uçub Xəzərə doğru gəldik, onun üstüylə də uçub Əmir Teymurun vətəninə yetişdik. 2 saatlıq yolu, toplamda (qeydiyyatlı, gözləməli, gecikməli) 12 saata qət etdik.

Bu, ona görə belə olur ki, Orta Asiyanın böyük şəhərlərinə requlyar və gündəlik təyyarə reysləri yoxdur. Həftədə bir-iki dəfə Daşkəndə, Astanaya, Almatıya birbaşa reys ola, ya olmaya. O da sənin səfər proqramının günlərinə uyğun gələ, ya gəlməyə.

Amma səfər macərası bununla məhdudlaşsa nə vardı ki. Ölkədən kənara çıxmaq istəyəndə hər cür insan və cürbəcür davranışlar görürsən. Aeroportda 40 qəpiklik suyu 3 manata verirlər, deyirlər, dünyanın hər yerində belədir. Amma məsələn, Milanda, Brüsseldə elə deyil, oralarda 40 qəpiklik su uzağı 1 avrodur. Bəlkə son vaxtlar onlar da bahalaşdırıb, bilmirəm. Çünki su çox qıtlaşıb, hətta su müharibələri gözlənilir, deyilənə görə.

Hər dəfə hansısa xarici ölkəyə uçanda mütləq uçaq yoldaşlarımın çoxu ya musiqiçilər, ya da idmançılar olur. Onlarsız uçduğum bir epizodu belə xatırlamıram. Elə bil, təyyarəni idmançılar və musiqiçilər üçün icad ediblər.

Bu dəfə 10-15 musiqiçi və 40-50 idmançıyla birlikdə uçurduq. İdmançıların hamısı (qadınlı-kişili) göy idman geyimindəydilər, Qazaxıstana güləşməyə, tatamidə süpürləşməyə gedirdilər. Hər çəki təmsil olunmuşdu – yüngül çəkidən ta ən ağır çəkidə çıxış edəcək atletə qədər. Aralarında hətta minimum 130-140, bəlkə də daha ağır biri də vardı, sumo güləşçisinə oxşayırdı. Yəqin ki, o, avtomatik çempion olacaq, çünki ona həmin çəkidə rəqib tapılmayacaq.

Keçən il olduğu kimi, bu il də fikir verdim ki, kişi idmançıların hamısı saqqallıdır, özü də bir-birinə “əxi” deyirlər. Yalnız bir gəncin saqqalı yox idi. Güman ki, o, çox gənc olduğuna görə hələ üzünə tük gəlməyib, ya da kosadır. İkisi də ola bilərdi, çünki yaxınlaşanda çənəsində bir çimdik tük olduğu görünürdü. Kopya Şahruddinə oxşayan biri vardı, bığı yox idi, amma saqqalı uzun idi. Biri özünü futbolçu Bədaviyə, biri də qaydasız döyüş üstası Həbib Nurməhəmmədova oxşatmışdı. Görək tatamidə də onun kimi olacaqmı?

Belə anlaşılır ki, idman federasiyalarında din amili çox güclüdür. Əslində köhnə vaxtlarda yarışlardan qabaq qısa müsahibə verən idmançılarımızın tutuquşu kimi eyni sözü demələri (“Allahın köməyi ilə çıxıb yarışacağıq”, “Allahın köməyi lə qələbə qazanacağıq” və s.) çoxdan diqqətimizi cəlb etmişdi, amma bu qədəri gözlənilməzdir. Sanki radikal dini qruplaşmanın üzvləri idilər, Türkiyədən Suriyaya adlayacaqdılar. (Yeri gəlmişkən, 5-6 il qabaq Cümşulvara adlı bir çempion gedib İŞİD-də qoşulub, həlak olub).

İdmançıların çoxu öz yerlərində sakit oturmuşdu, amma təyyarənin koridorunda təşər-təşər o yana-bu yana gəzişənlər, idmançı olduqlarını gözə soxanlar da vardı. Ən pisi isə o idi ki, özünü mömin göstərən bəziləri təyyarədəki gözəgəlimli qız-gəlinlərə işarə ilə bir-birinə göz-qaş edirdilər. Dəqiqə başı “əlhəmdülilllah, əxi” dediyin nədir, dinin təməl şərtlərindən biri olan qaydanı pozmağın, başqasının halalına pis gözlə baxmağın nədir?

Özlərindən yaşca böyük sərnişinlərlə alayçı dildə danışmaq, onlarla məzələnməyə çalışmaq isə bəzi idmançılarımızı daha bir minusu idi. Dindirəndə iki kəlmə sözü ard-arda qoşub deyə bilmirlər, öz aləmlərində intellektual zarafatlar edirlər, adamları ələ salmağa cəhd göstərirlər. Mbappe 19 yaşı olanda bir telemüsahibəsi yayılmışdı, adam əkə-bükə idman şərhçiləri, politoloqlar kimi danışırdı, bizimkilər isə, nəysə...

IMG_20231104_044432.jpg (4.97 MB)

Hər halda yolçuluğumuzun axırı, yəni mənzil başına çatmağımız major notlarla yekunlaşdı – sözün əsl mənasında. Musiqiçi özbək qardaşlar iki il əvvəlki kimi yenə də 3 metrlik zurnalarını götürüb tədbir iştirakçılarını qarşılamağa gəlmişdilər. Hər dəfə çıxış qapısından qonaqlardan biri çıxan kimi onlar CAR vuvuzelasının səsini andıran nəfəsli aləti çalırdılar. Bu mənzərəni ən azı bir dəfə görənlər bilirdilər ki, bu, adətdəndir, amma ilk dəfə görənlərin sifətində dərhal belə ifadə yaranır: “Booy! Bunlar nağarır belə?”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR