İnsanlara hürriyət, millətlərə istiqlal!

Sellofan torbalar və plastik qutular ömrümüzü hər gün nə qədər azaldır?

1143 17.03.2023 11:36 Media A A

Ekologiyaya da ziyandır, cana da, cibə də - araşdırma nəticələri qorxudur

ABŞ ekoloqlarının araşdırması nəticəsində məlum olub ki, hər il dünyada 500 milyard (qeyri-rəsmi məlumatlara görə - 1 trilyon) sellofan torba istehsal edilir. Dünyada hər 1 dəqiqədə isə 1 milyon polietilen torba zibil qutusuna atılır. Polietilenin çürüyərək yox olması üçün torpaqda 800 il, dənizdə isə 400 il lazım gəlir. Alış-verişlərin ən başlıca yardımçısı hesab edilən bu torbaların təbiətə vurduğu zərərlər saya gəlməyəcək qədər çoxdur. Lakin artıq bir sıra dünya ölkələri sellofan paketlərdən imtina edir. Tayvan, Keniya, Uqanda, Fransa, Amerika, Latviya və bu kimi bir çox ölkələrin hökumətləri də sellofan paket istifadə edilməsini yasaqlayıb. Gürcüstanda da onlardan istifadəyə qadağa qoyulub.

Tullantıları yandırmaq çıxış yolu deyil

Bu günədək istehsal olunan plastik qablaşdırma məhsullarının 50%-i son 20-25 ilin məhsuludur. Bu sahədə vəziyyəti mürəkkəbləşdirən amillərdən biri də plastik tullantıların təbiətdə 100 illər ərzində parçalanmadan ilbəil miqdarının artmasıdır. Araşdırmalar göstərir ki, bu tullantılar düzgün idarə olunmadığından ətraf mühiti və sututarları çirkləndirir. Eyni zamanda kənd təsərrüfatı torpaqlarının dərin qatlarına keçərək bitkilərin normal inkişafına və bununla da məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Digər tərəfdən, bu tullantılar yanan zaman əmələ gələn toksiki tüstü atmosfer havasını zəhərləyir. Bu səbəbdən bütün dünyada plastik tullantıların təbiətə neqativ təsirlərinin aradan qaldırılması ətraf mühitin sağlamlaşdırılması sahəsində prioritet hesab olunur.

Əksər inkişaf etmiş ölkələr artıq sellofan torbalardan istifadənin azaldılması istiqamətində xeyli yol qət ediblər. Azərbaycanda isə qanunvericiliyə dəyişiklik edilsə də, məsələ tam həllini tapmayıb.

Marketlərdə sellofan torbalar pulla satılır? - Nazirlik məsələyə qarışıb

Belə ki, ölkəmizdə də birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların idxalı, istehsalı, istifadəsi qadağan olunub. Ölkə ərazisində polietilen torbaların, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların idxalına son qoyulub. Qanunvericiliyin tələblərinə riayət olunmamasına görə ciddi məsuliyyət tədbirləri nəzərdə tutulur. Bu cür hərəkətlərə görə inzibati xətanın predmeti olan plastik materiallar müsadirə edilməklə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 4000 manatadək cərimə edilir.

Avropada plastik tullantıları və sellofan torbaların “taleyi” necə həll olunur?

Bəzi Avropa ölkələrində, məsələn, Hollandiya, Sloveniya, Çexiya, Slovakiya, Polşa, İsveç, Finlandiya, Latviya, Litvada ildə adambaşına 10-19 kq plastik tullantı əmələ gəlir.

Bir çox inkişaf etmiş ölkələrdə plastik qablaşdırıcılardan istifadənin azaldılması və ya qadağa olunması istiqamətində müvafiq qanunvericilik bazası yaradılıb. Müxtəlif iqtisadi mexanizmlərdən istifadə edilməklə plastik tullantıların toplanılması, təkrar emalı sisteminin təkmilləşdirilməsi işləri aparılır.

Məsələn, 1994-cü ildə Danimarkada ticarət müəssisələrində pulsuz polietilen torbaların paylanmasına vergi tətbiq olunub. Danimarkada plastik torbalar ödənişli ediləndən sonra alıcılar arasında ona tələbat 90% azalıb. İrlandiyada plastik torbaların qiyməti artdıqdan sonra bu məhsula tələbat 94% azalıb. Latviyada polietilen paketlərdən istifadəni azaltmaq üçün onlara vergi tətbiq olunur. İtaliyada 2011-ci ildən yüngül çəkili plastik torbaların istifadəsinə qadağa qoyulub. Bu plastik torba istehlakının 50% azalmasına gətirib çıxarmışdır.

Ümumiyyətlə, əksər Avropa ölkələrində plastik torbalardan istifadənin məhdudlaşdırılması istiqamətində əsas tədbir kimi plastik torbaların ödənişli olması və ya ekoloji vergi tətbiqindən istifadə edilir. Hazırda bir çox Avropa ölkələrində dəfələrlə istifadə olunan parça torbalardan və asanlıqla parçalanan qablaşdırma materiallarından istifadəyə üstünlük verilir.

Həkimlər “olmaz” deyir, çünki xəstəlik mənbəyidir

Tibbi araşdırmalar isə sübut edib ki, sellofan torbalar və plastik qablar hamısı sintetik maddələrdən, neftin töküntülərindən, yəni son məhsullarından hazırlandığı üçün çox zərərlidir. Məsələn, sintetik bir qabın içində adi təbii suyu saxlayırsan və həmin su o maddələrlə reaksiyaya girir və insan orqanizminə ziyanı olan maddələr əmələ gəlir. Həmin maddələr orqanizmdə yığışaraq bir sıra xəstəliklər yaradır. Bəzən uşaqlarda səbəbsiz dəri səpgiləri, mədə-bağırsaq pozğunluğu və s. xəstəliklər olur. Son həddə qan və xərçəng xəstəliyinə belə gətirib çıxara bilir. Onun üçün də bacardıqca yemək-içmək məhsullarının saxlanılmasında təbii maddələrdən hazırlanmış vasitələrdən istifadə etmək lazımdır. Və çalışmaq lazımdır ki, plastik qablardan və sellofan torbaların istifadəsi məhdudlaşdırılsın.

Uzunmüddətli araşdırmalar nəticəsində sellofan torbaların və plastik qabların zərərləri elmi sübuta yetirilib. Ona görə də plastik qablardan istifadə bir çox dünya ölkələrində qadağan olunub. Plastik qabların heç yerdə həll olunmamaması, torpağa qarışmaması və ümumiyyətlə, onların utilizasiyası ciddi problemlər yaradır, bütün bunlar da göz önündədir. Bu gün okeanlara, dənizlərə atılan plastik qabları təmizləmək üçün bəlkə də bir əsr vaxt lazımdır. Bu qədər böyük itki var. Bu, ciddi və ekoloji problemdir.

Plastik qabların tərkibindəki toksiki maddələr müxtəlif təsirlərdən, günəş şüasından, istidən onun tərkibində saxlanılan qidalara, ərzaqlara hopur və insan orqanizminə toksiki təsir göstərir.

 

 

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Ekoligya və ətraf mühitin mühafizəsi" mövzusunda hazırlanıb.

Hazırladı: Sevinc TELMANQIZI 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR