İnsanlara hürriyət, millətlərə istiqlal!

Selektiv abortlara görə Çini də üstələyən Azərbaycan: fəsadlar nə olacaq?

2465 06.08.2022 10:00 KİVDF layihələri A A

Həkim: “Problemin kökündə ilk növbədə maariflənmə səviyyəsinin yetərli olmaması dayanır”

Azərbaycan selektiv aborta üstünlük verən ölkələr arasında birinci yerdədir. Bu sözləri ötən həftə “Azərbaycan mediasında gender həssaslığının artırılması” mövzusunda jurnalistlər üçün keçirilən təlimdə gender məsələləri üzrə ekspert Aynur Veysəlova deyib. O qeyd edib ki, ötən ilin statistikasında Azərbaycanda 100 qıza 115 oğlan düşür:

“Selektiv aborta görə uzun illər Çin birinci yerdə idi. Azərbaycan isə Çindən sonra ikinci sırada yer alırdı. Lakin ötən ilin rəqəmlərinə əsasən, Azərbaycan Çini qabaqlayıb”.

Bildirilib ki, BMT-nin Əhali Fondunun hesablamalarına görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam etsə, 2050-ci ilə qədər hər il doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının sayından 12 000-15 000 nəfər çox olacaq.

Məlum məsələdir ki, istənilən ölkədə selektiv abortlar doğulan uşaqların cinsə görə nisbətinin ciddi şəkildə oğlan uşaqlarının xeyrinə pozulmasına gətirib çıxarır. Yəni bu məsələdə ən çox diskriminasiyaya məruz qalanlar qız uşaqları olur. Araşdırmalar da onu göstərir ki, mövcud vəziyyət gələcəkdə əhalinin ümumi strukturu və dinamikası baxımından çox xoşagəlməz nəticələrə gətirib çıxara bilər. Selektiv abortlara görə dünyada birinci olan Hindistan və Çində kişilərin sayının həddən artıq çoxalması onların ailə qurmaq üçün partnyor tapa bilməməsi ilə nəticələnir və bu da öz növbəsində cinayətkarlıq statistikasının ikiqat artması, zorakı davranış hallarının geniş yayılması, gəlin qaçırma, insan alveri, zorlama və fahişəliyə gətirib çıxarır".

Abortlar ilk dəfə nə zaman, niyə yarandı?

Tarixə əsasən abortlar ilk dəfə 1920-ci ildə Rusiyada leqallaşdırılıb. Bundan 40-50 il sonra Avropanın bir çox ölkələri abortları leqallaşdırmağa başlayıb. SSRİ-də abortların leqallaşdırılmasının əsas məqsədi, qadınların ailədə uşaqlara baxmaq vəzifəsindən azad olaraq xalq təsərrüfatı işlərinə cəlb olunması idi. Lakin bu qərar demoqrafik böhrana səbəb olur. 30-cu illərdə SSRİ-nin qarşısında yaranan hərbi təhlükə demoqrafik böhrandan çıxmaq zərurətini ortaya qoyur və 1936-cı ildə abortlar qadağan edilir. Bu addım kriminal abortların meydana çıxmasına və qadın ölümlərinin artmasına şərait yaratdı.

1955-ci ildə N. Xruşov 12 həftəlik hamiləlik dövrünədək abortların həyata keçirilməsi ilə bağlı yeni qanun qəbul etdi. 60-cı illərin ortalarında Avropada hormonal preparatların meydana çıxması kontraseptiv inqilaba səbəb olur. Bu, bir tərəfdən qadınların arzuolunmaz hamiləlikdən asanlıqla azad olmasını təmin edərək qadınların kişilərdən asılılığının azalmasına şərait yaratdı. SSRİ ərazisində 80-90-cı illərədək abortlardan qorunmaq üçün kontraseptiv vasitələrə tibbi baxımdan etimad olunmadı. Bu isə kriminal abortların sayını artırdı.

Abortlar və onların fəsadları - Azərbaycan və dünya üzrə STATİSTİKA

Bu gün Azərbaycanda abortların hüquqi tənzimlənməsi məsələsi sovet dövründən qalan (12 həftəlik hamiləlik dövrünədək abortlara icazə verən) qanunlar vasitəsilə təmin olunur. Hazırda dünyada təqribən hər il 50-60 milyon, hər gün 150 min, bir saat ərzində 6 mindən çox doğulmamış körpə və ya canlı embrionlar abortlar vasitəsilə məhv edilir. Hamiləliklərin 21 faizi abortla nəticələnir ki, onlardan inkişaf etmiş ölkələrin 26%, inkişaf etməkdə olan dövlətlərin payı 20 faizdir. Beynəlxalq Planlaşdırılan Valideynlik Federasiyasının (IPPF) 2014-cü il göstəricilərinə görə, dünyada abortların sayı ən çox əhali sayına malik Çində daha yüksəkdir (9.173100 yəni, ümumi əhalinin sayına görə 6.7 faiz).

Hansı ölkələrdə abortlar tam və qismən qadağandır?

Müsəlman ölkələrinin böyük əksəriyyəti abortları tam və yaxud qismən qadağan olunmasını dəstəkləyir. İslam qanunlarına əsasən müsəlman qadınlar ərlərinin və həkimlərin ümumi razılığı əsasında bətnindəki embrionun 40 gününədək (Maliki məzhəbinə görə) və ya 120 gününədək (Hənəfi məzhəbinə görə) ondan xilas ola bilərlər. İudaizmin dövlət dini səviyyəsində olduğu İsraildə abortlara bir çox məhdudiyyətlər var. Lakin Şimali Amerika və Avropada, qismən Avrasiyada dünyəvi liberal sistem ilə idarə olunan əksər dövlətlər hamiləliyin müəyyən dövrünədək abortlara icazə verirlər. Onların böyük qisminin protestant məzhəbində olduqları məlumdur. Çünki katolik və provaslav kilsələrindən fərqli olaraq, əksər protestant kilsələri abortları bu və ya digər şəkildə dəstəkləyir. Avrasiya qitəsində hamiləliyin müəyyən dövrünədək abortlara icazə verən və abortların sayına görə öndə gedən buddizm və induizmin geniş yayıldığı bir çox Uzaq Şərq ölkələri (Çin, Hindistan) diqqəti cəlb edir.

Bu bir faktdır ki, bəzi hallarda abort ana ölümü ilə nəticələnir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) araşdırmalarına görə, hər il dünyada on minlərlə qadın məhz abort nəticəsində ölür. Abortlar qadınların həyatı üçün ciddi fiziki-psixoloji təhlükə və cinsi diskriminasiya  yaradır. Bundan başqa,  abortlar qadınlarda sonsuzluq və digər təhlükəli sağlamlıq problemlərinin yaranması ehtimalını artırır və onların psixoloji durumuna mənfi təsir göstərir.

Medicina.az - Zülfüqar Yusifov - MD, FİPP, CİPS, TTT, İnvaziv ağrı  mütəxəssisi, fleboloq

Zülfüqar Yusifov 

Mövzu ilə bağlı “Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov “Yeni Müsavat”a danışıb: “Əlbəttə ki, selektiv abortlar məsələsinə görə Azərbaycanın artıq Çini də üstələməsi müəyyən istiqamətlərdə  tədbirlər görməyə vadar edir. Abortlar hamiləliyin süni şəkildə ləğv olunması prosesi olaraq insan orqanizmi üçün zərərli sayılır. Bəzən bu proses insanın ölümünə səbəb olur. Beləliklə, abortlar təkcə insan sağlamlığı üçün deyil, həm də cəmiyyət üçün zərərli bir tendensiya hesab olunur. Bu problemin başvermə səbəbi ilk növbədə maariflənmə səviyyəsinin yetərli olmaması ilə bağlıdır. Dünyada bu problemlərin həlli mümkün qədər ilk növbədə mədəni, əxlaqi, milli mental dəyərlərə münasibət kontekstində tənzimlənirsə, ikinci tərəfdən ciddi qorunma qaydaları ilə arzuolunmaz hamiləlikdən uzaq olmağa çalışırlar.

Aborta o zaman qərar verilməlidir ki, hamilə qadının həyatı təhlükədədir, yaxud dölün doğulması müxtəlif səbəblərdən arzuolunmazdır. Bununla bağlı ara-sıra hansısa maarifləndirici reklamlara rast gəlsək də, daha geniş maarifləndirici tədbirlərə ehtiyac var ki, insanlar bu həddə gəlib çıxmasınlar. Bu məsələnin kökündə ciddi məlumatsızlıq var. Bu maarifçilik haradan, məktəblərdən, yoxsa evlərdən, ailələrdən başlanmalıdır? Bu, artıq sosioloqların və tibb işçilərinin birgə oturub müzakirə edəcəyi böyük bir problemdir".

Xalidə GƏRAY 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR