İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhidlərimiz, Qazilərimiz, Ordumuz və Ali Baş Komandanla birlikdə… Kəlbəcər ziyarəti - VİDEO, FOTO

3637 06.09.2022 10:55 Yazarlar A A

Gəncliyim məğlubiyyət yazarlığı, qara xəbərləri qələmə almaq, işğal ildönümləri ilə bağlı reportajlar hazırlamaqla keçdi.

Tərk edilən rayonlardan, səngərlərdən, atəş xəttindən çıxmaq və… daim geri çəkilmənin üzüntüsünü yaşamaq...

Sonra bu hadisələrin hekayələrini yazmaq...

Bir tərəfdən ölkə qaçqınların və fəlakətin fəryadı ilə titrəsin, hakimiyyət dəyişsin, millət küçələrə çıxsın, üsyana qalxsın, digər tərəfdən düşmən Qarabağı işğal etsin… Sən isə təsəlli sətirləri yazıb, çağırışlar edib, "hər şey yaxşı olacaq" iddiası ilə köşələrə və gələcəyə imza atasan...

İşğal və məğlubiyyət reportajlarına yeganə mahiyyət yükləyəsən: BARIŞMAMAQ!

İşğalla, məğlubiyyətlə barışmamaq...

Milli ruhu təslim olmağa qoymamaq...

Hər şeyin dəyişəcəyinə, yaxşı olacağına ümid qalmayanda məqalələrini, qurduğun qəzeti ümid ünvanına çevirmək...

Məslək həyatımın 28-30 ilini bu cür yaşadım!

Yalnız 2 il bundan əvvəl - 2020-ci ildən etibarən hər şey kəskin şəkildə dəyişdi!

Qarabağda işğalçı düşmən üzərində əldə etdiyimiz zəfər bütün azərbaycanlıların həyatını yenilədi...

Dünyaya baxışımız və dünyadakı yerimiz dəyişdi!

Məğlub xalq idik, 44 gün-44 gecə keçdi, qalib xalq olduq...

Özümüz də, iddialarımız da böyüdü...

Şuşaya, Kəlbəcərə xəyal kimi baxardıq.

2020-ci ildən bu yana isə Xankəndi, Zəngəzur, İrəvan, Göyçə deyirik...

Azərbaycanlıların qədərini dəyişən 44 günlük Vətən müharibəsi biz qəzetçi-yazarların da taleyini kökündən dəyişdi!

Yazılarımızın, yaradıcılığımızın mahiyyəti, reportajlarımızın coğrafiyası dəyişdi!

İndi Zəfərdən yazırıq!

İndi Böyük Qayıdışdan, ermənilərin köçündən, geri çəkilməsindən, İrəvandakı daxili çatışmalardan-çəkişmələrdən yazırıq!

Daha Bakıda oturaraq Qarabağdan yazmırıq...

Şuşa deyəndə, Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Kəlbəcər deyəndə Şəhidlər Xiyabanına gedər, işğal tarixlərində orada toplanan

Qarabağ camaatının xatirə və hekayələrini dinləyər, niskilli çıxışları yazar, çəkərdik...

İndi Şuşadan, Ağdamdan reportajlar hazırlayır, canlı yayınlar edirik, Füzuliyə təyyarə ilə uçuruq. Zəfər yolu ilə şütüyən maşınlarımızın içindən ətrafdakı peyzajı çəkib, Facebook, Tik-Tok, İnstaqram hesablarımızda paylaşırıq. Xudəfərindən, Hadrutdan, Zəngilandan televiziya proqramları təşkil edirik.

305806528_5578247578865024_8265552002720241399_n.jpg (193 KB)

Laçın şəhərinin mərkəzindən, Zabuxdan, Sus kəndindən, Laçın dəhlizindən hazırladığımız reportajlara on minlərlə insan baxır...

Və Kəlbəcərdən!

Bu əsrarəngiz və möcüzəvi gözəlliyin ünvanından əməkdaşlarımız dəfələrlə reportajlar, filmlər hazırlayıblar!

Mənə də belə bir ayrıcalıq nəsib oldu!

Düz iki gün Kəlbəcər ziyarətində oldum, çəkdim, yazdım, gördüklərimi sosial mediada paylaşdım.

Başlıbel kəndindən olan Etibar Seyidaga qardaşımın və onun ailəsinin Kəlbəcərdən didərgin düşməsi ilə bağlı hekayələrini dinlədim, bəzi məqamları telefonla çəkdim...

302521110_5578251908864591_5083268642120637879_n.jpg (166 KB)

Danışan foto! Ağayev Rafiq, Başlıbelin icra nümayəndəsi. 44 yaşında tərk etdiyi kəndə 73 yaşında döndü. İlk öncə əzizlərinin qəbirlərini ziyarət etdi.

Atası Rafiq bəyin Ömər aşırımında göz yaşları içində anlatdıqlarını 30 il sonra da olsa, dinləmək çətin idi...

***

Bundan öncə Şuşa, Hadrud və Ağdamda çox şövqlə işləmişdim.

Özüm canlı yayınlar etmiş, müsahibələr almış, növbəti videoreportajlar üçün əməkdaşlarımıza material yığmışdım.

İllərlə həsrətində olduğum bir arzu idi...

Kəlbəcərdə də elə oldu.

İlk andan işə başladım və ...

Kədər, sevinc, gözəllik bir arada idi...

Bir yanda dağıdılmış, yandırılmış kəndlər, bir yanda Kəlbəcərin İlahidən gələn gözəllikləri...

O biri yanda isə yurdu ziyarətə gələn insanların sevinc hıçqırıqları, dua və şükranları...

Şəhidlər, Qazilər, Ordumuz və Ali Baş Komandan...

Onlar da Kəlbəcərdə idilər, bizimlə idilər...

302789039_5578251932197922_4905890684005279674_n.jpg (157 KB)

Kəlbəcər camaatı bu yayı çadırlarda, amma öz yurdlarında keçirdilər. Evi salamat olan kimsə yoxdur...

"Onların sayəsində burdayıq", - deyən kəlbəcərlilər belə hiss etdirirdilər...

Ağayevlər ailəsi 29 il sonra yurda dönmüşdü.

305312498_5578251992197916_8531940776823663593_n.jpg (322 KB)

Ağayevlər ailəsi 1993-cü ildə Ömər aşırımına 3 günə yetişib. Aşırımı aşdılar və bir də 29 il sonra dönə bildilər...

4 gün piyada, qaçıb-gizlənərək, qar yeməklə ayaqda qalaraq getdikləri yolu 4 saata (Gəncədən Başlıbelə) qayıtmışdılar... 

Təəssüf ki, bütün başlıbellilər sağ çıxa bilməmişdi mühasirədən.

Erməni işğalçıları işğaldan sonra 18 gün "Portda" kahalarında gizlənən Başlıbel sakinlərinin yerini təsbit etmiş, onlara hücum edərək 18 kənd sakinini qətlə yetirmiş, 14 nəfəri isə girov götürmüşdülər.

305467874_5578202335536215_5870617709126614597_n.jpg (136 KB)

Qətliamdan sağ çıxan 32 kənd sakini isə 113 gün mühasirədə qaldıqdan sonra gecələr yol getməklə xilas ola bilmişdilər...

O kahalara baş çəkdik, şəhid olan kənd sakinlərinin məzarlarını ziyarət edib, dualar oxuduq...

***

Ağayevlərin Başlıbeldə ermənilər tərəfindən dağıdılan evlərinin qalıqlarını, kənd qəbristanlığındakı yaxınlarının məzarlarını ziyarət etmələri - o səhnələr bir ayrı məna daşıyırdı...

305499672_5578205055535943_8333866009974321406_n.jpg (327 KB)

"Oskarlıq səhnələr" deyilir ya… Qarabağ qaçqınlarının həyat hekayələrində - həm yurddan qovulmalarında, həm də yurda dönüşlərində o səhnələrdən yüzlərləsi var…

Hər başlıbellinin həyatı bir romandır...

Etibar Seyidağa onlardan birini yazmağa borcludur. Azərbaycanın bir çox tanınmış qələm sahibləri var Kəlbəcərdən, Başlıbeldən.

Onların da Azərbaycana, dünyaya roman borcları vardır...

Biz isə hələlik ziyarət borcumuzu ödədik.

4 videoreportaj planı və bazası ilə döndük.

***

Azad edlən torpaqları ziyarət etmək Məkkəni, Kərbəlanı, Nəcəfi, Məşhədi ziyarət etmək qədər önəmli və ruhanidir!

Şuşa, Laçın, Ağdam, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, yaxın gələcəkdə inşallah, Xocalı, Xankəndi, Ağdərə və başqa azad olunan (olunacaq) torpaqlar bizim keçmişə və gələcəyə mesajımız, gələcək nəsillərə əmanətimizdir!

Əmanətə bir daha xəyanət edilməməsi ümidi ilə...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR