İnsanlara hürriyət, millətlərə istiqlal!

Seçkiyə gəlməyən seçicilərə 50 manat cərimə təklifi

1302 19.02.2019 09:40 Ölkə A A

Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev Seçki Məcəlləsinə əlavələrlə bağlı təklif irəli sürüb. ALDP mətbuat xidmətindən “Yeni Müsavat”a verilən məlumata görə, Fuad Əliyev bildirib ki, seçicilərin səsvermə prosesinə cəlb edilməsi üçün istisnalar nəzərə alınaraq seçki günü seçki məntəqələrinə gəlməyən seçicilərə cərimələrin tətbiq olunması lazımdır.

F.Əliyev hesab edir ki, Azərbaycanda vətəndaşların səsvermə hüququ azaddır deyib üstündən keçmək də düzgün olmazdı. Konstitusiyaya görə, hər bir vətəndaşa azadlıq verilib, amma həmin azadlıqdan sui-istifadəyə yol verənlər üçün müxtəlif qanunvericilik aktlarında cəzalar nəzərdə tutulur: “Artıq bəzi ölkələrdə seçicilərə cərimələr  tətbiq olunur-Belçikada 50 avro, Lüksemburqda 80 dollar, Türkiyədə 14 dollar, Avstriya, Almaniya, İtaliyada 25-70 avro təşkil edir. Elə ölkələr var ki, hətta bir aydan bir ilə qədər həbs cəzası tətbiq olunur. Hesab edirəm ki, səsvermə prosesində iştirak etməyən seçicinin 50 manat cərimə olunması kifayət edər. Cəza halları vətəndaşda bir məsuliyyət hissi yaradır, eyni zamanda seçki şəffaflığını qoruyur. Düzdür, bu təklif başqa aspektlərdən də müzakirə olunacaq və bunun reallıqla uzlaşmadığı, insanların seçim azadlığının pozulması kimi qiymətləndirənlər də olacaq. Amma reallıq odur ki, seçki prosesində seçicilərin əksəriyyəti səsvermədə iştirak etmirlər, bu prosesə laqeyd, əhəmiyyətsiz yanaşırlar”.

Partiya sədrinin sözlərinə görə, qadağa olunan müəyyən yerlərdə siqaret çəkən, küçəni zibilləyən vətəndaşa cərimə cəzası tətbiq olunursa, taleyüklü referendum, prezident, parlament və bələdiyyə seçkilərində iştirak etməyən vətəndaşa cərimə niyə tətbiq olunmasın?  Bu cəza həmçinin seçicinin “Onsuz da hər şey həll olunub” fikrinin də qarşısını ala biləcək bir metod ola bilər.

Məlumatda deyilir ki, Fuad Əliyevin təklifləri partiyanın rəhbər strukturları tərəfindən qəbul olunub və Milli Məclisə təkliflərin hazırlanması üçün partiyanın hüquq şöbəsinə tapşırıq verilib.

E.SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR