İnsanlara hürriyət, millətlərə istiqlal!

Seçki bitdi, separatizmdən qurtulmuş ərazilərdə hüquqi dövlət quruculuğu sürətlənir...

835 13.02.2024 14:08 Media A A

VHP rəsmisi: “Bu seçki bölgədə dövlətin suveren hüquqlarının bərpasının başlanğıcı sayıla bilər”

7 fevral seçkisi haqda Prezident İlham Əliyevin mövqeyi kifayət qədər aydın ifadə olundu. Sitat: “Bu seçkilər Azərbaycan xalqı üçün xüsusi tarixi əhəmiyyət daşıyır. Seçkilər ilk dəfə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü təmin olunmuş şəkildə ölkəmizin bütün ərazisində, o cümlədən Xankəndidə, Şuşada və digər rayonlarda keçirilib, bu, Azərbaycan xalqı üçün xüsusi tarixi əhəmiyyət daşıyır”. 

Bəli, bütöv Azərbaycanda seçki keçirilməsi həm də hüquqi dövlət quruculuğu istiqamətində addımlar atılması üçün mühüm idi. Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi Xankəndi və ətraf bölgələri də əhatə etməlidir. Artıq bu ərazilərdə hüquq-mühafizə orqanları, müxtəlif sosialyönümlü qurumlar fəaliyyətə başlayıb. Bundan sonra separatizmdən qurtulmuş ərazilərdə hüquqi dövlət quruculuğu işləri daha da sürətlənməlidir. Həmçinin Xankəndi və Xocalıya köç üçün hazırlıq prosesi gedir. 30 ildən çox bu torpaqlarda hüquqi dövlət olmayıb. Xankəndi və digər yuxarı Qarabağ ərazilərində qondarma “artsax” adlı oyuncaq respublika olub.

Həmin saxta dövlətin müstəqilliyini heç Ermənistan tanımamışdı. Lakin 30 il xunta rejimi ərazilərimizdə özünə saxta prezident, təlxək parlament, oyuncaq nazirlər, müşavirlər seçib, ordu saxlayıb, özlərinin ikinci erməni dövləti qura biləcəklərinə inanıblar. 19 sentyabr əməliyyatı bir günün içində 30 illik oyuncaq hakimiyyəti ağ bayraq qaldırmağa məcbur elədi. İndi İrəvanda toplaşan təlxək separatçılar “mühacir hökumət” xəyalları qurur, liderləri isə Bakıda istintaq təcridxanasında oturublar. Bu il həmin ərazilərdə hüquqi və qanuni seçki oldu ilk dəfə. Bundan sonra “dqr” yoxdur, Qarabağın erməni separatizmi olan ərazilərində hüquqi dövlət quruculuğu başlanır. Azərbaycan otuz illik erməni separatizminə son qoymaqla yanaşı, bu bəladan əziyyət çəkən xalqları və dövlətləri qəflət yuxusundan oyatdı. Qarabağdakı münaqişə dalğası sonradan Gürcüstana - Cənubi Osetiya və Abxaziyaya, daha sonra Moldovaya yayıldı. Ərazilərdə yaradılan qondarma qurumlar 30 ildən çoxdur ki, bu ölkələri inkişafdan saxlamaqla yanaşı, insanları qaçqın və ya məcburi köçkün həyatı yaşamağa məcbur edir. Ümid etmək olar ki, Azərbaycanın əldə etdiyi zəfəri bir gün onlar da yaşayacaq. Belə ki, artıq Azərbaycan MDB, xüsusilə postsovet məkanında işğala və separatizmə son qoyan ilk ölkə kimi tarixə damğasını vurub. Eyni zamanda Azərbaycan dünyada yaxın illər ərzində işğala son qoyan tək ölkə kimi də tarixə düşüb.

Samir Əsədli: “Bu birmənalı şəkildə Laçın dəhlizinin bağlanması ilə  nəticələnəcək” - pia.az

Samir Əsədli

Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Xankəndidə və azad olunmuş digər ərazilərdə prezident seçkisinin keçirilməsi bütövlükdə bu bölgədə Azərbaycan dövlətinin suveren hüquqlarının bərpasının başlanğıcı sayıla bilər: “Bu, həm də sürətli infrastruktur quruculuğunun aparıldığı rayonlarda vacib dövlət strukturlarının da ən yaxın zamanda tam formalaşacağının siqnalıdır. Öz yurd-yuvasına qayıtmış vətəndaşlarımızın bütün sosial və hüquqi tələbatının ödənilməsi üçün regionda mükəmməl dövlət idarəetmə sistemi yaradılmalıdır. Bu istiqamətdə mühüm işlər görülüb və prosesin uğurla yekunlaşacağına inanırıq”. S.Əsədli qeyd etdi ki, yeri gəlmişkən, işğaldan azad olunmuş yaşayış məntəqələrində xeyli sayda VHP üzvü də yaşayır: “Və qeyd etdiyimiz işlərin kompleks şəkildə həlli üçün siyasi partiyaların Qarabağda regional təşkilatlarının formalaşması da zəruridir. Çünki bu proses qarşıdakı parlament və bələdiyyə seçkilərində daha böyük aktivliyə səbəb ola bilər”. VHP rəsmisi açıqladı ki, azad edilən ərazilərə qayıtmış vətəndaşların sosial problemlərinin həlli bütün bu məsələlərdən ən vacibidir: “Biz partiya olaraq da bu mövzunu daim diqqətdə saxlamaqdayıq. Hökumətin fəaliyyətinə ictimai nəzarəti zəruri hesab edirik. Siyasi partiyalar daxil olmaqla, vətəndaş cəmiyyətinin də regionda sərbəst fəaliyyəti görüləcək işlərin uğuruna zəmin yaratmış olacaq. Vətəndaş cəmiyyətinin güclənməsi, demokratikləşmə prosesi və hüquqi dövlətin qurulması, sadəcə olaraq, şüar, yaxud da bir niyyət deyil, Azərbaycanın inkişafının başlıca şərtidir. Ermənistanın Azərbaycanın 20 faiz torpaqlarını işğal etməsi nəticəsində yaranmış qondarma, separatist "Dağlıq Qarabağ respublikası" faktiki destabillik mənbəyi idi. Biz bu “boz zona”nı təmizləməmiş, suverenliyi bərpa etməmiş hüquq dövlət quruculuğu prosesində yarımçıq ola bilərdik. Ona görə də qarşıda dayanan hədəflərdən biri bundan sonra vətəndaş cəmiyyətinin inkişafı və hüquqi dövlət quruculuğu üçün real addımların atılması olmalıdır. Xüsusən də hüquq-məhkəmə sistemində çox əhəmiyyətli dəyişikliklərə, islahatlara ehtiyac var". 

Hazırladı: Emil SALAMOĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR