İnsanlara hürriyət, millətlərə istiqlal!

Şair Əkbər Qoşalının yarım əsrlik yubileyinə təbrik əvəzi

1109 03.04.2023 18:32 Yazarlar A A

Dəyərli və əziz qardaşım, ülküdaşım, tovuzdaşım-vətəndaşım, Türk dünyasının ASAN qapısı Əkbər Qoşalı 50 yaşına vardı.

Yaradıcılığında, yaşamında, davranış və əməllərində daim Turan ideyasını təbliğ edən, ayaqda tutan, Türk Dünyasının Azərbaycana (məhz belədir!) inteqrasiyasına böyük töhfələr verən dəyərli ziyalımız yaşının, yaradıcılığının ən məhsuldar, ən gözəl dövrünə qədəm basdı.

Onun yaratdığı əsərləri qədər dünya türklüyü ilə Azərbaycan arasında qurduğu əlaqələr, gördüyü praktik işlər, təşkilatçısı olduğu toplantı və qurultaylar, yaradıcılıq netvorku önəmlidir, vacibdir, tarixidir.

WhatsApp Image 2023-04-03 at 18.31.15.jpeg (146 KB)

Əkbər Qoşalı gözəl şair, görkəmli mütəfəkkir, siyasi və mədəni türkçülüyü ardıcıl təbliğ edən publisist, ölkəmizə qarşı ideoloji müharibədə ciddi rol oynayan bacarıqlı ideoloqdur. Vətən müharibəsi günlərində onun gördüyü işlər, sadəcə, möhtəşəm idi.

Türk dünyasının tanınan və təsirli simalarının Azərbaycan davasının yanında olmasının, bizim haqq savaşımızı açıq mətnlər və qətiyyətli mövqelərlə dəstəkləməsinin əsas təşəbbüskarlarından olan Əkbər Qoşalı, həm də bir Azərbaycan fədaisidir.

O, gəncliyindən bəri Turan şairidir. İndi Azərbaycan və Türkiyə liderlərinin apardığı möhtəşəm Turan siyasəti, Türk dövlətlərini bir təşkilat altında birləşdirməsi, türkçülüyün hər iki dövlətin hakim siyasətinə, inteqrasiya ideologiyasına çevrilməsi hər zaman Əkbər Qoşalının xəyalı olub. Mənim dəyərli dostum indi böyük xəyallarının gerçəkləşməsini yaşayan xoşbəxt nəslin ziyalı təmsilçisidir. O, Vətən müharibəsi modeli ilə Qarabağın azad olunmasını, Ordumuzun Zəfər qazanmasını, Türkiyə və Azərbaycanın Şuşa Bəyannaməsi ilə ittifaq dövləti qurmasını, daim üzərində çalışdığı Orta Asiya respublikalarının – Türküstanın Turan birliyinə qatılmasını, Yavru Vətən Kiprin Türk Dövlətləri Təşkilatına (TDT) qoşulmasını, Güney Azərbaycan siyasətinə (Azərbaycan türklərinin birləşməsi layihəsinə) start verilməsini... gördü, yaşadı və yazdı!

330360321_1693908047671038_13255.jpg (344 KB)

Əkbər Qoşalı Şuşada şeir oxudu. Gənclik illəri Şuşa, Qarabağ həsrəti ilə keçən şair görün Şuşada Şuşaya nə dedi:

...Sənə gələn yolumuz
Canımızdan başladı;
İlahi yazı varsa –
Alnımızdan başladı.
Yollar sənə gətirdi;
Yollar səndə qurtarmır –
Zəngəzurun,
Göyçənin,
İrəvanın yolları
səndən görünür, Şuşa!
əlini qəlbimə qoy,
gör bir necə döyünür...

50 yaşına milli davalarımızı, Azərbaycanın yaşadığı acıları, son 27 ilin məğlubiyyət sindromunu, son 3 ilin fərəh və sevinclərini, Zəfər qürurunu sığışdıran Əkbər Qoşalını - dəyərli ziyalımızı özümün və köşə yazıları ilə çıxış etdiyi "Yeni Müsavat" Media Qrupunun adından ürəkdən təbrik edirəm! Türklüyün, türkçülüyün simvol isimlərindən biri olan Əkbər Qoşalıya uzun və sağlam həyat arzulayıram. Əsasən ona görə ki, yazıb-yaratsın, Türk Dünyasının Turan olmasında iştirak etsin, dünya azərbaycanlılarının birləşməsini görsün... Gələcəyə dair möhtəşəm görəcəkləri olsun!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR