İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabah MÜHÜM İCLAS olacaq - əfvə kimlər gedir?

1196 23.04.2024 12:13 Gündəm A A

Sabah, aprelin 24-də Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

Musavat.com-un məlumatına görə, toplantıda Komissiyaya daxil olan müraciətlərə baxılacaq.

Bu il Komissiyanın iki iclası keçirilib. İclaslarda baxılan müraciətlərin sayı 200-ü ötüb.

Əliməmməd Nuriyevin 60 illik yubileyidir

Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev Musavat.com-a deyib ki, hazırda əfv üçün müraciətlər davam edir.

Komissiya üzvünün sözlərinə görə, əfv sərəncamının 28 May Müstəqillik Gününədək və ya ondan əvvəl veriləcəyi ilə bağlı hələlik dəqiq məlumat yoxdur. “Əfv Komissiyasi texniki-təşkilati məsələlərlə məşğuldur. Azərbaycan Prezidenti Konstitusiya ilə ona verilmiş hüquqlara görə, müxtəlif məhbusların azad olunması barədə əfv sərəncamı imzalaya bilir. O bunu adətən bayram ərəfələrində edir. Bu zamanı cənab Prezident müəyyənləşdirəcək”, deyə komissiya üzvü bildirib.

Əliməmmməd Nuriyevin sözlərinə görə əfvin kimlərə şamil olunması barədə tövsiyəni Prezident yanında Əfv Komissiyası verir. Geniş məhbus sayını əhatə edən sərəncamlar adətən, Novruz və ya 28 May Müstəqillik günü kimi önəmli bayramlar ərəfəsində verilir.

Kimlərin əfv oluna biləcəyinə gəlincə isə, Əliməmməd Nuriyev bildirib ki, Azərbaycan məhkəmələri tərəfindən məhkum edilmiş şəxslərə və ya başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum olunmuş və cəzalarını Azərbaycanda çəkən Azərbaycan vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə tətbiq edilə bilər: “Prezident yanında Əfv Komissiyası ərizələrə müsbət rəy verməklə, həmin şəxsin əfvini tövsiyə edir. Amma tövsiyə olunma o demək deyil ki, həmin məhbus dərhal azad olunacaq. Son qərarı vermək ölkə Prezidentinin səlahiyyətindədir”.

Komissiya üzvünün sözlərinə görə, bir məhbusun əfv olunması prosesində bütün maraqlı tərəflərin - məhbusun, zərərçəkənin, cəmiyyəti təmsil edən orqanların, ittihamı müdafiə etmiş qurumların rəyi toplanır və Əfv Komissiyası da bu toplanmış məlumatı müsbət və ya mənfi olaraq qiymətləndirir. Azərbaycan Prezidenti məhkumu cəzasının qalan hissəsini çəkməkdən azad edə, ona təyin olunmuş cəzanın müddətini azalda və ya məhkumun cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edə bilər. O cümlədən, ömürlük azadlıqdan məhkum olunmuş şəxsin cəzasını 25 ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edə, habelə cəzanı çəkmiş şəxsin məhkumluğunun götürülməsinə fərman verə bilər. Əfvetmə barədə müraciət məhkum olunmuş şəxs, onun müdafiəçisi, nümayəndəsi və ya qanuni nümayəndəsi tərəfindən verilə bilər. Bundan başqa, Milli Məclisin deputatı, insan hüquqlarına dair müvəkkil, cəzanı icra edən orqan, beynəlxalq və ya qeyri-hökumət təşkilatı da əfvlə bağlı vəsatət qaldıra bilər.

Əliməmməd Nuriyev bildirib ki, böyük ictimai təhlükə törətməyən cinayətə görə azadlıqdan məhrum edilmiş şəxs hökm qanuni qüvvəyə mindikdən sonra əfv üçün müraciət edə bilər: “Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilmiş məhbus cəza müddətinin ən azı üçdə bir hissəsini, ağır və xüsusilə ağır cinayət törətməyə görə tutulanlar isə cəzasının ən azı yarısını çəkəndən sonra əfv istəyə bilərlər.

Ömürlük azadlıqdan məhrum edilən məhkum əfv istəyirsə, cəzasının 10 il müddətini çəkməlidir. Məhkumluğun götürülməsini istəyən məhbusa isə qanun cəzasını çəkdikdən sonra əfvə üz tutmaq imkanı verir. Əgər işi Apellyasiya və ya Ali Məhkəmədə olan şəxs əfv üçün müraciət edərsə, belə ərizələrə baxılmır. Çünki əfv sərəncamı yalnız barələrində qanuni qüvvəyə minmiş hökm olan şəxslərə şamil olunur”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR