İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada məktəblərdə mobil telefondan istifadə qadağan edildi - bəs bizdə?

649 21.12.2023 09:15 Təhsil A A

Təhsil eksperti: “Müəllimlərin də mobil telefonla dərsə daxil olmasını məhdudlaşdırmaq lazımdır”

Rusiya prezidenti Vladimir Putin orta məktəblərdə şagirdlər tərəfindən mobil telefondan istifadəni məhdudlaşdıran qanun imzalayıb.

Sənədə əsasən, dərs zamanı şagirdlər və təhsil müəssisəsinin işçilərinin həyat və sağlamlığı üçün təhlükə yaranması halı istisna olmaqla, mobil telefondan istifadə qadağa edilir. 

Məktəblərdə mobil telefondan istifadə məsələsi uzun illərdir Azərbaycanda da müzakirə olunur. Bizdə qanunla buna qadağa olmasa da, əksər məktəblər bunu daxili qaydada yasaqlayırlar. Bunu ekspertlər birmənalı qiymətləndirmir. Kimisi texnologiya əsrində telefon qadağasını deyil, ondan düzgün istifadəni mənimsətməyi doğru sayır. 

Xatırladaq ki, bir neçə ay öncə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı media üçün keçirilən brifinq zamanı deyib ki, hazırda məktəbə telefon gətirməyi qadağa edən norma yoxdur. Sitat: “Məktəbin daxili qaydasında bu ola bilər. Bu ilin sonuna bir sıra davranış qaydaları tənzimlənməlidir. Telefon şagirdin əmlakıdır, onu almaq, harasa qoymaq üzərində düşünülür. Telefon qadağasını qayda olaraq rəsmiləşdirmək niyyətindəyik. Dərs zamanı telefon istifadəsi olmaz”. 

Azərbaycanda böyük qalmaqala səbəb olan dərsliyin müəllifi danışdı -  09.10.2017, Sputnik Azərbaycan

 Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat” a bildirdi ki, Azərbaycanın təhsil müəssisələri elektron resurslardan istifadəyə görə dünyanın bir sıra aparıcı ölkələri ilə müqayisədə geridə qalır. Ekspert qeyd etdi ki, hər bir orta məktəb şagirdi tədris ilində minimum 11 fənn oxuyur, onların kitablarını əldə edir, halbuki sosial şəbəkələrdə qeydiyyatdan keçən şagirdlərin sayı faydalı elektron resurslardan, dərsliklərdən istifadə edənlərdən qat-qat çoxdur: “Buna görə orta ümumtəhsil müəssisələrində yaşanan bəzi xoşagəlməz hadisələr də telefonun gətirdiyi nəticələrdir. Bütün bunları nəzərə alaraq, orta məktəblərdə mobil telefon istifadəsinin qadağan olunması məqsədəuyğundur. Əlbəttə ki, orta məktəb şagirdinə mobil telefon yalnız valideynləri ilə əlaqə saxlamaq üçün vacibdir. Təklif edirəm ki, bunun üçün orta məktəblərin girişində turniketlər quraşdırılsın. Əl izi, yaxud hansısa vasitə ilə şagirdlərin məktəbə daxil olması həyata keçirilsə, valideynlər də bundan xəbərdar olar. Həmçinin məktəblərin girişində böyük dolablar yerləşdirib, hər bir şagirdə nömrə vermək, dərs vaxtı elektron vasitələrini, mobil telefonlarını orada saxlamağa şərait yaratmaq olar. Qanunvericilik aktlarına uyğun olaraq deyə bilərəm ki, məktəbin daxili nizam-intizamının təmin olunmasına birbaşa məsuliyyət daşıyan məktəb rəhbəri şagirdlərin məktəbdə telefondan istifadəsi məsələsinin tənzimlənməsi ilə bağlı bu və ya digər qərarı verməkdə müstəqildir. Qüvvədə olan qanunvericiliyə görə, təhsil müəssisələrində zərurət olduğu təqdirdə, yalnız araşdırma və hər hansı müvafiq tədqiqat aparmaq məqsədilə mobil texnologiyalardan - mobil telefonlardan, planşetlərdən istifadə edilə bilər.

Elektron vasitələr, mobil telefonlar şagirdlərin dərsə diqqətinin yayınmasına gətirib çıxarır. Ona görə hətta müəllimlərin belə mobil telefonla dərsə daxil olmasını məhdudlaşdırmaq lazımdır. Ümumiyyətlə, tədris prosesinin gedişatını pozan vasitələrin orta məktəblərdə səmərəsiz istifadəsinə yol verməmək lazımdır. Amma elektron lövhələr, dərs izah etmək üçün istifadə edilən cihazlar, tədris prosesində faydalı məlumatlar almaq üçün işlədilən vasitələr məktəblərdə ola bilər. Sadəcə, elektron dərsliklər istifadə olunmadığına görə, orta məktəblərdə mobil telefon qadağasını gündəmə gətirmək doğru olar. Çalışmalıyıq ki, məktəblərdə neqativ hallar yaşanmasın və telefonlar dərsə mane olmamaq səbəbindən yığılsın. Belə olarsa, atılan addımları müsbət dəyərləndirirəm. Ölkəmizdə 1 milyon 600 min şagird təhsil alır və demək olar ki, onların hər biri mobil telefon işlədir. Belə olduğu halda orta məktəblərdə təhsilin yüksək keyfiyyəti barədə danışmaq düzgün deyil".

O ki qaldı dünya təcrübəsinə, bir çox ölkədə məktəbdə telefondan istifadə qadağan edilib. Məsələn, Fransa parlamenti ölkədə cari tədris ilində 15 yaşından aşağı olan şagirdlərə məktəb ərazisində telefondan istifadəni qadağan edib. Fransa ilə yanaşı, Avropanın 4 dövləti və ABŞ-ın 13 ştatında məktəb ərazisində telefondan istifadə qadağan edilib. Hesab edirəm ki, ölkəmizdə belə bir qadağanın tətbiq olunması yalnız təhsilin keyfiyyətinə müsbət təsir edə bilər. Lakin indiki çətin dönəmdə, əsasən də aşağı sinif şagirdlərinin valideynləri ilə əlaqəsini kəsmək daha neqativ hadisələrə səbəb ola bilər. Bu baxımdan, şagirdlərin telefonu olmalıdır. Sadəcə olaraq, məktəbdə şagirdlərə tapşırılmalıdır ki, dərs vaxtı telefonlarını söndürsünlər".

Ekspert qadağa olmasa da, yanaşmanın dəyişdirilə biləcəyini düşünür: “Mobil telefonlar təkcə biz böyüklərin deyil, uşaqların, gənclərin də həyatının ayrılmaz bir hissəsinə, özü də böyük bir hissəsinə çevrilib. Zərərlərini açıq-aşkar hiss etsək  də bunu qadağan etmək, qarşısını almaqdansa, düzgün istiqamət göstərmək, yerində və məqamında əsaslandırılmış maarifləndirmə işlərinə üstünlük vermək daha faydalı olar. Müasir cəmiyyətdə haqlı olaraq şagirdlərin məktəbə mobil telefonla gəlməsi, ondan yerli və yersiz istifadə etməsi tez-tez müzakirə mövzusuna çevrilir. Səbəbi isə müxtəlifdir. Mobil telefonlar məktəbin, müəllimin işinə maneələr yaradır, şagirdlərdə müəyyən asılılıq, psixoloji və əxlaqi problemlər törədir. Əlbəttə ki, bununla razılaşmamaq da olmaz. Amma bütün səbəblərin şagirdlərin məktəbə telefonsuz gəlməsi ilə aradan qaldırılacağını da düşünmək sadəlövhlük olardı. Təlim-tərbiyə mühitinin pozulmasında şagirdlərin telefondan istifadəsinin səbəb olduğuna dair kifayət qədər nümunə gətirmək olar. Bunun da əsas səbəblərindən biri adətən əlaqə vasitəsi kimi düşünülmüş mobil telefon aparatının bu gün daha çox imkanlara malik olmasıdır ki, bu imkanlardan istifadə edərək şagirdlərin müəyyən bir hissəsi sosial şəbəkələrə qoşulur, şəkil çəkir, oyunlar oynayır, internet saytlarında zaman keçirir, sinifdə baş verən xoşagəlməz hadisələri telefonun yaddaşına köçürür. 

Hesab edirəm ki, azacıq çətinliyə düşən kimi qadağadan əvvəl müəyyən mexanizmlərin düşünülməsi, maarifləndirmə tədbirlərinin aparılması daha faydalı olardı. Əlbəttə ki, qadağalar da ola bilər, amma ən asan yol olan qadağaların da həmişə faydalı olacağını, başqa fəsadlar yaratmayacağını düşünmək sadəlövhlük olardı. Valideynin övladına nəzarət etmək, izləmək, xüsusilə təhlükəsizliyini təmin etmək, zərərli vərdişlərə qurşanmamaq, uyğun olmayan dairələrin təsirinə düşməmək məqsədilə övladına verdiyi əlaqə telefonunun qadağan edilməsinin yarada biləcəyi fəsadlar daha çox ola bilər. Maarifləndirmə işlərini gücləndirməli, müəllimlərin dözümlülüyünə və dərslərinin keyfiyyətli tədris edilməsinə nail olunması, şagirdlərin telefonlardan dərs zamanı istifadəsinə ciddi nəzarət edilməsi və deyilənlərə məhəl qoymayanlarla bağlı tədbirlər görülməsini və hətta onun məktəbə telefon gətirməsinə müəyyən müddət qadağa da qoyula bilməsi daha düzgün olardı".

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi mətbuata açıqlamasında məsələyə belə münasibət bildirib: “Bu gün bir neçə onlayn mediada Azərbaycanın ümumi təhsil müəssisələrində şagirdlərə dərsə mobil telefon gətirməyə qadağa qoyulması barədə məlumatlar yayılıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi olaraq  məlumatın təhrif edildiyini və yayılan xəbərin reallığı əks etdirmədiyini bildiririk.

Məlumat üçün bildiririk ki, ötən tədris ilinin ikinci yarımilindən başlayaraq ölkəmizin 300 məktəbində “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” tətbiq edilib. Həmin qaydalara əsasən, şagird ağıllı saat və telefonları, həmçinin digər elektron cihazları məktəbə gətirməməli və dərs zamanı istifadə etməməlidir. Şagird, əgər məktəbə gəlib-getməsi üçün təhlükəsizliyinin təmin olunması məqsədilə telefon gətirirsə, həmin telefon şagirddən alınaraq təhlükəsiz yerdə saxlanılır və dərs məşğələləri bitdikdən sonra ona geri qaytarılır.

Bir daha yekun olaraq bildiririk ki, bu qayda yalnız pilot olaraq seçilmiş 300 məktəbdə tətbiq edilir".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR