İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya-Qazaxıstan "savaşı" dərinləşir: Kreml Tokayevi devirməyə hazırlaşır

3319 09.07.2022 17:35 Analitika A A

Tokayev hakimiyyəti Kremlin təhdid və təzyiqləri qarşısında geri çəkilmir, Qazaxıstanı Rusiyadan uzaqlaşdırıb, Qərbə yaxınlaşdırmağa can atır... Bəzi məlumatlara görə, Qazaxıstanda sosial şüarlar ilə yeni iğtişaşların törədilməsi və xalqın israrlı tələbələri üzərindən Nursultan Nazarbayevin təkrarən hakimiyyətə gətirilməsinə yönəlik planlar işə salınıb...

Rusiyanın durumu ağırlaşmaqda davam edir. Kreml Ukrayna savaşında və sanksiyaların getdikcə artan təsiri altında güc itirdikcə, Rusiyanın daha da aqressivləşdiyi müşahidə olunur. Və bu aqressivlik ilk növbədə Rusiyanın sərhədləri ətrafındakı regionlarda ortaya çıxır.

Kreml Rusiyanın MDB məkanında olan ənənəvi tərəfdaşlarına təzyiqləri davamlı olaraq, gücləndirməyə başlayıb. Böyük ehtimalla Rusiyanın zəifləməsinin həmin ölkələrin mövqeyinə ciddi şəkildə təsir göstərə biləcəyindən narahatlıq mövcuddur. Və bu təzyiqlər ilə MDB məkanında mərkəzdənqaçma prosesinin qarşısını indidən almağa cəhd göstərilir.

Belə anlaşılır ki, Kreml postsovet ölkələrini hədələməklə, onları Rusiyadan uzaqlaşıb, Qərbə üz tutmaq cəsarətindən məhrum buraxmaq niyyətindədir. Bu proses artıq başladığından Rusiya tələsdiyi də diqqətdən yayınmır. Və bu istiqamətdə ən radikal addımların atılmaqda olduğu müşahidə olunur.

293d5b5d795c6cbfde16746b30ed4b09.jpg (123 KB)

Maraqlıdır ki, hazırda Rusiyanın əsas hədəfində məhz Qazaxıstanın olduğu da qətiyyən diqqətdən yayınmır. Hər halda, Rusiya-Qazaxıstan münasibətlərinin hər ötən gün daha da gərginləşdiyi artıq inkaredilməz reallıqdır. Və rəsmi Astana Kremlin təzyiqlərinə tab gətirə bilərsə, Qazaxıstanın Rusiyadan tamamilə uzaqlaşması qaçılmaz xarakter daşıyacaq.

Əslində, rəsmi Astana ilə Kreml arasındakı ziddiyyətlər xeyli müddət əvvələ dayanır. Qazaxıstan siyasi-iqtisadi hədəflərini Qərblə yaxınlaşma planları üzərində indeksləşdirməyə çalışır. Kreml isə rəsmi Astananın bu hədəflərini Qazaxıstanın Rusiya ilə münasibətlərə xəyanəti kimi qəbul edir. Və Qazaxıstana Rusiyanın icazəsi olmadan Qərblə münasibətləri inkişaf etdirmək hüququ tanımaq istəmir.

Təbii ki, Kremlin rəsmi Astanaya olan qəzəbi mütləq qabarıq şəkildə ortaya çıxmalı idi. Çünki, Rusiya propoqandistləri Kremlin sifarişli tezisləri ilə Qazaxıstanı parçalanma mesajları üzərindən hədələyirdilər. Nəticədə Qazaxıstan bu ilin ilk günlərində daxili iğtişaşlar ilə qarşılaşdı.

Təbii ki, Kreml bu iğtişaşları törətməklə, "KTMT şineli" altında Rusiya qoşunlarını Qazaxıstanda uzun müddət üçün yerləşdirilməyi planlaşdırırdı. Əslində, çətin vəziyyətə düşən Tokayev hakimiyyəti də KTMT qoşunlarının Qazaxıstana yeridilməsinə razılaşmaq məcburiyyətində qalmışdı. Ancaq rəsmi Astana buna paralel olaraq, olduqca çevik davranmağı da bacardı. KTMT qoşunlarının ölkəyə yerləşdirildiyi müddət ərzində Qazaxıstan qoşunları iğtişaşların yatırılmasına nail oldu. Kremlə yaxın propoqandistlər KTMT qoşunlarının Qazaxıstanda uzun illər qalacağını yenicə təbliğ etməyə başladığı bir vaxtda Rusiya rəsmi Astananın gözlənilməz "çıxın" tələbi ilə çaşqın vəziyyətə düşdü.

tokayev-putin-toqqushma.JPG (30 KB)

Üstəlik, prezident Kasım-Comert Tokayev Qazaxıstanda iğtişaşların xarici qüvvələr tərəfindən törədildiyini bəyan etməklə, Kremlə hadisələrin arxasında Rusiyanın olduğunu açıqlamaqdan çəkinməyəcıyinin açıq mesajını vermiş oldu. Nəticədə, bütün bu qanlı hadisələrin əsas günahını keçmiş prezident Nursultan Nazarbayevin üzərinə yükləmələ, Rusiyanı məsuliyyətdən yayındırdılar. KTMT qoşunları da tamamilə yerləşməyə hələ imkan tapmadığı Qazaxıstanı tez-tələsik tərk etmək məcburiyyətində qaldı. Və bununla da Rusiya-Qazaxıstan qarşıdurmasının təməli atıldı.

Bundan sonra rəsmi Astana rəsmən bəyan etdi ki, Rusiyaya qarşı beynəlxalq sanksiyaların Qazaxıstan üzərindən pozulmasına imkan verməyəcək. Qazaxıstan Ukraynanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir və Donbas separatçılarının müstəqilliyini heç vaxt tanımayacaq. Prezident Kasım-Comert Tokayev ölkəsinin bu mövqeyini Sankt-Peterburq iqtisadi forumunda erməni propoqandist Marqarita Simonyanın təxribatçı sualına cavab olaraq, Kreml sahibi Vladimir Putinin üzünə qarşı təkrarlamadan da qətiyyən çəkinmədi. Üstəlik, Qazaxıstan lideri Rusiyanın onu "təltif etmək" istədiyi "Georgievski" medalını da nümayişkaranə şəkildə geri çevirdi.

Təbii ki, bütün bunlar onu göstərir ki, Rusiya və Qazaxıstan arasında artıq iplər tamamilə qopmaq üzrədir. Rəsmi Astana Rusiyanın Qazaxıstan üzərindən daşkömür ixracını tamamilə bloklayıb. Rusiya isə Qazaxıstana hədələyici xəbərdarlıq mesajlarını sərtləşdirir. Prezident Vladimir Putinin "Qazaxıstan hələ də Rusiyanın dostu olaraq, qalmaqdadır" deməsi əslində, Kremlin rəsmi Astanaya yönəlik açıq təhdididir. Kreml rəsmi Astanaya mesaj verir ki, "dostluq" münasibətləri sona çatmaq üzrədir. Və belə davam edərsə, Rusiya daha radikal addımlar atacaq.

547af6c7c960f50d5a28b8959a44ad57.jpg (140 KB)

Ancaq deyəsən, "dostluq" artıq çoxdan pozulub. Kreml Qazaxıstan neftinin Rusiya üzərindən ixracını dayandırıb. Rusiya əmindir ki, neft ixracı Qazaxıstan iqtisadiyyatı üçün həyati əhəmiyyət daşıyır. Rəsmi Astana bu maliyyə qaynağından məhrum olarsa, Qazaxıstan sosial-iqtisadi böhranla üzləşə bilər. Və bu, Qazaxıstanın yeni daxili etiraz dalğası, hətta iğtişaşların törədilməsi ilə təhdid edilməsi anlamına gəlir.

Təbii ki, hazırda Qazaxıstan olduqca ağır vəziyyətə düşüb. Rəsmi Astana indi Qazaxıstan neftinin alternativ marşrutlar ilə ixracına nail olmağa çalışır. Bu məqsədlə Azərbaycanın enerji boru kəmərlərinin imkanları araşdırılmağa başlayıb. Əgər, rəsmi Astana bu vəziyyətə tab gətirə bilərsə, ondan ən az itkilər ilə çıxmağı bacarsa, Qazaxıstan hətta Rusiyadan asılı olduğu və Kremlin təzyiq vasitəsi kimi yaralandığı daha bir faktordan xilas olmaq şansı qazanacaq.

Böyük ehtimalla Kremldə bu məqamı da nəzərə alırlar. Son vaxtlar Rusiyanın Qazaxıstanda hakimiyyət dəyişikliyi niyyətinə düşdüyünü biruzə verən məqamlar da müşahidə olunur. Belə ki, Kreml Qazaxıstanın keçmiş hakimiyyət təmsilçiləri, xüsusilə də, prezident Kasım-Comert Tokayev tərəfindən küncə sıxışdırılmış Nursultan Nazarbayev ilə təmasları artırıb. Bəzi məlumatlara görə, Qazaxıstanda sosial şüarlar ilə yeni iğtişaşların törədilməsi və xalqın israrlı tələbələri üzərindən Nursultan Nazarbayevin təkrarən hakimiyyətə gətirilməsinə yönəlik planlar işə salınıb. Halbuki, Rusiyanın düşdüyü indiki ağır şəraitdə Kremlin belə ssenariləri reallaşdırmaq imkanları kifayət qədər mübahisəli məsələdir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR