İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ilə Azərbaycan arasında ət anlaşması

4056 13.05.2014 23:55 İqtisadiyyat A A
Paytaxtdakı baqqal dükanlarında mal və qoyun ətinin qiyməti aşağı düşüb. İndiyə qədər 8,50 manata satılan mal əti, 7,50 manata, 11AZN-ə satılan quzu əti isə 10 manata endirilib. Əməkdaşımızın qəssablardan aldığı məlumata görə, qiymət endirimi heç də havaların istiləşməsinə görə alıcı tələbatının aşağı düşməsi ilə əlaqədar deyil. Ətin ucuzlaşması son günlər Rusiyadan, konkret olaraq Dağıstandan külli miqdarda mal-qoyunun Azərbaycana daşınması ilə bağlıdır. Görünən budur ki, iki qonşu ölkə arasında son vaxtlar mövcud olmuş soyuq münasibətlər səbəbindən Rusiyadan Azərbaycana ət idxalında yaranmış durğunluq artıq aradan qaldırılıb. Ət satışı ilə məşğul olan, əsasən Azərbaycanın digər bölgələrindən və Gürcüstandan ətlik heyvanlar gətirən iş adamları deyir ki, Rusiyadan heyvanların “sel kimi” Azərbaycana axıdılmasından sonra artıq onların bazarı “ölüb”. Qəssablar deyir ki, Dərbənddən diri heyvanın ətinin kilosunu 2 manatdan alan işbazlar Azərbaycandakı topdansatış məntəqələrində əti 5,50 AZN-ə təklif edirlər. Parakəndə satışda isə qiymətin üzərinə 1 AZN də əlavə edilir və qəssablar üstünə daha 1 manat üzərinə qoyub satırlar. Ancaq  Musavat.com-a danışan qəssablar Rusiyadan gətirilən əti “broyler toyuğu” adlandırır. Onların sözlərinə görə, bir illik danaların çəkisi süni qidalar və vurulan müxtəlif iynələr hesabına 250 kq-dək artır. 

Satıcıların sözlərinə görə, daha çox üz tutduqları Gürcüstandan ətlik heyvanlar gətirərkən gömrükdə onların “anadan əmdiyi südü burnundan gətirdikləri” halda Dərbənd bazarından mal-qoyun daşıyanlara normal şərait yaradılır. Güman olunur ki, şimaldakı ət bazarı yüksək səviyyədə nəzarətdə saxlandığından burada bürokratik əngəllər minimuma endirilib. Ancaq ət ticarətinə kimin nəzarət etdiyi barədə konkret bilgi yoxdur. Qəssablar deyir ki, bu minvalla onlara işləmək sərf eləməyəcək. Çünki ölkənin ucqarlarında belə ətin qiyməti 7-8 manat arasında dəyişir: “Bizə sür-sümük qalacaq”. Ancaq qiymət endirimi alıcıları, xüsusilə də alıcılıq qabiliyyəti aşağı olan insanları xeyli sevindirib. 

Hər halda son vaxtlar Rusiya-Azərbaycan münasibətlərindəki münasibətlərin yumşalması fonunda ət bazarındakı canlanma maraqlı məsələdir. 

Vüqar MURAD

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR