İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya əhalisi azalır - Azərbaycanda tendensiya necədir?

1378 18.03.2023 08:39 Media A A

Ekspertlərə görə, demoqrafik göstəricilər hələlik təhlükəli olmasa da, gələcəkdə müəyyən risklərlə üzləşə bilərik...

Rusiyada demoqrafik böhran yaşanır. Son üç il ərzində ölkə əhalisi müharibə, xəstəlik və miqrasiya səbəbindən 2 milyon nəfər azalıb.

“Economist” jurnalında dərc olunan məqalədə qeyd olunub ki, müharibə əhalinin azalmasının yeganə, hətta əsas səbəbi deyil, ancaq vəziyyətin daha da pisləşməsinə səbəb olub.  

Rusiyanın Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020 və 2021-ci illərdə ölkə əhalisinin ümumi sayı 1,3 milyon azalıb, ölənlərin sayı doğulanları 1,7 milyon nəfər üstələyib. Yəni əhalinin azalması müharibədən əvvəl başlayıb.

Qərbin hesablamalarına əsasən, son bir ildə Rusiya 175-200 min əsgərini itirib (ölüb və ya yaralanıb). 500 min - 1 milyon arasında insan, əsasən gənc və təhsilli ruslar müharibəyə göndərilməkdən yayınmaq üçün ölkədən qaçıb. Rusiya Rabitə Nazirliyinin məlumatına görə, 2022-ci ildə informasiya texnologiyaları sahəsində çalışan işçilərin 10%-i ölkəni tərk edib. Tərk edənlər əsasən kişilər olduğu üçün Rusiyada cinslər arasında balanssızlıq daha da pozulub. Qeyd olunub ki, 2021-ci ildə 18 yaşdan yuxarı hər 100 kişiyə 121 qadın düşürdü. Bu gün bu balanssızlıq daha da artıb.

Məlumatda həmçinin bildirilib ki, Rusiyada demoqrafik böhranının kökləri 30 il əvvələ gedib çıxır. Ölkədə əhalinin pik sayı 149 milyonla 1994-cü ildə qeydə alınıb. 2021-ci ildə bu rəqəm 145 milyon olub (Rusiya əhalinin daha çox olduğunu bildirir, BMT ilhaq edilən Krımın 2.4 milyon əhalisini bu saya daxil etmir).

BMT-nin proqnozlarına görə, cari azalma davam edərsə, cəmi 50 il ərzində Rusiya əhalisi 120 milyon ola bilər. 1995-ci ildə dünyanın əhalisinə görə 6-cı böyük ölkəsi olan Rusiya 50 il sonra dünyanın 15-ci ölkəsi olacaq.

Bəs Azərbaycanda hazırda demoqrafik vəziyyət necədir?

Məlum olduğu kimi, ölkəmiz müstəqillik əldə etdikdən sonra ölkədə bir müddət demoqrafik böhran yaranmağa başlamışdı. Bunun da əsas səbəblərindən biri azərbaycanlı kişilərin xaricə, əsasən də Rusiyaya iş dalınca getməsinin  son illərə qədər geniş vüsət alması idi. Lakin son 10 ildə ölkədə yeni iş yerlərinin açılması, əhalinin orta illik artım göstəricilərinin yaxşılaşması, həmçinin Rusiyada baş verən hadisələr, demoqrafik vəziyyətə təsir edib.

STM | Son 100 ildə Azərbaycanda demoqrafik vəziyyət: proqnozlar və  reallıqlar

İki il öncə Prezident İlham Əliyev Milli Məclisin iclasında çıxışı zamanı bildirmişdi ki, Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri də ölkəmizdə səfərdə olan Serbiyanın ailə rifahı və demoqrafiya naziri xanım Dariya Kisiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bildirmişdi ki, ölkəmizdə müsbət demoqrafik vəziyyət, əhalinin sabit artım tempi mövcuddur.

Rəsmi statistikaya gəldikdə isə 2022-ci ilin yanvar-dekabr aylarında Azərbaycan əhalisinin sayı 63 min 836 nəfər və ya 0,6 faiz artıb. Dövlət Statistika Komitəsinin “2023-cü ilin yanvar ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri” hesabatına görə, 2023-cü il yanvar ayının 1-i vəziyyətinə Azərbaycan əhalisinin sayı 10 milyon 127 min 145 nəfər təşkil edib (Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazisindəki əhali istisna olmaqla).

“2022-ci ilin yanvar ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri” hesabatında qeyd edilmişdi ki, 2021-ci ilin yanvar-dekabr aylarında Azərbaycan əhalisinin sayı 37 min 233 nəfər və ya 0,4 faiz artaraq 2022-ci il yanvar ayının 1-i vəziyyətinə 10 milyon 156 min 366 nəfərə çatıb.

Hesabatda qeyd edilib ki, 2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı 2023-cü il yanvar ayının 1-i vəziyyətinə 10 milyon 127 min 145 nəfər təşkil edib. Əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Bu statistika həm də onu göstərir ki, ölkədə son bir neçə ildə kişilərlə qadınların xüsusi çəkisi eyni olub. Belə ki, orta hesabla hər 1000 kişiyə 1001 qadın düşür. Ekspertlər qeyd edir ki, bununla da  son 31 ildə ölkədə hər 1000 kişiyə qadınların sayı 47 nəfər azalıb.

Bəs qadınların sayının azalması demoqrafik vəziyyətə nə dərəcədə təsir edə bilər?

Bəzi ekspertlər qeyd edir ki, ölkədə qadınların sayı əvvəlki göstəricilərlə müqayisədə azalması gələcəkdə demoqrafik partlayışa, digər neqativ hallara gətirib çıxara bilər. Yəni qadınların sayı azaldıqca ölkə əhalisinin sayı azala, eyni cinslilərin evlənməsinə və yaxud əcnəbilərlə evliliklərin artmasına gətirib çıxara, genetik koda təsir edə bilər.

Qeyd olunur ki, ölkədə qadınların sayının azalma səbəblərindən biri və ən əsası son illərdə yeni doğulan qız uşaqlarının sayının azalmasıdır. Bu məsələdə demoqrafik balansın pozulması son onillikdə orta ümumtəhsil məktəblərinin statistik göstəricilərində daha aydın nəzərə çarpır.

Müasir dövr elmin və texnikanın, yeni texnologiyaların, elmi və praktiki innovasiyaların inkişafı ilə səciyyələnir. Tibb sahəsində inkişaf 3D və 4D rejimində ultrasəs müayinəsi vasitəsilə uşağın cinsini müəyyən etmək imkanı verir. Bu inkişaf isə həm də demoqrafik balansın pozulmasına, uşaqların doğulanadək cins seçiminə görə hamiləliyin süni şəkildə pozulması hallarının və oğlan uşaqlarının sayının artmasına gətirib çıxarır.

Ölkəmizdə cins nisbətinin pozulmasının pik nöqtəsi 2009-cu ilə düşür. Həmin vaxtda 100 qıza 118 oğlan düşürdüsə, artıq Dövlət Statistika Komitəsinin  rəsmi məlumatlarına əsasən, cins nisbətinin fərqi azalaraq 2020-ci ildə 100 qıza 114 oğlan düşdüyü görünür. Ekspertlər bu göstəricinin hələlik demoqrafik təhlükəsi olmadığını, lakin gələcəkdə bu tendensiya davam edərsə, artıq ciddi təhlükə ilə qarşılaşacağımızı bildirirlər.

 

 

 

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusunda hazırlanıb. 

Hazırladı: Xalidə GƏRAY

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR