İnsanlara hürriyət, millətlərə istiqlal!

Rüfət Həsənovdan sonra Kino Agentliyinə kim rəhbər təyin olunacaq?

652 11.09.2023 17:52 Mədəniyyət A A

Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifələrini icra edən kinorejissor Rüfət Həsənov vəzifəsindən azad olunub.

Mədəniyyət Nazirliyindən cavab olaraq bildirilib ki, mədəniyyət naziri Adil Kərimli Rüfət Həsənovun vəzifədən azad olunması ilə bağlı ərizəsini təsdiq edib.

Xatırladaq ki, Rüfət Həsənov həm də Mədəniyyət Nazirliyinin Audiovizual və İnteraktiv Media şöbəsinin müdiri idi. O, müvafiq ərizə ilə sözügedən vəzifəsini də tərk edib.

Nazirlikdən mətbuata açıqlamada bildirilib ki, Rüfət Həsənov yaradıcı fəaliyyətlə məşğul olmaq istəyi ilə bağlı bu addımı atıb.

Rüfət Həsənov kimdir?

Rüfət Həsənov 24 aprel 1987-ci ildə Bakı şəhərində anadan olub. 2009-cu ildə Amerika Birləşmiş Ştatlarının Men ştatında fəaliyyət göstərən Beyts Kollecini (Bates College) rejissor ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə ABŞ-ın Nyu-York Ştatında fəaliyyət göstərən "Vice Media" şirkətində montaj rejissoru olaraq başlayan Rüfət Həsənov Rusiyanın Moskva şəhərində yerləşən "Vita Aktiva" Kommunikasiya İnstitutunda post-prodakşn meneceri kimi fəaliyyətini davam etdirib. 2013-2017-ci illərdə R.Həsənov Litvanın Vilnüs şəhərində yerləşən "Lupa Q" prodakşn şirkətində rejissor və Rusiyanın Moskva şəhərində yerləşən "Lemon Films" studiyasında montaj rejissoru kimi işləyib. 2017-ci ildən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının rejissoru kimi fəaliyyətini davam etdirən Rüfət Həsənov son təyinatadək "Debüt" studiyasının direktoru vəzifəsində çalışıb. 2013-cü ildə çəkdiyi "Buqələmun" (Elvin Adıgözəl ilə birgə) tammetrajli bədii filmi Beynəlxalq Lokarno festifalının proqramına daxil olub. "Force Majeure", "Yoxdur belə söhbət", "Kədərim", "Daxildəki ada" və s. kimi filmlərinin quruluşçu rejissorudur.

Onu da qeyd edək ki, Rüfət Həsənovun "Daxildəki ada" filmi 26-cı Sarayevo Film Festivalında qalib olub. Film "Ən yaxşı rejissor" nominasiyasında "Sarayevonun ürəyi" mükafatına layiq görülüb.

Qeyd edək ki, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) Prezidentin 2022-ci il 16 noyabr Fərmanı ilə yaradılıb. Qurumun yaradılması ilə film layihələri üçün dövlət tərəfindən 5.5 milyon manat vəsait ayrılıb. Vəsaitin müsabiqə yolu ilə bölüşdürülməsi haqda məlumat yayılmışdı. Məlumatda bildirilirdi ki, müsabiqə ilə əlaqədar bədii şura yaradılıb, meyarlar və işçi mexanizmlər müəyyən olunub. Eyni zamanda 4 yeni təsisat – animasiya məktəbi, ssenaristlər kursu, kinoaktyor teatrı və texniki təkmilləşmə kurslarının açılması istiqamətində işlər aparılır.

Onu da əlavə edək ki, 2023-cü il Azərbaycan kinematoqrafiyası üçün əlamətdardır. Belə ki, bu il Azərbaycan kinosunun 125, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının yaranmasının isə 100 illiyidir.

Bəs Rüfət Həsənovdan sonra Kino Agentliyinə kim rəhbər seçilə bilər? Kinematoqrafçılar ARKA-nın hazırkı fəaliyyətini necə dəyərləndirir?

RESAD.jpg (40 KB)

Mövzu ilə bağlı kinoşünas, rejissor, Azərbaycan Dövlət Film Fondunun kinoarxiv şöbəsinin müdiri Rəşad Qasımov Musavat.com-a danışıb:

"Rüfət Həsənov istedadlı rejissordur. Ona uğurlar arzulayıram. O ki qaldı ümumi situasiyaya, qeyd edim ki, Kino Agentliyinin hazırkı vəzifəsi və onun görməli olduğu işlər olduqca əhəmiyyətlidir. İnanıram ki, quruma Azərbaycan kinosunda xidmət edən, Azərbaycan kinosunu sevən, ona dəyər verən biri rəhbər təyin olunacaq. Əks halda kinonun inkişafından danışmaq mümkün deyil.

Hesab edirəm ki, özəl kinematoqrafiya inkişaf etməlidir. Bu, şərtdir və bunu təkcə mən deyil, kino sahəsində olan hər kəs deyir. Yəni sağlam rəqabətin olması üçün özəl kinematoqrafiyanın inkişafı mütləqdir. Özəl kinematoqrafiyanın da inkişafı üçün Mədəniyyət Nazirliyi tərəfindən müsabiqə təşkil olunub. Ümid edirəm ki, müsabiqənin nəticələri müsbət yöndə olacaq və özəl kinematoqrafiyanın inkişafına təkan verəcək. Həmçinin məlum olduğu kimi, dövlət sifarişi var. İnanıram ki, bu potensialda olan gənclərimiz var, sadəcə bu gənclərdən istifadə olunmalıdır, bunun üçün isə mexanizm düşünülməlidir.

O ki qaldı ARKA-nın hazırkı fəaliyyətinin dəyərləndirilməsinə, əlbəttə ki, bu qurum yeni yaranıb. Əsas odur ki, ortada iş olsun, bu iş olduqdan sonra nəsə demək olar".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR