İnsanlara hürriyət, millətlərə istiqlal!

Nardarana diqqət artıb: Qəsəbədə infrasruktur yenilənir - REPORTAJ, FOTOLAR

3447 04.02.2016 18:00 Reportaj A A
Artıq iki aydan çoxdur ki, Nardarana giriş və çıxış hüquq-mühafizə orqanlarının nəzarətindədir. Qəsəbəyə yerli sakinlərdən başqa heç kim buraxılmır. Kəndin bütün girişlərində qurulan postlar hələ də yerindədir. Yollara düzülən beton pillələr də olduğu kimi qalır. 

Musavat.com-un əməkdaşı bu gün Nardaranda olub və qeyd edilənlərin canlı şahidi olub.

Nardarana bütün girişlər ötən il, dekabrın 1-dən olduğu kimi polislər tərəfindən nəzarətdə saxlanılır. Kənar şəxslərin qəsəbəyə girişi qadağandır. Şəxsiyyət vəsiqələri polislər tərəfindən yoxlanılır və qəsəbə sakini olmayanlar geri qaytarılır. Qəsəbəyə buraxılan bütün maşınlar polis əməkdaşları tərəfindən yoxlanıldıqdan sonra buraxılır. Yalnız qəsəbəyə gedən yeganə marşrut avtobusu buraxılır. 

Nardaranda su, qaz və işıq xətlərinin çəkilişi davam edir. Qəsəbənin kanalizasiya sistemi də yenilənir. Nardaranın girişindəki postlardan əlavə kənd meydanına aparan yollarda da postlar var. Qəsəbəyə girən maşınlar bu postlarda təkrar yoxlanılır. 

Kəndə gələn avtobus İmam Rza meydanı adlanan əraziyə qədər irəliləyə bilir. Əvvəllər kəndin mərkəzinə, oradan da sonuncu dayanacağa qədər hərəkət edən avtobus yollarda aparılan təmir işlərinə görə sonuncu dayanacağa gedib, çıxmır. Kənd sakinləri qalan bir neçə kilometr məsafəni isə piyada qət edirlər. 

Hazırda əsas işlər kəndin meydanında və meydana aparan Abşeron küçəsində görülür. İşıq dirəkləri dəyişdirilir, qaz xətləri yenilənir, kanalizasiya sistemi bərpa edilir və yol genişləndirilir. Yol kənarında olan torpaq sahələrinin hasarları və evlər sökülüb. Verilən rəsmi açıqlamaya görə, plana düşən torpaq sahələrinin, evlərin hər kvadratmetrinə görə 500 manat kompensasiya ödəniləcək. Torpaq sahələrinə və qeyri-yaşayış obyektlərinə görə isə sakinlərə 100 manat kompensasiya veriləcək. 

Qəsəbə sakinlərindən bir neçəsi ilə söhbətimizdə öyrəndik ki, sökülən hasarlara və qeyri-yaşayış obyektlərinə görə ciddi narazılıq olmasa da, bəzi evlərin sahibləri verilən kompensasiya ilə razılaşmayıblar.

“Plana düşdüyünə görə evin bir hissəsini sökürlər. Buna görə də 500 manat kompensasiya ayırırlar. İndiki vaxtda bu məbləğlə ev tikmək olarmı? Bir neçə nəfər narazı olsa da, sonradan razılaşmaq məcburiyyətində qaldılar” - deyə qəsəbə sakinləri bildirirlər.

Kəndə aparan yollar hazırda genişləndirilir və hasara alınır. Sökülən hasarların arxasından görünən əsasən istixanalardır. Nardaranda yerli sakinlər əsasən kənd təsərrüfatı, xüsusilə də əkinçiliklə məşğul olurlar. İşsiz sakinlərin çoxluq təşkil etdiyi qəsəbədə bir neçə gün əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək yarmarkası da keçirilmişdi. 

Nardaran qəsəbəsi təxminən bir aylıq fasilədən sonra elektrik enerjisi ilə təmin edilib. Xatırladaq ki, ötən ilin noyabr ayının 26-da polislə dindarlar arasında baş verən silahlı qarşıdurmadan sonra kənddə etiraz aksiyaları keçirilmiş, kənd yolları bağlanmışdı. Bundan sonra kəndə verilən elektrik enerjisi dayandırılmışdı. Səbəb olaraq isə qəsəbə sakinlərinin elektrik enerjisinin istifadəsinə görə dövlətə olan borcu göstərilmişdi. Nardarana elektrik enerjisinin verilişi ötən il, dekabr ayının sonlarından yenidən bərpa edilib.

Kəndə uzun illər sonra təbii qaz da verilib. Artıq qəsəbədə qaz xətləri yenilənib, sayğaclar dəyişdirilib. Kəndin böyük hissəsi təbii qazla təmin olunub. 

Kənd mərkəzində 42-ci polis bölməsi üçün bina tikilib və ötən ilin sonundan istifadəyə verilib. “Azərişıq” ASC-nin də inzibati binasının açılışı olub. Kənd meydanında bir neçə dövlət qurumunun da inzibati binasının inşası davam etdirilir. 

Nardaranda aksiyaların keçirildiyi, barrikadaların qurulduğu kənd meydanı hələ də nəzarətdədir. Meydanın ətrafında olan kiçik ticarət obyektləri sökülüb, meydan genişləndirilib. Ətrafda xeyli sayda nəzarət kameraları quraşdırılıb. 

Qəsəbəyə aparan yollarda və mərkəzi küçələrdə dini şüarlara və bayraqlara rast gəlinmir. 

Xatırladaq ki, Nardaranda tikinti və təmir işləri ötən ilin dekabr ayından başlayıb. Prezident İlham Əliyev qəsəbədə infrastrukturun yenilənməsi, qəsəbənin sosial problemlərinin həlli məqsədilə 2015-ci ilin dekabrında 12 milyon manat vəsait ayırmışdı. 

Nardaranda görülən işlərin bu ayın sonunadək yekunlaşdırılması planlaşdırılır. 

İlkin Muradov,
Musavat.com,
Fotolar müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR