İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mühacirət xatirələrin işgəncəyə döndüyü yerdir...” – Avropadan reportaj

5838 14.05.2015 12:05 Reportaj A A

Dumanlı xatırladım onu. Müsavat Partiyasının “Sahil” metrosu yaxınlığında yerləşən qərargahında görmüşdüm onu axırıncı dəfə.  2003-cü ilin o keşməkeşli günləri... Ciddi təzyiqlər, işgəncələr... Sorağını elə aldıq, hətta iş qabiliyyətini itirdi, işə çıxmadı. Və aylar sonra səsini-sorağını İsveçdən duyduq. 

Budur, İsveçin Linköpinq şəhərində bizi qarşılayır. İsveçli mühacirimiz Kənan Hacıəkbəroğlunun yol yoldaşlığı ilə gəlib yetişirəm evlərinə. Binanın girişində gözləyir bizi. Maşından görürəm öncə, çox dəyişib. Zarafat deyil, aradan 11 il keçib. Evinə dəvət edir, qonaqpərvərliklə, diqqətlə qarşılayır. Hərdən sosial şəbəkədə yazdığı qəzəbli şərhləri, statusları yadıma salıram. Heyrət! Qarşımda dayanan mülayim adammı yazıb bunları nə vaxtsa? Ümumiyyətlə, onun qəzəbləndiyini təsəvvür belə etmək çətindir... Elə bunu da soruşuram söhbət zamanı. İçində partlayan fırtınaların səbəblərini elə gözəl izah edir ki... Bu haqda bir qədər sonra. Hələliksə, İsveç köçünün ilk günləri, verilən kəskin qərar və sonra yaşananlar... 
“O QƏDƏR DÖYMÜŞDÜLƏR Kİ, GÖZÜMÜN BİRİ TUTULMUŞDU, BÖYRƏYİM PARTLAMIŞ, QABIRĞAM QIRILMIŞ, QULAĞIMIN BİRİ ZƏİF EŞİDİRDİ”



-1996-cı ildən 2004-cü ilə qədər İsa Qəmbərin sürücüsü olmuşam. Bura gəlmək əvvəldən planımda  yox idi. 2003-cü il 15-16 oktyabr hadisələrindən sonra ciddi işgəncələrə məruz qaldım, səhhətimdə problemlər yarandı. “Banditizm”də baş verdi hər şey, işləmək qabiliyyətimi itirdim. Orda 9 gün qaldım, saxlandığım müddətdə “Qırmızı Xaç” Təşkilatından bir nəfər görüşdü mənimlə. O dedi ki, çalışacam ki, səni burdan çıxarım. 2 gün sonra yenə gəldi və qulağıma pıçıldadı ki, çıxacaqsan. O qədər döymüşdülər ki, gözümün biri tutulmuşdu, böyrəyim partlamış, qabırğam qırılmışdı, qulağımın biri zəif eşidirdi. Başıma güclü zərbələr vurmuşdular. Onlar üçün adi işgəncələrdən biri idi. Amma mən bu olanlardan sonra iş qabiliyyətimi itirmişdim. Gücüm çatmırdı. Azərbaycanda da evim yox idi. Bir balaca gecəqonduda yaşayırdım, dörd divardan ibarət. Onu satdım, dostlar yardım etdi, 4500 dollar pul oldu əlimdə. İsveçə gəlmək istəyirdim. Berlinə çatdım, pulum bitdi. Moskvada bir dostum vardı, o pul göndərdi. Səhəri gün o pulu götürüb qatara bilet alıb gəldik İsveçə. 

- Gəldiz... Ailə ilə birgə? 

-Ailəmlə birgə gəldim. Özümdən çox ailəmi düşünürdüm. İşləmək qabiliyyətim yox idi. 

-İsa bəyin reaksiyası necə oldu bu qərarınız qarşısında? 

-Dedim ki, getmək istəyirəm, səhhətim imkan vermir. Çox müsbət qarşıladı ki, sən kifayət qədər dözmüsən. Əgər çıxış yolu budursa, sən get. 

-Başqanın ətrafından – köməkçilərindən yeganə mühacirət edən siz olduz deyəsən... 

-Bəli. O heyət yoxdur. Seçkidən sonra o heyət yox idi. Səbəbini bilmirəm, amma 2004-cü ilin yazından sonra başladılar işləməyə. 



“Azərbaycan bizə heç nə verməyib. Nə veribsə, İsveç verib”


“HƏR DƏFƏ QAPI DÖYÜLƏNDƏ QORXURDUQ Kİ, GÖRƏSƏN...”

-Gəldiyiniz ilk illər çətin oldu yəqin. Mühacirətin ilk dalğası, ətrafda çox az tanıdığınız adam...  

-Bütün mühacirlərin gəldiyi, gördüyü çətinlikləri yaşadım. Mən Azərbaycandan o qədər yorğun, gərgin gəlmişdim ki, elə bildim, cənnətə düşmüşəm. Gözəl təbiət, sakitlik idi. Əvvəl şimalda yaşayırdım. Hamının üzündə təbəssüm var burada. Miqrasiya insanın dərdinə, sərinə qulaq asır. 6 aydan sonra oturumla bağlı rədd cavabı aldım, sonra yenə intervülər... İnsan qorxurdu ki, alınmayacaq. Amma yenə də uşaqlarıma dedim ki, bir yol tapacam, sizi geri qaytarmayacam. Böyük oğlumun 10 yaşı vardı. Qapı döyüləndə hər dəfə qorxurdu ki, nəsə pis bir şey ola bilər. Bakıda bir neçə dəfə həbs olunmuşdum. Uşaq da onun travmasını  yaşayırdı, hər şeyi başa düşürdü. 

-3 il sonra aldınız oturumu...

-3 il 3 ay 3  gündən sonra məhkəmə qərarı ilə aldım oturumu. Mən bura gələndə “Human Rihgts Watch” təşkilatı mənə vəkil tutulmuşdu. İsveçdə ən güclü 10 vəkildən biri idi. O, məni müsahibə elədi. Birinci müsahibə 7 saat keçdi. Bildirdi ki, bu oturum baş tutacaq, çünki səbəblərin ciddidir. 

-Oturumdan sonra iş fəaliyyətinə başladız? 

-Oturumdan 1 il əvvəl işləməyə başlamışdım. 8 saatlıq iş idi. Yuyucu məhsullar hazırlayırdıq. 1 il işlədim orda. Stokholmda uşaqlarla bağlı çətinliklər vardı. Kirayə yorucu idi. Uşaqları götürdüm, Fikrət müəllim (Linköpində yaşayan müsavatçı mühacir F.Nəsirovu nəzərdə tutur-S.T) də burda idi, köçdüm bura. Dili öyrəndim. İl yarımlıq ixtisas kursu oxudum. Texniki avtomatlaşdırma sahəsi üzrə. Qurtarandan bəri 4 ildir ki, işləyirəm. 
-İsveçlilərin miqrantlara münasibəti ilə bağlı fərqli fikirlər eşitdim bu günə qədər... Tolerant deyəni də oldu, miqrantlara qısqanclıqla yanaşdıqlarını iddia edənlər də. Sizin müşahidələriniz nədir?  

-Bütöv cəmiyyət haqda bunu demək olmaz ki, diskriminasiya var. Normal vətəndaş kimi işləyib, dövlətin vergisini ödəyiriksə, cəmiyyətə xeyrimizi veririksə, isveçli bizə fərd kimi dəyər verir. Amma mühacir işsizdirsə, ona başqa cür yanaşa bilirlər. Deyirlər  ki, bu işləmir və mənim vergim hesabına yaşayır. 



“İsa Qəmbər mühacirət qərarımı eşidib dedi ki....”



“HƏFTƏDƏ İKİ-ÜÇ DƏFƏ KƏNDİMİZ, KƏNDİMİZDƏKİ KOL-KOS, AĞACLAR YADIMA DÜŞÜRSƏ...” 

-Bir azərbaycanlı olaraq burada rastlaşdığınız ən böyük problem nədir? 

-Fərdi baxışlar var. İnsan var ki deyir ümumiyyətlə, Azərbaycana  qayıtmayacam. Eləsi də var, gecə-gündüz vətənə qayıdacağını iddia edir. Mehdi Xəlilbəyli sizə müsahibəsində demişdi e, “Avropanı Siyaqutdakı fermaya dəyişmərəm”. Mən onu səmimi qəbul edirəm. Həftədə iki-üç dəfə kəndimiz, kəndimizdəki kol-kos, ağaclar yadıma düşürsə, yuxuda görürəmsə və səhəri gün o hisslərlə yaşayıramsa necə deyə bilərəm ki, oradan ötrü darıxmıram? İki il əvvəl mühacirlərlə bağlı əxlaqsız müzakirələr gedirdi, tənqid edirdilər. Mən onda da bir status yazmışdım. Həmin statusda qeyd olunurdu ki, “mühacirət xatirələrin işgəncəyə döndüyü yerdir. Düşən yarpaq, yağan yağış-qar, əsən külək, ayağının altında qalan daş vətənlə bağlı hansısa hadisəni xatırladır sənə. Eşitdiyin səs, gülüş, hənirti, kiminsə yerişi-duruşu vətəndə qoyub gəldiyin hansısa doğmanı, dostu, tanışı xatırladır sənə. Və bu xatirələr işgəncə kimi əzab verir insana. Mühacirət, sənin doğmalarının son nəfəsində onların yanında ola bilməməyin, tabutlarının altına ciynini verə bilməməyin deməkdir. Və son nəfəsində yanında, vətəndə qoyub gəldiyin hansısa doğma birisini görməyi belə ümid edə bilməməyindir. Mühacirət heç vaxt azad ola bilməyəcəyin bir qəhərin boğazına tıxanıb daim səni boğmağı deməkdir”.(gözləri yaşarır)


-Müzakirələrdən söz düşmüşkən, sosial şəbəkədə mühacirlərə qarşı hərdən bir aqressiya seli müşahidə olunur: sən orda oturub bizə ağıl verə bilməzsən... janrında. Müşahidə etmisiz? 

-İsveçdə 5 min azərbaycanlı var. Amma onlar arasında Azərbaycanda gedən proseslərə fikir bildirənlərin sayı ən yaxşı halda 100 nəfərdir. Mən hər gün Azərbaycan mətbuatını izləyirəmsə, reaksiya verirəmsə, niyə məni qınamalısız ki? Mənim gəliş səbəbim bəllidir, səbəbsiz çıxmamışam ki, ölkədən... Bakıdakı mitinqdə döyüləni görəndə mən də burda ağrıyıram. Tofiq Yaqublunun faciəsinə görə üç gün boyunca ağladım mən. İşdə soruşurdular ki, səbəb nədir deyirdim, gözümdə problem var. 


“ELBƏYİ HƏSƏNLİ, İSTƏDİYİNİ ALMISAN, YA ALMA EHTİMALIN VAR?”


-İsveçrədə yaradılan “Ocaq” təşkilatından danışaq. Bu təşkilata qarşı aparılan müzakirələrdə çox aktiv görünürsüz. Sizi qane etməyən nə var bu təşkilatda, niyə narazısız? 

-Dərnək yaratmaq miqrasiyada tətbiq olunan bir şeydir. Miqrasiya həyatının daha yaxşı keçməsi üçün tətbiq olunan vasitədir. O təşkilatdakı insanları da Azərbaycandan tanıyıram, alqışlayıram. Amma bir az gec yaradıblar deyərdim. Təşkilatın sədri Elbəyi Həsənli bir tərəfdən deyir ki, hamımız müsavatçıyıq. Amma sonra deyir ki, Azərbaycandakı siyasi proseslərə münasibət bildirməyəcəyik. Düzdür, kültür dərnəyidir. Amma sən həm deyirsən ki, müsavatçıyam. Həm də deyirsən ki, Azərbaycandakı proseslərə münasibət bildirməyəcəm. Həbs olunan müsavatçının probleminə görə susan təşkilatı anlamıram. Bir tərəfdən müsavatçı olduğunu bildirib, o biri tərəfdən heç nəyə qarışmayacağını demək... doğru deyil. Elbəyi Həsənli 10 ildir ki, bura gəlib. Heç bir aktivliyi olmayıb proseslərdə, əksinə passiv olub. Birdən-birə belə aktivləşməsi, sual doğurur. Birdən-birə meydana çıxıb, Müsavatın bir hissəsini tənqid etməsi sual doğurub. Azərbaycanın bu günkü problemləri Arif Hacılı və onun ətrafı deyil. Azərbaycanın bu gün problemi feodal düşüncəli rejimdir. Elbəyi hakimiyyət əleyhinə bir şey demirsə, Azərbaycan müxalifətinin bir hissəsinə mövqe bildirirsə, suallar çıxır. Axı problemimizin başında başqa şeylər dayanır. Bizim problemimiz rejimdir. Niyə o rejim haqqında heç nə demir? 


-Sizin şübhələriniz nə ilə bağlıdır? Elbəyi Həsənlinin açıqlamalarının, davranışlarının arxasında nə görürsüz? 

-Biz Avropadakı prosesləri daha yaxşı görürük. İnsanların cəbhə, mövqe dəyişməsini görürük. Burdakılar necə mövqe dəyişirlər, onu görürük. Elbəyinin bu fəaliyyəti əsas verir ki, sən nə istəyirsən? İstədiyini almısan, ya alma ehtimalın var? Çox söz demək istəmirəm, kaş ki, fikirlərimdə yanılım. O formada reaksiya məndə də yaranıb. İşdə 5-10 dəqiqəlik fasilələr var. Dərhal sosial şəbəkəni açıram, saytlara baxıram. Mənim indi bütün düşüncəm Azərbaycanla, orda baş verən hadisələrlə bağlıdır. 


-Bayaq Azərbaycanla bağlı çox sentimental danışdız. Hətta gözləriniz də yaşardı, mənə hiss etdirmək istəməsəz də. Belə başa düşürəm ki, geri qayıtmaq üçün ürəyiniz şiddətlə döyünür. Bəs bu arzunu nə zamansa reallaşdıra bilərsiz? 


-Arzu kimi var. İstənilən insanın belə bir arzusu ola bilər. Amma insan arzularını dəfn edə-edə gəlir. Mən də istəyirəm kİ, dönüm və  Azərbaycanda yaşayım. Amma necə qayıdım? Reallıq ayrı şeydir. Bu gün qayıdıb yaşamağım çətin olar. Rejimlə ayaqlaşa bilmərəm. İkincisi, yaşamaq üçün ev, iş lazımdır. Azərbaycanda bunu gedib qura bilmərəm. Vətənimdə normal sistem olsa, gedib orda, ata evimdə koma qurub, həyatımı başa vurmaq istəyərəm. Arzu var, amma... 

-Uşaqlar nə deyir bəs? Onların burdakı yaşantıları, həyatları necədir? 

-Uşaqlar Azərbaycan dilində danışırlar. Amma elmi, ədəbi dili bilmirlər. Azərbaycan dilini mükəmməl bilmək üçün Azərbaycanda  təhsili almaq lazımdır. Uşaqlarımın gündəlik işlənən sözlərlə bağlı problemi yoxdur. Böyük oğlum İsveç dilini mükəmməl bilir. Yazı dilində çətinliklər var. Kiçik oğlum bəzi sözlərdə ilişir. Amma ümumilikdə dil baxımdan problemi yoxdur heç birinin. Belədə isə İsveç bizə Azərbaycanın verdiyindən çox şey verib. Ümumiyyətlə, Azərbaycan bizə heç nə verməyib. Nə veribsə, İsveç verib. 40 il Azərbaycanda yaşamışam, Bakıda kirayənişin olmuşam. Bura gələndə heç nəyim yox idi. Azərbaycan mənə çoxlu dost qazandırıb. Kifayət qədər dostlarım, tanışlarım var. Onları burda qazana bilmərəm.  Azərbaycan mühitində insan dostunu, dairəsini özü seçir. Amma mühacirətdə bu, mümkün deyil. Bir neçə ailə bir yerə yığışıbsa, dostluq edirik. Azərbaycanda insan yüklənəndə bir dostunun, qohumunun yanına gedirdi, ürəyini boşaldırdı. Burda onu tapa bilmirik. Burda dostluq var, amma incə hissləri bölüşə bilmirik. Azərbaycanda dostum vardı, şeir deyir, dərdlərimizi bölüşürdük. Hərdən boşalmaq istəyir insan. Amma burda bu,  mümkün deyil. Burda bir palıd ağacı tapmışam. Bir az o vətəni xatırladır. Tez-tez yığışıb gedirdik, ətrafına... Tam səmimi deyirəm, maddi tərəfdə heç bir problem yoxdur, mənəvi tərəfdə boşluq var. Həqiqətən də mühacirət xatirələrin işgəncəyə döndüyü yerdir. 

AYGÜN AĞAYEVA: “İSVEÇ MƏNƏ AYAQLARIM ÜZƏRİNDƏ DAYANMAĞI ÖYRƏTDİ”


Haqsızlıq etmək istəmirəm, amma bu günə qədər mənə mühacirətin mənəvi yükünü bu qədər dərin anladan ikinci müsahibim olmamışdı. Danışdıqlarının ağırlığı altında üzümü bu dəfə də həyat yoldaşı Aygün Ağayevaya tuturam. Onünçün də İsveçli günlərin əvvəli çox çətin keçib: 

- Biz gələndə burda cəmi bir azərbaycanlı ailə vardı. O vaxt Sərdar gələndə “ya İsveç, ya Norveç” demişdi. Fikrət müəllimin təəssüratlarını alandan sonra İsveç dedi.
Bura gəlməklə bağlı tərəddüdümüz olmadı. Biz qalsaydıq, Sərdarın səhhəti çox pis olacaqdı. Seçkilərdən dərhal sonra təzyiqlər də çox idi. Bir yerdə gəldik. Bir həftə oteldə qaldıq. Otaq, içərisində hər cür şəraiti olan bir yer idi. Sonra göndərdilər bizi İsveçin şimalına. Orda 2 ilə yaxın yaşadıq. Orda da hər cür şəraiti olan evdə yaşadıq. 3 ildən sonra oturum aldıq. Şəraitimiz daha yaxşı idi. 



“Mən niyə susmalıyam, danışmamalıyam?”



-Belə başa düşürəm, ailənin ən böyük çətinliyi mənəvi istiqamətdə olub... 

-Maddi yox, mənəvi çətinlik olub. Azül dövründə - 3 il müddətində Sərdar geri qayıtmağı düşünmürdü. Amma bununla belə mən soruşurdum ki, oturum verməsələr, necə qala bilərik? Getsək başımıza hansı hadisələr gələ bilər? Oturum alandan sonra keçdi bu qorxu. Dil kursunu tez oxudum qurtardım - 1.5 ilə. Ondan sonra bir neçə kurs da oxumalıydım. İngilis dili lazım idi ki, bu kursları oxuyandan sonra biznes məktəbini oxudum. Öz sahəm üzrə az işlədim. Əvvəl satıcı işindən başladım. Sonra kiosk açdım, indi  onu işlədirəm. Balaca bir yerdir, qəlyanaltı veririk. Bu işi isə ona görə seçdim ki, daha öncə işlədiyim yerin cədvəli mənə uyğun gəlmirdi. Olurdu ki, növbələrim uyğun deyildi. Anaya düz gəlmirdi. Gələndə böyüyün 10, balacanın 3 yaşı vardı. Son 1 ildir ki, işləyirəm. 

-Uşaqlar çətin keçirdilər bu mərhələni? 


- Gələndə böyük oğlum Həmidin 10 yaşı vardı. İçində çəkirdi bu çətinliyi. Azərbaycanda görmüşdü başımıza gələnləri. Amma Ümid balaca idi, heç nə başa düşmürdü. İndi Həmid Azərbaycan dilində də gözəl danışır, türk dilində də. Həmid Türkiyədə, Azərbaycanda olsa heç nədən əziyyət çəkməz. Ümiddə isə problem var. Gələndə 3 yaşı vardı. Onun ünsiyyət etməyə yaşıdı azdır, Həmidin çoxdur. Bizim evdə isveç dilində danışılmır. 
Həmidin məqsədi vardı ki, oxuyub ali təhsil alsın. İndi məqsədinə çatıb. Həvəslə oxuyur. 

-Aygün xanım, İsveç sizə nə öyrətdi? 


- Bir qadın olaraq çətinliyim yoxdur. Mən burda öz ayaqlarım üstdə durmağı öyrənmişəm. Azərbaycanda bunu bilmirdim. Mühitdən, cəmiyyətdən asılıdır deyəsən. Bizim üçün qanun o idi ki, evdə kişi böyükdür. Doğrudur, burda da kişi böyükdür. Amma İsveçdə qadınlar daha sərbəst olurlar, işləyirlər, daha çox hüquqları var. Burda qadın-kişi arasında fərq yoxdur. Hər kəs işləyir. Ev işləri də həmçinin, demokratik qaydada bölüşdürülür (gülür). Amma Azərbaycana qayıtmaq barədə düşünməmişəm. Ölkədə demokratik cəmiyyət olsa, qocalanda qayıdarıq. 

-Azərbaycanın nəyindən ötrü darıxırsız? 

-Böyüdüyüm məhlədən ötrü. Hərdən ağaclarımızdakı meyvələrdən ötrü.
 
-Bəs burdan hansı məqamlarda bezirsiz? 

-Demək olmaz ki, burada hər şey əladır. Ola bilər ki, ürəyin istəyən kimi, fikrini izah edə bilməyəsən, bu, mümkündür. Amma bu da mənim problemimdir, uşaqların yox. Mənə elə gəlir ki, insan diribaş olsa, gözəl dil bilsə, cəmiyyət ona ayrı-seçkilik qoymaz. Xəstəxanada, məktəbdə eyni münasibətdir, polis orqanlarında da eynidir. 

Sevinc TELMANQIZI 
Linköpinq İsveç 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR