İnsanlara hürriyət, millətlərə istiqlal!

Mebel salonları müştəri qıtlığı yaşayır - Satıcılar ixtisar edilir - REPORTAJ, FOTOLAR

8391 16.01.2016 19:13 Reportaj A A
Azərbaycan manatının kəskin ucuzlaşmasından sonra qiymətlərin bahalaşması, bazar iqtisadiyyatına böyük zərbə vurdu.

Bir çox müəssisələr bağlanıb. Alıcılıq qabiliyyətinin aşağı düşməsi, böyük brend dükanları müflis vəziyyətə çatdırıb. Bəzi dükanlar qiymətləri zərərlə də olsa qaldırmaqdan vaz keçib. Lakin vəziyyət dəyişməyib.

Böhran hər sahəyə təsir etdiyi kimi, evlilik ərəfəsində olan gənclərə də təsir edir. Belə ki, toy etməyə hazırlaşan cütlüklər, bu anı müəyyən müddətə qədər ertələməli olublar. Çünki milli adətlərimiz gənc cütlüyü onsuz da yetərincə xərcə salırdı. İndiki durumda isə bu, daha da qəlizləşib. 

Məsələn, adətə görə, toy öncəsi cehizlər alınmalıdır. Bu cehizlərdə də ən böyük məsrəf mebellərdir. Minlərlə manat xərclənərək, ev əşyaları alınırdı. İndi isə vəziyyət dəyişib. Maddi böhran alıcılar qorxutduğu üçün, dükanlara yaxın durmurlar. Belə getsə mebel ticarəti də süquta uğrayacaq. Bu məlumatı mebel satışı ilə məşğul olan şəxslər də təsdiq edib. 


Musavat.com saytının reportyoru Bakının müxtəlif ərazilərində olan brend və sex istehsalı olan mebel dükanlarında olub və böhranla bağlı durumları ilə maraqlanıb. 

İlk olaraq "Embawood" mebel mağazasına daxil olduq. Mağazanın administratorunun dediklərinə görə, onlarda heç bir qiymət artımı yoxdur: "Bizdə hazırda artım yoxdur. Qiymətlər əvvəlki şəkildədir. Alıcı cəhətdən də problemimiz olmur". 


Yaxınlıqda olan "Delloro" mebel salonunda isə vəziyyət bir az fərqli idi: "Qiymətlər nə ucuzlaşıb, nə də bahalaşıb. Əvvəlki kimidir. Hətta faizsiz kampaniyalarımız da var. Böhran dövrünü nəzərə alıb, alıcılara belə bir fürsət təqdim etmişik. Lakin alıcı qıtlığı yaşayırıq. İnsanlar elə bilirlər ki, qiymətlər artıb. Ona görə mebelə yaxın gəlmirlər". 


Buradan yollanırıq "Madeyra" mebel salonuna. Oradan da bildirdilər ki, qiymət artımı yoxdur: "Bizim mebellər Türkiyədən gətirilir. Bir hissəsi də yerlidir. Qiymətləri artırmamışıq. Bütün mebellərimiz əvvəlki qiymətə satılır. Sadəcə yeni illə bağlı kampaniyamız var idi, onu dayandırdıq. Başqa bir dəyişiklik yoxdur. Yeganə fərq, alıcıdır. Alıcı tapılmır. Biz müştərilərimizə mümkün qədər endirim edirik, şərait yaradırıq. Amma yenə də alıcı yoxdur". 


Buradan ayrılıb, daha kiçik mebel dükanlarına yollandıq. Burada da vəziyyət heç də ürəkaçan deyildi. Satıcılar deyirlər ki, günlərdir bir mebel belə satmayıblar: "Kim ki deyir bahalaşma yoxdur, yalan deyir. Xaricdən gələn mebel necə baha olmaya bilər? Hə, dəyəri 300 manat olan mebeli 1000 manata satanlar qiyməti artırmazlar. Çünki onlar onsuz da 3 dəfə baha satırdılar. Bir də yerli sexlərdə, Masallıda yığılan mebelləri Türkiyə istehsalı kimi alıcıya sırıyanlar qiyməti artırmazlar. Amma təmiz mebel satanlar qiyməti məcbur artırıblar. Onsuz da 1 dollar 1.05 AZN olanda alver "can verirdi". İndi isə təmiz "ölüb". Sadəcə bütün günü otururuq, sağa-sola baxırıq, bahalaşan siqaretdən çəkirik". 

Mebel salonlarından birində usta işləyən şəxsin sözlərinə görə, 15 gündür bir mebel belə quraşdırmayıb: "Bütün günü boş-boş otururam. Bir mebel belə alan olmayıb ki, gedim, qurum. Əlavə zənglər də gəlmir. Bazar təmiz dayanıb. Allah sonumuzu xeyir eləsin". 


Bakı sakini olan Dilşad Zamanova qızı üçün mebel almaq istədiyini, amma maddi böhrana görə bunu edə bilmədiyini deyir: "Mebellər onsuz da baha idi. İndi bir az bahalaşıb. Gərək hamı yerli istehsal mebel alsın. Onsuz da salonlarda Türkiyə istehsalı adı ilə yerli istehsalları satırlar. Həm də dəyərindən çox baha qiymətə... Buna dövlət nəzarət etməlidir. İlk olaraq dükanlarda satılan mebellərə nəzarət edilməlidir ki, alıcılar aldadılmasın. Qiymətlər şişirtmə olmasın. Bundan əlavə, yerli istehsala dəstək olunmalıdır. Həm işsizlər azalar, həm də qiymət ucuz olar. Mənim kimi kasıblar da mebel ala bilərlər". 

Qeyd edək ki, paytaxtda olan mebel dükanlarını əksəriyyəti bağlanıb. Bəziləri tamamı ilə bu sahədən uzaqlaşıblar, bəziləri daha kiçik dükanlara keçiblər. Salonlarda satıcılar ixtisar edilib. Əlavə işçilər işdən azad olunub.  

Məhəmməd Türkmən
Fotolar müəllifindir. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR