İnsanlara hürriyət, millətlərə istiqlal!

Evləri yanan məcburi köçkünlər gecəni küçədə keçirib - VİDEO, FOTOLAR

1399 20.09.2015 19:12 Reportaj A A
Sentyabrın 19-da 1 saylı Mərkəzi Kliniki Xəstəxananın yaxınlığında, Cəlil Məmmədquluzadə 102 ünvanında məcburi köçkünlərin yaşadığı gecəqondu evlərində yanğın baş verib. Qeyd etdiyimiz kimi, yanğına səbəb həyətə tökülən zibillərin alışması olub. Qısa müddət ərzində yanğının geniş əraziyə yayılması nəticəsində 3 ev tamamilə yanaraq külə dönüb, digər evlər isə qismən yanaraq yararsız vəziyyətə düşüb. 

Musavat.com-un əməkdaşı yanğının baş verməsindən sonra adıçəkilən ərazidə olub və zərərçəkən sakinlərlə söhbət edib.

Sakinlərin verdiyi məlumata görə, FHN əməkdaşlarının hadisə yerinə gec gəlməsi yanğının evlərə keçməsinə səbəb olub: “Yanğın baş verəndən yarım saat sonra  yetişdilər. Yanğının qarşısını daha tez almaq olardı. Lakin həyət evlərinə girmək üçün yol ensiz olduğundan FHN maşınları içəri daxil ola bilmədi. Yalnız bir yanğınsöndürən maşın içəridə idi. Digərləri hündür hasarın arxasında dayanmışdı”.

Füzuli rayonundan məcburi köçkün olan İsa Əliyev yanğından sonra aidiyyatı qurumların onlarla maraqlanmadığını dedi: “ Yanğın zamanı ikiotaqlı evim yanaraq külə döndü. Bir əşyanı belə salamat çıxara bilmədik. Canımızı güclə qutarmışıq. Dünən Nəsimi Rayon Icra Hakimiyyətinə getmişəm, mənə bildirdilər ki, bizlik deyil. Bizi oradan FHN-ə göndərdilər. FHN-dən ekspert gəldi, yoxladı, getdi. Hələ də bir xəbər yoxdur. Qalmışıq ortalıqda. Uşaqlar məktəbə getməlidir, paltarları yanıb. Qonşuda gecələmişik. Bizi heç kim qəbul eləmir. Haqqımız istəyəndə deyirlər ki, səni həbs edəcəyik”.

Sakinlər yanğının baş vermə səbəbini yaxınlıqda yerləşən 16 mərtəbəli binada yaşayanların siqaret çəkib həyətə atması ilə əlaqələndirirlər: “ Hündürmərtəbəli binada yaşayan sakinlər demək olar ki, hər gün eyvanda çəkdikləri siqaretlərin kötüklərini həyətə tullayırlar. Biuzim evlərimiz də binanın altındadır və ərazidə ağaclar çox olduğundan yanğın təhlükəsi var. Bu barədə onlara xəbərdarlıq etmişdik. Atdıqları zibillər oradan bizim başımıza düşür. İndi də yəqin ki, söndürülməmiş  siqaret kötüyü  zibilliyə düşüb və bu bədbəxt hadisə baş verib”.
Evi yanan məcburi köçkün olan Şəkər Quliyeva baş vermiş hadisəni belə danışır: “ Günorta vaxtları idi. İşdən gələndə gördüm ki, ağaclar yanır. Həyətin qarşısındakı zibillik alışıb. Yanğın sürətlə yayıldı. Ağaclar yandı, sonra daha da şiddətləndi və evlərə keçdi. Əşyaları çıxarmaq istədim, lakin gec idi.Tüstüdən evə girmək mümkün deyildi. Sonra qonşu evlərə keçdi. Fövqəladə Hallar Nazirliyi vaxtında yetişsəydi, yanğın digər evlərə keçməyəcəkdi. Zibillik olan hissəni söndürdülər. Bağırdım ki, bu tərəfə də gəlin, yanğın evə yaxınlaşır. Onlarda elə bildilər bu tərəfdə ev yoxdur”.

Şəkər Quliyeva deyir ki, baş vermiş yanğında FHN-nin müstəntiqi dəymiş zərəri hesablayıb: “Evdəki bütün əşyalarım, soyuducu, mətbəx mebeli və sair yandı. Nazirliyin əməkdaşları yanğın zamanı dəymiş zərərin 7000 manat məbləğində olduğunu dedilər. Dedilər ki, məcburi köçkün olduğunuz üçün “Qaçqınkom”dan kömək istəməlisiniz. Lakin hadisədən bir gün ötüb, hələ ki, heç kim bizimlə maraqlanmayıb. Hamının da xəbəri var. Elektrik xəttlərimiz sıradan çıxıb. Ərzaqlarımız yanıb. Uşaqlarımızın məktəbli formaları da yanıb. Maraqlanan yoxdur ki, bunlar nə yeyir, nə içir”.

Məğrur Salmanov, musavat.com
Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR