İnsanlara hürriyət, millətlərə istiqlal!

Ev alıb, evsiz qalan Xırdalan sakinləri… - FOTOLAR, VİDEO

4736 13.04.2014 16:20 Reportaj A A

Xırdalanda “HAYAN MMC” tikinti şirkəti ilə payçılar arasında ciddi narazılıq yaranıb. Belə ki, 2006-cı ildə şirkət şəhərin mərkəzi küçəsində bina inşa etməyə başlayıb və mənzil almaq istəyən yüzlərlə insan bu şirkətə üz tutub, pul ödəyib. Amma binanın tikintisi naməlum səbəblərdən dayanıb. 8 ildir ki, gözlənti içərisində olan, kirayələrdə yaşayan və şikayət etmədikləri qurum qalmayan sakinlər aprelin 13-də həmin binanın önündə toplaşaraq, etiraz ediblər.

Şikayətçi Musa Qasımovun sözlərinə görə, onun aldığı mənzil daha 3 nəfərə satılıb: “Mən bu binadan oğlum üçün ev almışam. Təəsüflər olsun ki, 2009-cu ildən bu yana hələ burada iş getməyib. Hətta aldığım mənzil, məndən başqa daha 3 nəfərə satılıb. Dəfələrlə şirkət rəhbərlərinə, Elman Tağıyevin birbaşa özünə müraciət etmişik. Dəyişən heç nə yoxdur. Sonuncu dəfə söz vermişdilər ki, aprel ayına kimi 2 bloku tikib, təhvil verəcəklər. Amma hələ də verdikləri sözü tutmayıblar. Dövlət orqanlarına bu qanunsuzluqlarla bağlı müraciət etmişik. Amma heç bir xeyri olmayıb. Bir sözlə, heç kim dərdimizə çarə olmur”.

Payçıların sözlərinə görə, Elman Tağıyevin başqa adlarda da bir neçə tikinti şirkəti var: “Bizdən öncə başqa insanlardan, onlara mənzil vədi ilə pullarını alıb, ancaq binanın tikintisinə başlamayıb. Həmin iş üzrə hazırda məhkəmə prosesi gedir. Hər dəfə yeni şirkət yaradaraq, insanları aldadır. Aldatdığı insanların bəzilərini razı salmaq üçün bu binaya yollayıb ki, oradan mənzilinizi verəcəyəm. Onun bu binadan söz verdiyi mənzil isə artıq başqasına satılmış olur. Yəni bir mənzili iki nəfərə, bəzən isə 4-5 nəfərə satır. E.Tağıyevin hazırda məhkəmə prosesi getməsinə rəğmən, bu qədər dələduzluq etməyinə baxmayaraq, hələ də ev satır. Bakının kəndlərinə gedirlər, oradakı camaatı aldadırlar. Onlar da binanı görmədən, bunlara 15-20 min manat pul verirlər. Sonradan başa düşürlər ki, aldıqları mənzilin 4 adaxlısı var.”

Başqa bir şikayətçi Mehman Mustafayevin sözlərinə görə, belə getsə, binanın üstünə çıxıb, özünü oradan atacaq: “2006-cı ildə “HAYAN MMC” şirkətindən mənzil almışam. Ümid edirdim ki, artıq mənim də evim olacaq. Amma dəyişən heç bir şey yoxdur və hələ də kirayədəyəm. Ayda 250 manat kirayə pulu ödəyirəm. Bu adam əsl dələduzdu. Bu binada 363 nəfər payçı var. Bu qədər insanın haqqını yeyiblər. Heç kəs də bununla maraqlanmır. Televiziya kanallarına dəfələrlə müraciət etmişik. Amma heç biri gəlib, çəkmir. Hansısa toyuq qara yumurtlayanda hamısı çəkib göstərirlər ki, görəsən bu toyuq niyə qara yumurtladı? Burada isə bu qədər inasana qarşı haqsızlıq edilir, gəlib bunu çəkmirlər. Keçən dəfə bir nəfər özünü binadan aşağı atmaq istəyirdi. Mən ona mane oldum. Amma bu dəfə özüm binanın damından aşağı atlayıb, intihar edəcəm. Daha bezmişəm. Hər yerdən ümüdüm kəsilib. Başqa çarəm qalmayıb. Özümü öldürəcəm”.

Şikayətçilərin sözlərinə görə, şirkət sahibi onlardan qaçmağa çalışır: “Biz tez-tez bu yarımçıq binanın qarşısında toplaşırıq. Hər dəfə də biz bura toplaşanda 2-3 nəfər fəhlə göndərirlər. Həmin fəhlələr də yalançı iş görürlər. Guya ki, binada tikinti gedir. Biz uşaq deyilik ki, bizi aldada bilsin. Şirkət rəhbərliyindən kimsə bizi görən kimi, dərhal qaçmağa başlayır. Çünki suallarımıza cavab verəcək üzləri yoxdur. Bu binada bütün mənzillər satılıb. Amma buna baxmayaraq, insanların başlarını aldadırlar. Satılmış evi bir başqa adama və hətta adamlara satırlar. Biz bu qanunsuzluqlarla bağlı 50-60 payçı yığışıb, getdik icra hakmiyyətinə... Onlara öz dərdimizi danışmaq istədik. Amma bizim özümüzü polislər tutdular, apardılar bölməyə... Orada bir neçə saat saxladıqdan sonra, hər birimizi 80 manat cərimə edib, buraxdılar. Biz haqqımızı da tələb edə bilmirik. Buna görə də bizdən pul alırlar”. 

Mövzunu davam etdirəcəyik.

Məhəmməd Türkmən
Fotolar müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR