İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda bina sakinlərin razılığı olmadan sökülür- sakinlər evdən çıxmır - FOTOLAR

8123 13.08.2016 23:04 Reportaj A A


Bakıda yaşayış binası sakinlərin razılığı olmadan sökülür. Tikinti şirkəti icra hakimiyyətindən, müvafiq dövlət qurumlarından razılıq əldə etdiyini əsas gətirərək sakinlərin evlərini tərk etməsini tələb edir. Bina sakinləri isə təklif edilən şərtlərlə razılaşmadıqlarını və evlərini tərk etmək istəmədiklərini deyirlər.

Bu barədə Yasamal rayonu, Abbas Mirzə Şərifzadə 86 ünvanında yerləşən binanın sakinləri musvata.com-a məlumat veriblər. 

Sakinlər deyir ki, bu gün də binanı sökmək üçün tikinti şirkətinin nümayəndələri binaya gəlib. Binanın həyətində olan ticarət obyektlərinin sahibləri verilən kompensasiya ilə razılaşdığından həmin obyektlər sökülüb. Sakinlər isə mənzillərini tərk etmir. Artıq binaya təbii qazın verilməsi də dayandırılıb.

Tikintini aparan şirkət isə “İnşaat konstruksiyalar” MMC-dir.

Bina sakini Mehriban Babayeva deyir ki, şirkətin fəaliyyəti ürəkaçan olmadığından sakinlər də narahatdır: “Bizdə olan məlumata görə, 2014-cü ildə bu şirkətin tikinti işləri aparmaq səlahiyyəti əlindən alınıb. Çünki bunlar paytaxtın bir neçə yerində tikintisinə başladıqları binaları başa çatdırmayıblar. Elə 2003-cü ildə təhvil verilməli olan 16 mərtəbəli bina bizim binanın yaxınlığındadır. Yarımçıq olaraq qalır”.

Sakinlər deyir ki, onların yaşadığı binanın sökülməsi ilə bağlı plan sonradan ortaya çıxıb. “Bizim binanın arxasında beş mərtəbəli 5 dənə bina var. Həmin binaların sökülməsi nəzərdə tutulmuşdu. Yerində isə hündürmərtəbəli binalar tikilməlidi idi. Lakin sonradan bu plan dəyişdi.

Aprel döyüşlərində binamızda bir şəhid oldu. O zaman da şəhidlərin dəfn mərasimlərinin təşkili icra hakimiyyətlərinə tapşırılmışdı. O ərəfədə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Medhiyev bura gəldi. Həmin binaların söküntüsü o zaman dayandırıldı. Sonra bizim binanın sökülməsi planı ortaya çıxdı”.

Sakinlər deyir ki, tikinti şirkəti binanın qəzalı vəziyyətdə olduğunu deyir və bunu sübut etmək üçün onlara saxta sənəd göstəriblər: “FHN-dən sənəd alıblar ki, guya bu bina qəzalı vəziyyətdədir. Deyirlər ki, bizim binaya vizual baxış keçirilib və binanın qəzalı vəziyyətdə olması müəyyən edilib. Təqdim olunan sənəddə möhür belə yoxdur. Lakin bizim binanın bir mənzilində belə çat, qəzalı vəziyyət yoxdur. Bunu gəlib öz gözləri ilə də görə bilərlər”.

Bina AMEA-nın ailəli üzvlərinin yerləşdiyi yataqxana olub. Sonradan bu binada bəzi mənzillər satılıb. 

Sakinlər binadakı şəraitdən və yaşayışlarından narazı olmadıqlarını deyirlər. Köçürülmə şərtləri ilə razılaşmayan sakinlər bir neçə dəfə Nazirlər Kabinetinə və Prezident Administrasiyasına da üz tutublar.

Bina sakini M.Babayeva deyir ki, onlara müvəqqəti olaraq kirayəyə köçməyi təklif edirlər: “Bizə deyirlər ki, gedin kirayədə yaşayın. Bina hazır olanda sizə ev veriləcək. Öz mənzilinizdən 25 faiz artıq olacaq. Mənim 61 yaşım var, ömrümün böyük hissəsini kirayələrdə yaşamışam. İndi də kirayədə yaşamaq istəmirəm. Arxa binalardan birini sökəndə bu şirkət sakinlərə 3 aylıq kirayə pulu vermişdi. Sonradan kirayə pulunu kəsdilər. İndi sakinlər qalıb çətin vəziyyətdə. Bu şərtlərlə heç kim evini tərk etməz. Şirkətin nə zamana işi yekunlaşdıracağı sual altındadır. Biz Nazirlər Kabinetində də olmuşuq. Orada qeyd edildi ki, şirkət nümayəndələri qarşısında 3 şərt qoyulub. Ya sakinlərə əvvəlcədən kirayə haqqı ödənilisin, yeni bina tikiləndə evlə təmin olunsunlar, ya yeni tikilən başqa binalarda təmirli mənzillərlə təmin olunsunlar, ya da kvadratmetri 2500 manatdan hesablansın və sakinlərə öz mənzillərinin pulu ödənilsin”.

Sakinlər yaşayış olduğu halda binaya verilən təbii qazın kəsilməsindən də narazıdır.
“Bizim qazımızı artıq kəsiblər. Nazirlər Kabinetində hüquq şöbəsində skektor müdiri olan Həqiqət İsmayılovanın qəbulunda olduq. Bizim yanımızda Yasamal Rayon Qaz İdərəsinə zəng elədi. İdarədən deyildi ki,  bu barədə icra başçısı göstəriş verib. Guya birinci mərtəbədə mənzillərdən birində qaz sızıntısı olub. Buna görə də qazı kəsiblər. Halbuki həmin vaxt birinci mərtəbənin sakinləri də bizimlə bərabər qəbulda idi və belə bir şikayət yox idi”- deyə sakinlər qeyd edir.

Sakinlər daha çox şirkət əməkdaşlarının özbaşınalığından və insnaların razılığı olmadn binanın sökülməsindən narazıdır. 

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR