İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərsu” təmsilçisindən suya həsrət Zığ sakinə “irad”: “Kənara çəkil, səndən iy gəlir” - AKSİYA, VİDEO və FOTOLAR

6744 21.08.2015 18:57 Reportaj A A
Avqustun 21-də Zığ qəsəbəsində aksiya keçirilib. Qəsəbə sakinlərinin aksiya keçirmələrinin səbəbi 23 ildir ki, içməli suya həsrət qalmalarıdır. İllərdir ki, get-gələ salınan qəsəbə sakinlərinin müraciət etmədiyi dövlət qurum qalmayıb. Lakin onların dərdlərinə əncam çəkən yoxdur. Bir neçə ay əvvəl başlayan su çəkilişi isə yarımçıq dayandırılıb. 

Zığ sakinləri illərdir ki. yaşadıqları problemlərini musavat.com-a danışıblar.
 

Sakinlər içməli suyu maşınla öz hesablarına alırlar…

Vüqar Həmidli narazı sakinlərdən biridir. O, 20 ildən artıqdır ki, qəsəbədə içməli suyun olmadığını, edilən şikayətlərdən sonra çəkilən su xəttinin də yarımşıq saxlanıldığını deyir: “Ana xətti qəsəbənin bir hissəsinə çəkiblər. Burdan hər bir evə xətt çəkilməlidir. Amma deyirlər ki, istəyən sakinlər özləri su çəksinlər. Ancaq hazırlanan plana görə, bütün evlərə su çəkilməli, qəsəbə tam olaraq su ilə təmin edilməli idi. Qəsəbə 20 ildən çoxdur ki, içməli su görməyib. Qəsəbənin Xanlar, Nizami, Səcarəd Həmidov, Həzi Aslanov küçələrinin əksər yerlərində su yoxdur. Qəsəbənin aşağı hissələrində bir neçə evdə su var. O da fasilələrlə gəlir”.

Sakinlər içməli suyu maşınla öz hesablarına alırlar. Onların etirazları və şikayətlərindən sonra su xətti çəkilərkən “Azərsu” qəsəbəyə içməli su göndərməyə başlayıb. 

Çoxsaylı etirazların nəticə verməsi I Avropa Oyunlarından bir neçə gün əvvələ təsadüf edir. Həmin ərəfədə qəsəbə sakinləri aksiya keçirərək yolu bağlamışdılar. Bunun nəticəsi olaraq qəsəbənin bir hissəsinə su çəkilib.
 
54 yaşlı qəsəbə sakini Xanlar Müslümov bircə dəfə də olsun, evlərinə su gəlmədiyini deyir: “Zığ qəsəbəsində yaşadığım illərdə normal su görməmişik. İndi də gətirib qəsəbənin iki küçəsinə su çəkiblər. Deyirlər ki, qalanını da çəkmirik. Guya ki, pul yoxdur. Bəs ayrılan pullar hanı..? Sonuncu dəfə avqustun 2-də icra hakimiyyətində qəbulda olmuşuq. Dedilər, düzələcək”.

Zığ qəsəbəsində yol, su, kanalizasiya, marşrut, işsizlik problem var

Gənc sakinlərdən olan Ağasi Əzizli bu qəsəbədə böyüsə də içməli su görməyib. Elə ən çox şikayət edən, müvafiq qrumlarda qəbulda olan sakinlərdən biri də odur. 

Qəsəbə sakininin su problemi ilə bağlı dedikləri: “İllərlə şikayət etdik. Nəhayət su çəkməyə başladılar. İndi də gətirib yarıda saxladılar. Deyirlər ki, buradan sonra da özünüz çəkin. İmkan olsa, sonra özləri çəkcək. Onsuz da çəkilən su bütün qəsəbəni görməyəcək. Neçə ildir, bəhanə gətirilir ki, bura sürüşmə zonasıdır. Amma bu qəsəbədə heç bir sürüşmə qeydə alınmayıb. Zığ qəsəbəsində yeni tikilən evlərin olduğu ərazilərdə sürüşmə var. O evlər gilin üstündə tikilib, bizim evlər isə qayaların üstündə... Evləri gəzib baxa bilərsiz. Görün hansısa bir evdə çat, qəzalı vəziyyət varmı? Bu, sadəcə bəhanədir ki, kanalizasiya və su xətləri çəkilməsin. Bütün dövlət idarələrinə getmişik. Zığ qəsəbəsində yol, su, kanalizasiya, marşrut, işsizlik problem var. 11 kilometr şəhərdən uzaqdayıq. Amma marşrut xəttimiz, yolumuz yoxdur”.

Qəsəbə sakinləri deyir ki, “Azərsu” onlara öz hesablarına su çəkməyi təklif edib. Sakinlər işin yarıda dayandırılmasına etiraz edirlər. Onlar dövlət büdcəsindən ayrılan vəsaitin düzgün xərclənilmədiyini, ölkə rəhbərliyinin göstərişlərinin yerli məmurlar tərəfindən icra edilmədiyini deyirlər.
 
Qəsəbə sakinləri ilə söhbətimiz zamanı əraziyə “Azərsu” ASC-nin tikinti departamentinin rəisi Səid Salayev, Zığ qəsəbə nümayəndəliyinin və Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşları gəldi. Qəsəbə sakinləri ilə görüş zamanı tərəflər arasında gərginlik yaşandı.

Sakinlər görülən işin yarıda qlamasına etiraz etdi, rəsmi qrumların nümayəndələri isə bunu vəsaitin olmaması ilə əlaqələndirdilər. 

Gərginlik zamanı “Azərsu” ASC-nin tikinti departamentinin rəisi Səid Salayevlə sakinlər arasında maraqlı dialoqlar yaşandı. Bu dialoqlar isə vəziyyətin daha da gərginləşməsinə, sakinlərin aqressivləşməsinə səbəb oldu.

“23 ildir ki, su gəlmir. Ona görə iy gəlir”

S.Salayev sakinlərin biri ilə danışığında ondan iy gəlməsini irad tutaraq, aralı dayanmasını tələb etdi. Sakinlər isə bunu ironiya ilə cavab verdi: “23 ildir ki, su gəlmir. Ona görə də iy gəlir”.

“Azərsu” rəsmisi başqa bir sakinlə söhbəti zamanı ondan siqareti yerə atıb, sonra danışmağı tələb etdi. Qəsəbə sakininin cavabı isə belə oldu: “Niyə atmalıyam? Mənə siqaret almısan ki..?”

Qəsəbə sakinlərinin narazılığı və qeyd edilən problemin nə zaman həll edilməsi ilə bağlı S.Salayev  musavat.com-a açıqlama verib: “Şəbəkənin çəkilməsi məsələsi hələ ki, dayanıb. Yalnız kollektorlar qoyulacaq, sayğaclar quraşdırılacaq və insanlar öz hesablarına müvəqqəti olaraq xətləri çəkəcək. Vəsait olandan sonra sakinlərin çəkdiyi xətlər dağıdılacaq və yenidən çəkiləcək. Bu, bir ilə də, iki ilə də ola bilər”. 

S.Salayev imkansız ailələrə su xətlərinin çəkilməsi üçün kömək edəcəklərini də deyib.
 
Sonda qəsəbə sakinləri verilən sözlərə inanmadıqlarını, illərdir ki, suya həsrət qalan Zığın bu dərdən xilas olması üçün lazımi vəsaitin ayrıldığını, lakin bu işi görməli olan qurumların bunu icra etmədiyini dedilər.

İlkin Muradov,
Musavat.com
Fotolar və video müəllifindir 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR